"Ermənistan həyasız iddialarını və əməllərini davam etdirməkdədir"
Elşad Musayev: "Düşmən Azərbaycan ordusunun qüdrətini görməli, Azərbaycan əsgərinin ayaq səslərini eşitməlidir"
"Ermənistanda son dövrlər baş verən hadisələr, ümumi iqtisadi-siyasi durum, beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münasibətlərinə sərgilədiyi mövqe bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ölkədəki hərtərəfli böhrana, siyasi qüvvələrarası gərginliyə, pandemiyanın tüğyan etməsinə baxmayaraq Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Əksinə, həyasız iddialarını və əməllərini davam etdirməkdədir. Ermənistan rəhbərliyi Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək üçüncü avtomobil yolunun inşasına başlayacaqlarını bəyan etdi. Bu yeni yol Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonu ilə Dağlıq Qarabağın Hadrut rayonunu birləşdirməyi nəzərdə tutur".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Partiya sədri xatırladıb ki, Avropa Şurası Dağlıq Qarabağda ermənilərin keçirdikləri qondarma "seçki"lərə heç bir münasibət bildirməməklə, laqeyd qalmaqla işğalçı ermənilərə qarşı münasibətdə faktiki ədalətsiz mövqe sərgiləmişdir:
"Təəssüflər olsun ki, Azərbaycandakı siyasi qüvvələrin əksəriyyəti Avropa Şurası ilə münasibətləri korlamamaq xatirinə bu məsələdə susmağa üstünlük verdilər və qorxaq mövqe sərgilədilər. Ermənilərin üçüncü yol planlarına qarşı Avropa Parlamentinin sərgilədiyi ədalətli mövqe isə təqdir olunmalıdır. Belə ki,Parlamentin Azərbaycan üzrə məruzəçisi Zavko, Ermənistan üzrə məruzəçisi Basesku, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand Ermənistanı Azərbaycanın işğal altındakı əraziləri ilə birləşdirəcək yeni avtomobil yolunun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar. Biz, Ermənistana qarşı bütün cəbhələrdə, o cümlədən də, xarici siyasətdə və beynəlxalq təşkilatlar çərçivəsində üstünlük qazanmaq məcburiyyətindəyik, həm də Azərbaycana qarşı ədalətli, ədalətsiz mövqe sərgiləyən hər kəsin də qiymətini verməyi bacarmalıyıq".
E.Musayev bildirib ki, Ermənistan daxilində hökumətin koronavirus pandemiyasına qarşı mübarizədə çarəsiz qaldığı Ümumdünya Səhiyyə Təşkilatının verdiyi rəsmi göstəricilərdən də aydın görünür:
"Baş nazir Nikol Paşinyanın populist bəyanatlarına və davranışlarına baxmayaraq ona qarşı müxalif cəbhənin daha da genişləndiyi və hərəkətə keçdiyi açıq hiss olunur. Yaxınlarda Ermənistan ordusunun Baş Qərərgah rəisinin, Milli Təhlükəsizlik Xidmətinin direktorunun və Polis rəisinin eyni gündə istefa vermələri və istefaların qəbul olunması da təsadüfi hadisə sayıla bilməz, əksinə münasibətlərin gərginləşməsinin nəticəsi kimi qəbul olunmalıdır. Bütün bunlar onu göstərir ki, düşmənin çoxlu problemləri var, siyasi qüvvələrarası münasibətlər çox gərgindir, ölkə həm siyasi-iqtisadi-sosial və pandemiya böhranı şəraitindədir. Biz, Azərbaycan dövləti olaraq Ermənistanın mövcud vəziyyətini nəzərə alaraq daha qərarlı olmalı, düşmənin hər bir addımına layiqli cavab verməliyik. Düşmənə güzəştə getdikcə onun iddialarının sayı artır. Bizim güzəştə getməyə, geri çəkilməyə yerimiz yoxdur. Əksinə, həm cəbhə bölgəsində, həm informasiya sahəsində, həm də diplomatiya müstəvisində hücum xəttində olmağı bacarmalıyıq. Nəhayət, düşmən Azərbaycan ordusunun qüdrətini görməli, Azərbaycan əsgərinin ayaq səslərini eşitməlidir".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”