Arzuxan Əlizadə: "AMİP-i Azərbaycanın siyasi həyatında olduqca aktiv siyasi təşkilat kimi görəcəklər”
Ötən həftə sonu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XI Qurultayı keçirilib. Videokonfrans şəklində keçirilən qurultayda AMİP-çilər ölkədə hazırkı ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Toplantıda təşkilati məsələlərə baxılıb və Arzuxan Əlizadə partiyanın sədri seçilib. Nizamnaməyə də əlavə və dəyişikliklər edilib. Katiblik institutu ləğv olunaraq yerinə müavinlik yaradılıb. Həmçinin, qurultaylararası dövrdə partiyanın ali orqanı olan Mərkəzi Şuraya, eləcə də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib və tərkib müəyyənləşdirilib. Məlumat üçün bildirək ki, A.Əlizadə partiyada uzun müddət sədri əvəz edib.
Versus.Az xəbər verir ki, həm onlayn qurultay, həm də AMİP-in bundan sonrakı fəaliyyət istiqaməti ilə bağlı “Şərq”ə danışan yeni sədr Arzuxan Əlizadə deyib ki, normal qurultay təşkil etmək, onlayn tədbirdən daha rahat başa gəlir.
Sədrin sözlərinə görə, onlayn qurultay hazırlıqlarına 1 ay əvvəl başlanılmışdı:
“Partiyamız ölkənin bütün rayonlarını əhatə edən strukturlara malikdir. Yerlərdə rayon təşkilatlarımız, fəallarımız var. Əslində qurultay nümayəndələrimiz çoxdan seçilmişdi. Sadəcə, bəlli səbəblərə görə, normal qurultayın keçirilməsi mümkün olmurdu.
Vəziyyət elə gətirdi ki, budəfəki qurultay pandemiya dövrünə düşdü və ilk dəfə belə praktikadan istifadə etdik.
Bir məqamı qeyd edim ki, normal qurultayı təşkil etmək onlayn qurultaydan qat-qat asandır. Adi vaxtda yerlərdəki təşkilatlarla sadəcə bir dəfə əlaqə qurursan, qurultay nümayəndələri ilə danışırsan, yəni hamı öz işini, vəzifəsini bilir. Belə prosesi idarə etmək rahat olur.
Ancaq onlayn qurultayın keçirilməsi texniki baxımdan çətinliklər yaradır. Təəssüflər olsun ki, ölkədə internet çox aşağı səviyyədədir. Hətta regionda ən zəif internet sürəti bizdədir.
Regionlarda isə internetin vəziyyəti daha acınacaqlıdır, bəzi bölgələrdə isə internet xidməti yoxdur, insanlar yeni texnologiyadan istifadə etməyi bacarmırlar. Bütün qurultay nümayəndələrini onlayn birləşdirmək mürəkkəb məsələ idi.
Lakin problemlərin öhdəsindən gələ bildik. Tam məsuliyyətimlə deyirəm ki, AMİP Azərbaycanda ilk dəfə bu miqyasda onlayn qurultay keçirdi. Bu cür qurultay indiyə kimi keçirilməyib”.
A.Əlizadə bildirib ki, qurultay günü internetlə bağlı problemlər yaşanmasın deyə, mərkəzi aparatda əsas monitora üç şəbəkədən internet qoşublar:
“Bir həftə əvvəldən səsvermə prosedurumuz başlanmışdı. Qurultayla bağlı izahlı və məlumat xarakterli video-çarxlar hazırlayaraq bütün nümayəndələrə göndərmişdik.
Qurultayda sədrdən əlavə Mərkəzi Şuranın üzv və namizədləri, eyni zamanda Mərkəzi İntizam Komissiyasının üzvləri də seçildi. Hamısının bülleteni əvvəlcədən hazırlanmışdı. Bütün texniki məsələlər həll edilmişdi.
Qurultay günü təxminən 81 yerdən qoşulanlar oldu. 234 qurultay nümayəndəmizdən 14 nəfəri dünyasını dəyişib. Yerdə qalan 220 nümayəndənin bir-ikisi istisna olmaqla hamısı prosesdə iştirak edə bildi. Qurultayımız 7 saata yaxın davam etdi. Dağlıq Qarabağla, sosial-iqtisadi məsələlərlə, gələcək fəaliyyətlə, regionda baş verən hadisələrlə bağlı qərarlarımız, bəyanatlarımız qəbul edildi. Hesab edirəm ki, çox məhsuldar qurultay təşkil edə bildik”.
Partiya rəhbəri bəyan edib ki, AMİP ilk rəsmi dövlət qeydiyyatından keçmiş partiyadır və bugünədək bir çox ilklərə imza atıb:
“Qurultayda üzərimizə əlavə məsuliyyətlər götürdük. Bir həftə ərzində müxtəlif vəzifələrə təyinatlar olacaq. Partiyamızın Mərkəzi Şurasının onlayn qaydada iclası keçiriləcək.
İclasa 60 Mərkəzi Şura üzvü və bir o qədər də rayon təşkilat sədrlərinin qatılması gözlənilir. Daha sonra Siyasi Şura formalaşacaq, sədrin müavinləri, müşavirlər müəyyən olunacaq.
Qarşımıza məqsəd qoymuşuq ki, ölkədə real siyasi alternativ qüvvə olduğumuzu sübut edək. Yaxın günlərdə AMİP-i Azərbaycanın siyasi həyatında olduqca aktiv fəaliyyət göstərən siyasi təşkilat kimi görəcəklər”.
Versus.Az