Bunun yalnız bir alternativi var: Müharibə
Qənirə Paşayeva: "Bu çağırışlar işğalın bitməsinə gətirib çıxaranadək inkişaf etməlidir"
"Bu bəyanat təqdirəlayiq hadisədir. Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış var".
Versus.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı yaydığı birgə bəyanata münasibət bildirərkən deyib.
O deyib ki, Avropa Parlamentinin istər bizim aid olduğumuz coğrafiyada sülh və təhlükəsizliklə bağlı, istərsə də biləvasitə Azərbaycanla, yaxud bizim maraq dairəmizdə olan mövzularda əvvəllər də qərarları olub:
“Hesab edirəm ki, çox mühüm beynəlxalq platforma kimi, qitənin nüfuzlu orqanı kimi Avropa Parlamentinin adından səsləndirilmiş hər hansı mövqe təsadüfi sayıla bilməz və nəticələr çıxarmaq – daha təsirli bəyanatlara, qərarlara nail olmaq üçün stimul yaradır. Bu, bir tərəfdən respublikamızın haqlı mövqeyinin Avropa Parlamenti üslubunda təsbiti, həm də diplomatlarımızın özünəməxsus səylərinin ifadəsidir. Əlbəttə, düşünülmüş, çağdaş xarici siyasət kursumuzu, bu kursun müəyyənləşdiricisi olan cənab Prezidentin titanik səylərini minnətdarlıqla qeyd etməliyik. Biz böyük bir məsələnin, Ermənistan işğalının və işğaldan irəli gələn problemlərin bir bəyanatla həll olunmadığını başa düşürük, lakin hər belə bəyanatın, haqlı mövqenin, beynəlxalq çağırışın düşmənə zərbə olduğunu da deməliyik”.
Millət vəkili qeyd edib ki, bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə, sərhədlərin toxunulmazlığı prinsipinə vurğu edilməsi, danışıqlara dair öhdəlikləri gücləndirməyə çağırışın əks olunması diqqətdən qaçmamlıdır:
“Yeni yol infrastrukturunun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alındığının ifadə edilməsi, özəlliklə, Dağlıq Qarabağ və ətraf rayonların işğalını simvolik olaraq əhatə edə biləcəyinin, bir sözlə, beynəlxalq hüququn pozulduğunun vurğulanması yetərincə ciddi mövqedir. Bu çağırışlar qanunsuz məskunlaşmanın, qanunsuz yolların, tikililərin dayandırılmasına, nəticədə işğalın bitməsinə gətirib çıxaranadək inkişaf etməlidir.
Avropada, sülhyaratma mandatına sahib qurumlarda, ilk növbədə Ermənistanın özündə anlamalıdırlar ki, sülh çağırışlarına qulaq asmamaq, beynəlxalq çağırışların məntiqi sonluğa bağlanmaması tək bir alternativə aparır: o alternativin adı müharibədir”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”