"Biri Ermənistanın “ikili standart”lar siyasətini pisləyir, digəri isə..."

14:55 16-06-2020 | icon 495 | Siyasət
"Biri Ermənistanın “ikili standart”lar siyasətini pisləyir, digəri isə..."

Əlisahib Hüseynov: "Haqqın və haqlı tərəfin – Azərbaycanın yanında durmağın zamanı gəlib çatıb"

 

"Zənnimcə, iyun ayı bütün ermənilərin yaddaşında Avropa Parlamenti tərəfindən Ermənistana vurulan “tərs şillə” ilə yadda qalacaq. Belə ki, 10 iyun 2020-ci il tarixdə Avropanın siyası mərkəzində - Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Yelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılığını təsdiqləyən və Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq üçüncü magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayması Qarabağ münaqişəsinin tənzimləməsi prosesində həqiqətən də tarixi hadisədir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri qeyd edib ki, Avropa Parlamentinin bu addımı münaqişəyə ənənəvi münasibəti kardinal şəkildə dəyişir. Maraqlıdır, məruzəçiləri bu addımı atmağa kim və ya nə vadar edib?
 
Ə.Hüseynovun fikrincə, heç şübhəsiz ki, məruzəçilərin bu addımı atmalarının kökündə Ermənistanın qeyri-konstruktiv davranışları, təxribatçı siyasət yürütməsi faktoru dayanır:
 
"Birgə bəyanatı imzalayan avrokomissarlar da hiss edirlər ki, Ermənistanın sözü ilə əməli üst-üstə düşmür və bu ölkənin rəhbərliyi Qarabağ məsələsində ikibaşlı siyasət yürüdür. Paşinyan və onun müdafiə və xarici işlər nazirləri tez-tez verdikləri bəyanatlarında sülh istədiklərini desələr də, lakin digər tərəfdən isə Ermənistan silahlı qüvvələri istər təmas xəttində, istərsə də Azərbaycan-Ermənistan sərhəd məntəqələrində mütəmadi olaraq təxribatlar törətməyə, atəşkəsi pozmağa davam edirlər. Eyni zamanda bu ilin mart və may aylarında bilavasitə Paşinyanın “xeyir-dua”sı ilə Dağlıq Qarabağda qondarma “seçki”lərin və “inauqurasiya” mərasiminin keçirilməsi də kifayət qədər ciddi təxribatdır. Özü də bu təxribat təkcə Azərbaycana qarşı deyil, həm də bütövlükdə dünya birliyinə qarşı təxribat və təhdiddir. Çünki sözügedən “seçki”lər və “andiçmə” koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir məqamda həyata keçirildi. Yəni ki, Paşinyan və Dağlıq Qarabağdakı terrorçu qruplaşma nə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), nədəki BMT rəhbərliyinin çağırış və tələblərinə ciddi yanaşmadı. Avropa Parlamentinin rəsmiləri də bütün bunları görür. Ermənistanın və onun himayə etdiyi terrorçu rejimin qızışdırıcı, təxribatçı hərəkətləri Avroparlamentin məruzəçilərinin gözləri önündə baş verir.
Bu məruzəçilər təcrübəli siyasət adamları və peşəkar diplomatlardır. Onları aldatmaq mümkün deyil. Həm atəşkəsin tez-tez pozulması, həm pandemiya şəraitində “seçki” və “inauqurasiya”nın keçirilməsi, həm də üçüncü yolun çəkilməsi faktı Avroparlamentin məruzəçilərinə onu deyir ki, Ermənistan rəhbərliyinin şablon bəyanatlarına inanmaq olmaz. Gün kimi aydındır ki, rəsmi İrəvan “ikili standartlar” siyasəti yürüdür, oyun oynayır. Bu isə Avropanın periferiyasında müharibənin yenidən başlanması təhlükəsini artırır. Ermənistanın bu cür avantürist, təxribatçı hərəkətləri Azərbayanı müharibəyə təhrik edir. Avropa Parlamenti isə münaqişənin yenidən alovlanmasının təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün hansı risklərə və problemlərə yol aça biləcəyini yaxşı başa düşür. Məhz buna görə də Avropa Parlamenti qəbul etdiyi sözügedən bəyanatla Ermənistan rəhbərliyini sağlam düşüncəyə dəvət edir, onu qızışdırıcı hərəkətlərə son qoymağa və səmimi danışıqlara başlamağa çağırır. Tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının əsas ünvanının da heç şübhəsiz ki, Ermənistan olduğu sözügedən birgə bəyanatda açıq mətnlə qeyd olunub".
 
 
DADP sədri qeyd edib ki, Ermənistanın işğalçı siyasəti və onun Dağlıq Qarabağda müxtəlif destruktiv fəaliyyətlərə himayədarlıq etməsi indiyə qədər ən müxtəlif beynəlxalq sənədlərdə bu və ya digər şəkildə qeyd olunub. Lakin Avropa Parlamentinin 10 iyun tarixli birgə bəyanatı isə istər rəsmi İrəvan, istərsə də erməni ictimaiyyəti üçün sözün əsl mənasında “soyuq duş” olub:
 
"Çünki onlar əsasən siyasi məsələlərlə məşğul olan, hərbi münaqişlərə münasibət bildirməkdən çəkinən Avropa Parlamentindən bu qədər sərt bəyanat gözləmirdilər. Özü də bəyanatın altında birdən-birə üç nüfuzlu şəxsin imzasının yer alması bəyanatın təsir gücünü lap artırdı. Düzdür, Ermənistan hakimiyyəti Avropa Parlamentinin bu bəyanatının əhəmiyyətsiz bir sənəd olduğunu iddia edir. Ermənistan tərəfinin belə bir reaksiyası gözlənilən idi. Paşinyanın və onun komandasının necə deyərlər, cızdağını çıxaran bu bəyanatı onlar öpüb gözlərinin üstünə qoyası və bu bəyanata imza atan məruzəçilərə təşəkkür edəsi deyildilər ki. Ermənistan iqtidarı da o qədər anlayışlı və xoşgörülü iqtidar da deyil ki, məruzəçilər də onlardan bu cür centlmensayağı davranış sərgiləmələrini gözləmiş olsunlar".
 
