Hafiz Hacıyev: "Bu, uğurlu addımdır və istərdik ki, partiyalarla görüşlər gələcəkdə dialoqa çevrilsin"
“Biz düşünürük ki, bu görüşlər davam etməlidir və nəticəsi olmalıdır. Partiyalarla iş şöbəsi həqiqətən uğurlu bir addım atır və xalqla dövlət arasında uğurlu bir ünsiyyət qurur”.
Versus.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O, hökumətin partiyalarla keçirdiyi görüşlərinin təqdirəlayiq olduğunu bildirib:
“Ölkədə siyasi partiyalarla görüşlər davam edir, yeni partiyaların dövlət qeydiyyatına alınması sanki dayanmışdı və yenidən qeydə almağa başlayıblar. Bu isə çox ümidverici bir haldır. Biz düşünürük ki, bu görüşlər davam etməlidir və nəticəsi olmalıdır. Partiyalarla iş şöbəsi həqiqətən uğurlu bir addım atır və xalqla dövlət arasında uğurlu bir ünsiyyət qurur. Çünki əhalinin əsas hissəsi partiyalarda cəmləşir və partiyalar da xalq deməkdir. Yəni əgər dövlət rəhbərliyi deyirsə ki, ölkədə siyasi dialoqu başlamalıyıq onda partiyaların qeydiyyata alınması, xalqla ünsiyyət qurulması Azərbaycan xalqı üçün müsbət bir haldır. Düşünürəm ki, biz bunu nəyinsə xətinə yox, daha uğurlu modelin tərkib hissəsi kimi görək".
H.Hacıyev bu görüşlərin gələcəkdə dövlət başçısıyla baş tutmasının da arzuolunan olduğunu vurğulayıb:
"Rayonlardakı partiya şöbələrinin də fəaliyyəti nəzərə alınmalıdır. İstərdim ki, ölkədə söz sahibi olan, insanların şüuruna təsir edən partiyaların daha böyük görüşləri keçirilsin. Bu gün ölkədəki məmur özbaşınalığını, dövlətə edilən xəyanətləri müzakirə etməliyik, çünki bu sahədə biz daha çox məlumatlıyıq. Rayon şöbələrimiz bizə bununla bağlı kifayət qədər məlumatlar verirlər. Biz Ədalət müəllimin yeni yaranan partiyalarla görüşünü alqışlayırıq və düşünürük ki, bu uğurlu addımdır və davam etməlidir. Biz istərdik ki, partiyalarla görüşlər gələcəkdə dialoqa çevrilsin. Ölkədə partiyalı sistemə keçməliyik, bunu ölkə başçısı da qeyd edib.
Bu günki parlamentin fəaliyyətini görürük, ölkə başçısının təklənməsi prosesi gedir və ölkənin oliqarxları, keçmişdə ölkə başçısının çörək verdiyi insanlar birləşiblər. O adamlar bu günün tələblərinə cavab vermirlər və hamısı da “Qoca”nın adamlarıdır. Həmin adamları milləti qıcıqlandıran addımlar atırlar. Ramiz Mehdiyevin əlaltısı olan adamlar vəzifə başındadılar. Bunların hamısı gedən proseslərə mənfi təsir göstərir və biz istəməzdik ki, belə olsun. Ona görə siyasi dialoq olsaydı, biz bunları faktlarla deyərdik. İstərdik ki, parlament payızda buraxılsın, yenidən seçkilər keçirilsin və xalqın seçdiyi namizədlər parlamentdə olsun. Hazırda dövlətə böyük xəyanətlər olur və bunların kökünü kəsməkdən ötrü dialoqların keçirilməsi vacibdir və bu genişlənməlidir. Düşünürəm ki, bu parlamentdən Azərbaycan dövləti heç bir uğur əldə edə bilməyəcək. Ona görə ki, ordakıların əksəriyyəti bir nəfərin dirijor çubuğuyla oturub-duranlardır və onlar da çox ağıllı və şüurlu şəkildə dövlətə xəyanət edirlər. Rayonların icra başçılarının əlli faizi işləmir, dövlətə xəyanət edir. Bütün bunların hamısı xalq arasında narazılıq yaradır və bunların aradan qaldırılması üçün partiyalarla görüşlər davam etdirilməlidir. Biz partiyalarla iş şöbəsinə əməkdaşlarına buna görə minnətdarlığımızı bildiririk”.
Versus.Az