"Az bir qisim polisin hərəkətlərini doğru hesab edir"
Elşad Musayev: "Çox qısa müddətdə, ani olaraq ölkənin xaosa, qarşıdurma meydanına çevrilə bilmə təhlükəsi var"
"Az bir qisim polisin hərəkətlərini doğru hesab edir. Çoxluq polisin üstünə zibil atılmasının yanlış olduğunu söyləməklə polisin qoşun halında binanı mühasirəyə almasını, çoxluq halında icazəsiz mənzillərə daxil olmasını, şübhəli şəxsləri həbs etmə formasını, kobudluğunu və uşaqların gözü önündə adamları alt paltarında həbs edərək aparmasını qəbul etmir və sərt tənqid edir. Doğru edir".
Versus.Az xəbər verir ki, bunu həftəsonu qapalı karantin zamanı polis-vətəndaş qarşıdurması ilə bağlı məsələyə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Partiya sədri vurğulayıb ki, polis haqqında qanunun 23, 24 və 25-ci maddələrində polisin hansı halda şəxsi mənzilə girməsinə aydınlıq gətirilir. Polisin məhkəmə qərarından başqa bir sıra hallarda şəxsin mənzil hüquqununun məhdudlaşdırılmasına və mənzildə yaşayanların iradəsinin ziddinə olaraq mənzilə daxil olmasına icazə verilən müddəalar var:
"Amma hüquqşünasların əksəriyyəti mövcud halın bu müddüalara uyğun gəlmədiyini əsas gətirməklə polisin bu formada icazəsiz mənzillərə daxil olmasını qanunsuz hesab edir. Hadisələrin gedişində polisin qanunun hansı maddəsinə əsasən hərəkət etdiyini əsaslandıracağı da çox maraqla gözlənilir".
E.Musayev hesab edir ki, nəzərdən qaçan cox ciddi amil var. Onun sözlərinə görə, bu, çox qısa müddətdə, ani olaraq ölkənin xaosa, qarşıdurma meydanına çevrilə bilmə təhlükəsidir:
"Bir nəfərin karantin rejimini pozması və qaçmağa cəhd etməsi ilə başlanan adi bir hadisənin ölkədə nəyə səbəb olduğunu tək biz yox, bütün dünya gördü və Azərbaycanın imicinə xeyir gətirmədi. Nəzərə alsaq ki, Tunisdə başlanan və ərəb ölkələrinin əksəriyyətinə yayılan "Ərəb baharı" sadə bir tunislinin özünü bazarda yandırması ilə başlamışdı. Elə bu yaxınlarda Amerikada polisin aşırı güc tətbiq etməsi nəticəsində bir zəncinin öldürülməsi də nəinki ABŞ-da bir sıra başqa ölkələrdə də ciddi qarşıdurmalara, xaosa səbəb olmuşdu.
Odur ki, hakimiyyət bundan nəticə çıxartmalı, hər kəs də hərəkətlərinə çəki-düzən verməlidir".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”