"Hətta iqtidarın kəskin tənqidindən sonra..."
Elşad Musayev: “Bizim müxalifətin əksəriyyəti, xüsusən də özünü Avropanın, Qərbin uşağı kimi aparanlar qətiyyən səsini çıxartmadı”
Dağlıq Qarabağ separatçı rejiminin işğal altında qalan ərazilərdə keçirdiyi məlum “seçkilər” və Şuşada “inaqurasiya” mərasiminin təşkili ölkə ictimaiyyəti tərəfindən sosial şəbəkələrdə tənqidlə qarşılansa da, özünü “güclü” müxalifət sayan siyasi partiyaların beynəlxalq təşkilatları qıcıqlandıran reaksiyası hələ də görünmür. Bir çox siyasi partiyalar beynəlxalq təşkilatlar qarşısında Qarabağın işğalına son qoyulması tələbi ilə çıxışlar etməyə sanki əhəmiyyətsiz bir iş kimi yanaşır. Halbu ki, Avropa Şurası ermənilərin Şuşada etdiyi oyunlarla bağlı heç bir münasibət bildirmədi. O zaman siyasi partiyalar niyə susur?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, onlar adətən bu cür "seçki"-lərdən sonra ölkələrin, beynəlxalq təşkilatların mövqeyini öyrənməyə çalışırlar. Əksər hallarda bu təşkilatlar nəticələri tanımadıqlarını bildirirlər. Lakin beynəlxalq qurumlar sırasında Avropa Şurası və onun Parlament Assambleyası bu qondarma "seçki"lərlə bağlı heç bir mövqe bildirməyib. Avropa Şurası məsələlərə ikili standartlardan yanaşdığını nümayiş etdirib.
Partiya sədri bildirib ki, bizim müxalifətin, xüsusən də özünü Avropanın, Qərbin “uşağı” kimi aparan hissəsi qətiyyən səsini çıxartmadı:
“Özgə vaxt az qala Avropa Şurası adından danışanlar, ərkəsöyün uşaqlar kimi şərt qoymağa çalışanlar bu məsələdə ortaya mövqe qoya bilmədilər. Diğər hissə isə münasibətləri korlamamaq səbəbilə səsini çıxara bilmədi”.
E.Musayev hesab edir ki, buna baxmayaraq həm bu məsələ, həm də ermənilər tərəfindən girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi istiqamətində Avropa Şurasına qarşı Prezident İlham Əliyevin mövqeyi daha obyektiv və kəskin oldu:
“Prezident Tərtər rayonundakı çıxışında qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi "saxta" seçkilərin nəticələrinin əksər beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı halda Avropa Şurasının səssiz, mövqesiz qalmasını sərt surətdə tənqid etdi. Nəzərə alaq ki, müxalifətdə olub tənqid etmək daha rahatdır və bizim özünü müxalifət adlandıran kəsimin hər hansı bir hissəsinin Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyən hansısa beynəlxalq təşkilata, dövlətə etiraz etməməsi təəssüf və ciddi suallar döğurur. Hətta iqtidarın kəskin tənqidindən və bununla bağlı sualların ortaya çıxacağından sonra səssizlik hökm sürürsə, artıq burada suala belə yer yoxdur”.
LƏMAN
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”