 
Ə.Hüseynov diqqəti son vaxtlar Avropa İttifaqının dövlətlərin ərazi bütövlüyü prinsipinə prioritet kimi yanaşmağa başlaması ümumiyyətlə, Ermənistanı çox qıcıqlandırmasına çəkib:
 
"Bu da təbiidir. Çünki Avroparlamentin bu mövqeyi rəsmi İrəvanın önəm verdiyi millətlərin öz müqəddəratını təyinetmə prinsipinin üzərindən avtomatik olaraq xətt çəkir. Bu isə öz növbəsində Dağlıq Qarabağda yuva salmış bir ovuc separatçı, terrorçu erməniləri öz qondarma rejimlərini müstəqil ölkə kimi elan etmək imkanlarından məhrum edir. Ermənilərin və xüsusən də Paşinyanın Avropa Parlamentinin məruzəçilərinin birgə bəyanatına bu cür kəskin reaksiya verməsi də ilk növbədə məhz bundan qaynaqlanır. Onlar Avropa Parlamenti kimi mötəbər bir qurumun münaqişənin həllinin əsas şərti kimi məhz Azərbaycanın ərazi bütövlüyünü önə çəkməsini və Ermənistanın işğalçı siyasətindən narahatlıq ifadə etməsini heç cürə həzm edə bilmirlər. Bu, doğrudan da ermənilərin üzünə vurulmuş ağır tərs şillədir.
 
Bu bəyanat eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğur göstəricisidir. Biz məruzəçilərin birgə bəyanatına bu rakursdan baxmalıyıq. Birgə bəyanat məhz Avropa Parlamenti ilə Azərbaycan arasında uzun müddət ərzində aparılan uğurlu və səmərəli əməkdaşlığın məntiqi nəticəsidir. Azərbaycanın diplomatik müstəvidə xüsusi fəallıq nümayiş etdirməsi artıq gözlənilən nəticələri verir. Odur ki, nüfuzlu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın tutduğu haqlı mövqeyini bundan sonra da müdafiə edəcəklərinə tam şəkildə əminik. Çox istərdik ki, Azərbaycanın ərazi bütövlüyünün təsdiq edildiyi, Ermənistanın işğalçılıq siyasətinin isə xüsusilə pislənildiyi sözügedən bəyanat Avropa Şurası və onun təsisatları üçün də müsbət örnək olsun. Avropa Şurasının məruzəçilərinin Avropa Parlamentinin məruzəçilərindən dərs almaları, nümunə götürmələri heç də pis olmazdı. Adi inzibati xətalara görə, karantin rejimini pozduğuna görə bəzi şəxslərin həbs olunmasına dərhal reaksiya verən, bəyanat dalınca bəyanat səsləndirən Avropa Şurasının Parlament Assambleyası Ermənistanın havadarlığı altında Dağlıq Qarabağda “seçki” şousunun, “inauqurasiya” məzhəkəsinin təşkil edilməsini, pandemiya ilə mübarizə şərtlərinin kobud surətdə pozulması faktını isə nədənsə, görməzdən gəlir".
 
 
"Avropa Parlamenti ilə Avropa Şurasının Ermənistanın ikibaşlı siyasətinə münasibətindəki diametral fərq göz qabağındadır" deyən DADP sədri bildirib ki, biri Ermənistanın “ikili standart”lar siyasətini pisləyir, digəri isə elə Ermənistanın özü kimi “ikili standart”lar siyasəti yürüdür:
 
"Avropa Şurası Avropa dəyərləri ilə deyil, erməni “dəyər”ləri ilə hərəkət edir. Amma Avropa Şurasının bu cür ermənipərəst siyasəti gec ya tez “bumeranq effekti” verəcək və onun özünə qarşı çevriləcək. Biz buna əminik. Biz eyni zamanda ümid edirik ki, Avropa Parlamentinin məruzəçilərinin birgə bəyanatı ATƏT-in Minsk qurupunun həmsədrləri üçün də yaxşı mənada presedent rolunu oynayacaq. Çünki münaqişənin həlli ilə birbaşa məşğul olan qurum məhz ATƏT-in Minsk qrupudur. Lakin təəssüflər olsun ki, biz indiyə qədər heç vaxt Minsk qrupunun üç həmsədrinin Avropa Parlamentinin üç məruzəçisi kimi prinsipial mövqe nümayiş etdirməsinin, işğalçını öz adıyla çağırmasının şahidi olmamışıq. Budur, ilk və həlledici addım Avropa Parlamentindən gəldi. Məruzəçilər işğalçı Ermənistana öz sözlərini dedilər. İndi də estafeti Minsk qrupunun həmsədrləri davam etdirməlidirlər. Haqqın və haqlı tərəfin – Azərbaycanın yanında durmağın zamanı gəlib çatıb".
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr