“Bu, Azərbaycana münasibətdə yeni baxış formalaşdıracaq”

20:51 29-06-2020 | icon 821 | Siyasət
“Bu, Azərbaycana münasibətdə yeni baxış formalaşdıracaq”

“Azərbaycan beynəlxalq, humanitar karvanı ardınca aparan bir lokomotivə çevrildiyini göstərdi”

 

Bəşəriyyət üçün qlobal təhlükəyə çevrilən Pandemiya, dünya dövlətlərinin öz gücünü bir daha səfərbər etməsi zərurətini meydana çıxarıb. Məhz belə bir ərəfədə Azərbaycanın təşəbbüsü növbəti dəfə ələ alaraq güc dövlətlərini birgə mübarizəyə səsləməsi dövrün tələbinə uyğun olaraq özünün aktuallığı ilə diqqət çəkir.

 

Prezidnt İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi birmənalı olaraq Azərbaycanın beynəlxalq rakusda pandemiyaya qarşı mübarizədə iştirakçılığının ciddiliyini, əhəmiyyətini ortaya qoyur. Ekspertlər bu təşəbbüsü təhlil edərək, belə bir təşəbbüsün 130 dövlət tərəfindən dəstək almasını beynəlxalq aləmin Azərbaycana münasibətində müsbət dəyişiklik kimi qeyd edir. Torpaqları işğal altında qalan və bu gün Covid-19 pandemiyası ilə paralel erməni virusuna qarşı mübarizə aparan Azərbaycanın məlum sessiyada diqqəti Dağlıq Qarabağın işğaldan azad olunması prosesinə yönəldərək bunun beynəlxalq təşkilatların mövqeyinə hansı təsirlərini göstərə biləcəyi də müzakirə predmeti olaraq qalır.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı şərh verən millət vəkili və politoloqlar diqqəti bu aspektdə ortaya çıxan mühüm məqamlara yönəldiblər.

 

“Azərbaycan dövlətinin diplomatiyasının növbəti qələbəsi artıq görünür”

 

Millət vəkili Bəhruz Məhərrəmov BMT Baş Assambleyasının nəzərdə tutulan xüsusi sessiyasının çağırılmasını Azərbaycan diplomatiyasının uğuru kimi qeyd edib.

 

Millət vəkili bildirib ki, xüsusi sammitin keçirilməsi məsələsi hələ may ayının 4-də Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş konfransda qaldırılıb:

“Bu həm texniki formatına, həm də əhatə etdiyi məsələlər baxımından ayrı-ayrı dövlətlərin ümumdünya, bəşəri  maraqlarını əhatə edən ilk tədbir idi. Həmin görüşdə cənab Prezident çıxış edərkən təklif etdi ki, BMT Baş Assembleyasının dövlət və hökumət başçıları səviyyəsində konfrans keçirilsin. BMT-nin daxili proseduruna əsasən müvafiq sənədləşmə, təkliflərin uyğunlaşdırılması yekunlaşandan sonra BMT-nin baş katibi dünya dövlətlərinə müraciət edərək, üzv dövlətlədən 30 gün müddətində bu təşəbbüsə səs verib-verməyəcəyini, kimin qatılıb-qatılmayacağını aydınlaşdırmasını xahiş etdi. Nəticədə 97 səs əvəzinə,  təşəbbüsə 130 dövlətdən dəstək gəldi”.

 

B.Məhərrəmov bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq dünya dövlətləri bütün dünyanın maraqlarını əhatə edən məsələ ətrafında birləşib, xüsusi sessiyada iştirak edəcəklər.

 

Millət vəkili hesab edir ki, bu, Azərbaycanın sözün əsl mənasında qlobal mübarizədəki liderlik iddialarını və liderlik qabiliyyətini ortaya qoydu: 

“Bununla da Azərbaycan beynəlxalq, humanitar karvanı ardınca aparan bir lokomotivə çevrildiyini göstərdi. Bu, post-pandemiya dövründə Azərbaycanın artan nüfuzundan və bu bəla ilə mübarizədə müstəsna rolunun olmasından, qlobal səyləri birləşdirilməyə nail olmasından xəbər verir”.

