Sərt karantin avqustdan sonra davam edərsə nə baş verə bilər?
Könül İsmayılova: “Milli Şuranın ölkədə narazılıq yaranması ilə bağlı istəklərinə fürsət verməyək”
Operativ Qərərgahdan avqustun 25-dək sərt karantin rejiminin ləğv ediləcəyinin mümkünlüyü bildirilsə də, eyni zamanda, rayonlara gediş-gəlişin bərpa olunmasının gözlənildiyi deyilsə də, artıq indidən ictimaiyyət arasında əks fikirlər formalaşmağa başlayıb. Ehtimal edilir ki, sərt karantin avqustun 31-dən sonra, yəni sentyabr ayında da davam etdiriləcək.
Artıq sosial şəbəkələrdə də sərt karantinin uzadılması ilə bağlı müzakirələr başlayıb. Müzakirələr əsasən 190 manat ətrafındadır.
Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova məsələylə bağlı Versus.Az-a açıqlamasında bildirdi ki, əgər doğrudan da Operativ Qərargah sərt karantinin avqustun 31-dən sonra da davam etməsiylə bağlı qərar versə, kompensasiya məsələsinə yenidən baxılmalıdır.
Könül İsmayılova bahalaşma olduğu bir vaxtda hökumətin verdiyi kompensasiyanın yetərli olmayacağını vurğulayaraq, karantinin uzadılmayacağına ümid etdiyini dedi:
“Nəzərə alsaq ki, ailədə yalnız bir nəfərə kompensasiya düşür, dolanışığın nə qədər acınacaqlı olduğunu təsəvvür etmək mümkündür. 190 manatla yaşamaq, ailəni dolandırmaq mümkün deyil. Kompensasiya heç olmasa minimum əməkhaqqı həcmində, yəni 250 manatdan az olmasa karantin, pandemiya bitənədək dolanmaq olardı”.
Könül xanım sərt karantinin avqustdan sonra da davam etdiriləcəyi ilə bağlı yaranan fikirləri həm də insanların psixoloji durumu ilə əlaqələndirdi. Bildirdi ki, yarım ildən artıqdır davam edən pandemiya və karantin rejimi, işsizlikdən yaranan imkansızlıq “karantin davam edərsə” narahatlığına, təşvişinə səbəb olub:
“Ən azından insanların dolanışığı qismən də olsa bərpa olunmalıdır. Dövlət işçilər üçün problem yranmaya bilər, amma günəmuzd işləyənlər də nəzərə alınmalıdır. Mən demirəm ki, karantin qaydaları birdən-birə götürülsün, amma yavaş-yavaş yumşaldılmaqla ayın sonunadək ləğv edilsə, insanlar normal həyatlarına davam etsələr narazılıq dalğası artmaz. Axı daxili düşmənlərimiz də belə bir narazılıq dalğasının arzusundadırlar. Milli Şuranın nümayəndələri bunu açıq şəkildə deyir ki, karantinin uzadılması, insanların narazı olması işimizə yarayır. Onlara fürsət verilməməlidir”.
MMP sədr müavini 190 manatın sahiblərinə çatdırılması prosesində də narazılıqların hələ də qaldığını vurğulayıb:
“Yaxşı olmazdımı ki, Hökumət Neft Fondundan konkret olaraq, kompensasiya məqsədilə xüsusi vəsait ayırsın, onun vətəndaşlara çatıdırılmasını yeni metodlarla təmin etsin? Çünki indiyə qədər prosesin həyata keçirilməsi zamanı yol verilən subyektiv yanaşmalar insanları narazı salıb. Ona görə də yeni formada, tam dəyişikliklə bu proses həyata keçirilsə yaxşı olardı. Əks halda, Milli Şura üzvlərinin ölkədə narazılıq dalğasının yaranması ilə bağlı istəkləri gerçəkləşə bilər”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”