İqbal Ağazadə: "Sərt karantin rejimini bu şəkildə tətbiq etməkdənsə, biz sizə bir model təklif edirik"
"Sərtləşdirilmiş karantin qaydalarını fərqli qaydada həyata keçirin. İnsanları evə qapatmaq çıxış yolu deyil, məntiqli də görünmür".
Versus.Az xəbər verir ki, bunu cümə günü "Reaksiya Tv"nin efirindən Operativ Qərargaha və Baş nazirə müraciətində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Partiya sədri müraciətində deyib:
"Operativ Qərargahın hörmətli rəhbərliyi, cənab Baş Nazir!
Sərt karantin rejimini bu şəkildə tətbiq etməkdənsə, biz sizə bir model təklif edirik. O model üzərində sərt karantin rejimini tətbiq edib həm insanların dincliyinə mane olmazsınız, insanlar əsəb keçirməz, həm də tətbiq edilən karantin rejiminin tələbləri pozulmaz".
İ.Ağazadənin fikrincə, şənbə və bazar günləri – iki gün ərzində karantin rejimi sərtləşdirildiyi müddətdə ictimai nəqliyyat, parklar, bulvarlar, Bakının mərkəzi meydanları, çimərliklər bağlı olmalı, insanların o yerlərdə toplanmağına icazə verilməməli, yalnız mini marketlər, apteklər çalışmalıdır:
"Beləliklə də insanların küçəyə çıxışına maneə yaradılmamaqla yanaşı sərbəst toplaşacaqları məkanlar qapalı olacaq və onlar sıx toplaşa bilməyəcəklər. Ona görə də bu şəkildə qərar qəbul etməklə sərt karantin rejimində daha optimal yolları seçə bilərsiniz.
Əgər avtobus, metro, taksilər işləməyəcəksə, ticarət mərkəzləri, parklar, bulvarlar, mərkəzi meydanlar, hipermarketlər, supermarketlər qapalı olacaqsa, insanlar küçədə gəzməyəcək, yaşadıqları binanın qarşısında isə sıxlıq yaratmayacaqlar. Olsa, olsa 3-5 nəfər çıxacaq, o 3-5 nəfər onsuz da hər gün ehtiyacları üçün həyətə çıxırlar.
Bazar ertəsi çıxdı, ya şənbə çıxdı, bunun heç bir fərqi yoxdur. Ona görə də bu təklif ən optimal təklifdir.
Ola bilər ki, bu təklifi biz müxalifətin verdiyi üçün qəbul etməyəsiniz, amma gerçək olan budur. Bu təklifi sərt karantin rejimi kimi dəyərləndirsəniz, tətbiq etsəniz, insanların da bu isti yay günlərində əsəbləri gərilməz, havasız şəkildə dar bina mənzillərində oturmazlar".
LƏMAN
Versus.Az