 

B.Məhərrəmov hesab edir ki, bu sessiya Azərbaycana özünü tanıtması üçün böyük bir platformadır:

“Azərbaycan gənc dövlətdir və dünya ictimaiyyəti Azərbaycanla bağlı hələ tam əsaslı məlumatlara malik deyil. Bu boşluqdan erməni diasporası daim istifadə edib və etməkdədir. Lakin pandemiya dövründə bu qlobal çağırışlar zamanı Azərbaycanın liderlik missiyasını ortaya qoyması, dünya dövlətlərini qlobal bəla ətrafında birləşdirərək BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına nail olması, əslində Azərbaycana münasibətdə yeni baxış formalaşdıracaq.  Əslində bu baxış formalaşma prosesinə çoxdan başlayıb. Bilirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü, bundan əvvəl Qoşulmama Hərəkatının təmas görüşündə kifayət qədər dövlət təmsil olunurdu.  Bütün bunlar Azərbaycana münasibətdə yeni yanaşmaları meydana çıxartdı. Təsəvvür edin, Avropa İttifaqı artıq Azərbaycanın güc tətbiqi imkanını tanıdığını bəyan edib. Bunlar Azərbaycan üçün çox əhəmiyyətli və yeni bir haldır. Əlbəttə ki, bundan sonra dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair haqlı mövqeyi ilə bağlı fikirlərinə daha çox önəm verəcək. Və bu məqamda hesab edirəm ki, Azərbaycan öz haqlı mövqeyini ərazi bütövlüyünün təmin olunması, eyni zamanda BMT qətnamələrinin icraya yönəlməsi ilə bağlı tələblərini 90-cı illərin kasıb, büdcəsi boş, ordusu pərakəndə zəif Azərbaycanı kimi yox, artıq qlobal dəstəyə malik olan ölkə kimi tələb etmək imkanına malik olacaq”.

 

Millət vəkili bildirib ki, Prezident  Azərbaycan diplomatiyasının qarşısına hücum siyasəti aparmaq vəzifəsi qoyub. Özü də mütəmadi olaraq bu siyasəti birbaşa öz şəxsində tətbiq edir:

“Biz Valday sammitində, Aşqabaddakı görüşdə, Münhendə və bu yaxınlarda Balkda onlayn Videokonfransda etdiyi çıxışlarında Prezidentin Ermənistan rəhbərliyinin yerlə yeksan edildiyini dəfələrlə görmüşük. Və bütün bunların fonunda Azərbaycan  diplomatiyasının mahiyyəti ondan ibarətdir ki, istənilən platformadan səmərəli istifadə olunmalıdır. BMT Baş Asambleyasının dövlət və hökumət başçılarının səviyyəsində keçiriləcək videokonfransın da müvafiq ssesiyasında Azərbaycanın bu platformadan tam və səmərəli istifadə edəcəyini , hücum diplomatityasının yeni bir əsasını qoyacağını biz  görəcəyik. Və bu məsələdə cənab Prezident özü kifayət qədər təcrübəli diplomatdır, əhəmiyyətli manevrlər etmək imkanlarına, təcrübəsinə malik insandır və onun rəhbərliyi altında Azərbaycan dövlətinin diplomatiyasının növbəti qələbəsi artıq görünür”.

 

“Burda dövlət başçısının imici, onun nüfuzu böyük rol oynayır

 

 

Politoloq Fikrət Sadıqov koronavirus pandemiyasının bu gün dünyada bir sıra qlobal itkilərə gətirib çıxardığını, dünyanı sosial-iqtisadi, humanitar problemlər qarşısında qoyduğunu bildirib.

 

Politoloq eyni zamanda Azərbaycanın bu istiqamətdə apardığı sistemli mübarizənin bir çox dövlətlər tərəfindən dəstəklənməsini müsbət dəyərləndirməklə, bunu ölkəmizin getdikcə artan nüfuzu ilə əlaqələndirib:

“Azərbaycanın dövlət başçısı İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü tam mənada BMT dövlətinin dəstəyini qazandı. Bu sessiyada dövlətlər həm öz təcrübələri ilə bölüşə, həm də digər  dövlətlərin təcrübəsindən faydalana bilərlər. Eyni zamanda burda sistemli şəkildə proqram tərtib edilə bilər.  Çünki bu bəlaya qarşı ancaq bigə səylər lazımdır”.

 

Politoloq bildirib ki, bu təşəbbüsün dəstəklənməsində dövlət başçısının imici, onun nüfuzu böyük rol oynayır:

“Başa düşürlər ki, Prezidentin dünya birliyi çərçivəsində oynadığ rol, tutduğu mövqe bir çox dövlətlər tərəfindən dəstəklənir və bu onu göstərir ki, bu sahədə Azərbaycanın təcrübəsi zəngindir. Bu təcrübədən faydalanmaq lazımdır. Biz əməkdaşlıq etməliyik və bu əməkdaşlıq sayəsində hansısa bir nəticə əldə oluna bilər”.

