Təkrar parlament seçkiləri nə vaxt keçiriləcək?
“Nəticələrin ləğv olunduğu dairələrdə təkrar parlament seçkilərinin keçirilməsi koronavirus pandemiyasına görə gecikir”.
Versus.Az xəbər verir ki, bunu deputatı olmayan dairələrdə təkrar seçkilərin keçirilməsi qaydaları haqqında danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
O qeyd edib ki, Milli Məclisə seçkilər yekunlaşdıqdan bir neçə ay sonra nəticələri ləğv edilən dairələrdə təkrar seçkilər keçirilməli idi:
“Bu seçkilərin təyin edilməsi ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilməlidir. Rusiyada iyul ayının 1-nə elektron səsvermə ilə referendum təyin edilib. Mənə belə gəlir ki, Azərbaycan seçiciləri elektron səsverməyə maraqlı deyillər. Həmçinin elektron səsvermə təyin etmək üçün vətəndaşların texniki imkanlarını, internetə çıxışlarının əlverişliliyini də nəzərə almaq lazımdır. Çünki boş qalan dairələrin tərkibində ucqar kəndlər, internetə çıxışı o qədər də əlverişli olmayan, kompütersiz vətəndaşlar da yaşayırlar. Onlar səsvermə hüququnu təmin etmək üçün ciddi iş görülməsinə ehtiyac olacaq. Bütün bunları nəzərə alaraq, elektron səsvermənin o qədər də əlverişli olmadığını düşünürəm.
Hər bir halda Milli Məclis fəaliyyətini davam etdirir. Deputatı olmayan dörd dairənin əhalisinin də Milli Məclisdə təmsil olunmaq hüququ var. Bu səbəbdən pandemiyadan sonra əlverişli imkan formalaşdığı ən qısa zamanda həmin dairələrdə seçkilərin keçirilməsi məqsədəuyğundur”.
Qeyd edək ki, 33 saylı Xətai I, 35 saylı Xətai III, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin VI Çağırış Milli Məclisdə təmsilçisi yoxdur. /modern.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”