 

Politoloq eyni zamanda bildirib ki, o, xüsusi sessiyanın geosiyasi vəziyyətə xüsusi bir təsir göstərəcəyinə inanmır:

“Amma bir reallıq var ki, bu təşəbbüsü Azərbaycanın dövlət başçısı irəli sürür. Bu da Azərbaycanın nüfuzunun, dünyada tutduğu rolun, mövqeyinin göstəriciləridir. Biz bu təşəbbüsü irəli sürürüksə, pandemiyanı böyük bir təhlükə hesab ediriksə və bununla razılaşırlarsa, deməli Azərbaycanın nüfuzu kifayət qədər yüksəkdir”.

 

F.Sadıqov hesab edir ki, dövlət başçısı bütün çıxışlarında  olduğu kimi, bu sessiyada da Qarabağ məsələsini qaldıracaq:

“İşğal olunmuş torpaqlarda ermənilərin qeyri-qanuni fəaliyyəti, BMT TŞ tərəfindən qəbul olunmuş yerinə yetirilməyən qətnamələr, müxtəlif görüşlərdə də yada salınır. Amma bir məsələ aydın olmalıdır ki, həmin 4 qətnaməni BMT TŞ-nin 5 üzvü qəbul edib. Faktiki olaraq ən iri aparıcı dövlətlər. Bu sessiyada iştiraka isə 130-dan artıq dövlət öz razılığını bildirdi. Onu da qeyd etmək lazımdır ki, bütün sessiyalarda işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyət pislənilib. Amma biz bu məsələni pandemiyaya həsr olunmuş sessiyada yox, məhz Qarabağın işğaldan azad olunmasına dair xüsusi sessiya keçirməklə müzakirəsini təşkil etməliyik. Bu zaman Dağlıq Qarabağda baş verən hadisələr və Ermənistanın işğalçılıq siyasəti və işğal olunmuş torpaqlarda qeyri-qanuni fəaliyyətin müzakirəsi bir nəticə verə bilər”.

 

“Qazandığımız dəstək Azərbaycanın artan rolundan xəbər verir”

 

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi üçün əlində olan bu fürsətdən istifadə edərək, müxtəlif məsələləri BMT-nin müzakirəsinə çıxara bilər.

 

Politoloqun sözlərinə görə, bu, Azərbaycanın bölgədə artan mövqeyindən xəbər verir:

“İndi dünyanı və bəşəriyyəti ən çox narahat edən məsələ məhz epidemiya ilə mübarizədir. Azərbaycan bu məsələni gündəmə çıxarıb daha geniş şəkildə müzakirə etmək istəyir və qazandığımız dəstək Azərbaycanın artan rolundan xəbər verir. Ermənilər qorxurlar ki, Azərbaycan məsələni müzakirəyə çıxarırsa, bu, onun reytinqini daha da artıracaq. Ona görə də öz tərəfdaşları ilə buna mane olmağa çalışırlar”.

 

Politoloq hesab edir ki, maneələrə baxmayaraq Azərbaycan aldığı kifayət qədər dəstəyin sayəsində qaldırdığı məsələləri müzakirəyə çıxara bilər. Hətta müzakirələrin mövzusuna uyğun olaraq müvafiq sənəd və qətnamələr də qəbul oluna bilər.

 

Politoloq bildirib ki, ümumiyyətlə, epidemiya ilə mübarizədə dövlətlərin ayrı-ayrı mübarizə aparmasındansa, bir koordinasiya mərkəzinin yaradılmasına daha çox ehtiyac var:

“İndi hər bir ölkə virusa qarşı peyvənd və dərman tapmağa çalışır. Bu çalışmalar birləşdirilsə, alimlərin birgə fəaliyyəti təmin olunsa, biz hədəfə daha tez çata bilərik. Ona görə də düşünürəm ki, Azərbaycanın təşəbbüslərindən biri də məhz bu olmalıdır. Düzdür, Azərbaycanın təşəbbüsünü bütün Qoşulmama Hərəkatının üzvləri dəstəklədi. Amma bu o demək deyil ki, həmin dözlətlər eyni zamanda Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilərlər. Onların hər biri qətnamələrə, sənədlərə səs verirlər, amma Ermanistana qarşı real mexanizmlər hərəkətə gətirilmir. Çox təəssüf ki, Qoşulmama Hərəkatının üzvləri arasında da Ermənistanla sıx əməkdaşlıq edənlər var, halbu ki, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Ona görə də  düşünmürəm ki, Azərbaycanın pandemiya ilə bağlı təşəbbüsü Dağlıq Qarabağ münaqişəsində də müsbət təsirini göstərsin”. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr