Türkiyə-Azərbaycan hərbi-siyasi bloku zəruridir - MÜSAHİBƏ

15:41 18-08-2020 | icon 670 | Siyasət
Türkiyə-Azərbaycan hərbi-siyasi bloku zəruridir - MÜSAHİBƏ

Mayis Səfərli: “Onlar hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq edərlər”

 

Dünyanın düzəni dəyişir və “dəyirman” işlədikcə yeni tələbləri meydana çıxarır. Maraqlı güclər öz iddialarına uyğun olaraq cızdıqları yeni “yol xəritə”lərinə uyğun olaraq hərəkət edirlər. Bəllidir ki, dünyaya ağalıq etmək istəyən güclərin məkirli maraqları dəyişmir və onlar hər zaman ayrı-ayrı dövlətlərin təhlükəsizliyi üçün təhdiddirlər. Bu mənada dövlətlər yeni düzənə əsasən özünün daxili ictimai-siyasi, hərbi-iqtisadi potensialını dəyərləndirib, cərəyan edən proseslərə adekvat addımlar atmağa məcburdur.

 

Qloballaşan dünya düzənində, milli dövltçiliyin qorunması, müdafiəsi zərurəti xüsusilə meydana gəlir. Nə baş verir?

 

Yurddaş Partiyasının sədri Mayis Səfərli Versus.az-a müsahibəsində ölkəmizlə bağlı cərəyan edən maraqlı nüanslara diqqət çəkib.

 

- Mayis müəllim, necə hesab edirsiz, Azərbaycan siyasi səhnəsi dünyada baş verən kataklizmlərə, ictimai-siyasi gərginliklərə adekvat olaraq necə dəyişir. Bu gün siyasi partiyaların hökumətlə əməkdaşlığa dəvət olunması, mövcud dialoq mühiti boşluğu doldura bilirmi?

 

- Azərbaycan demokratik-hüquqi dövlətdir. Belə dövlətlərdə, cəmiyyətlərdə yenilənmə çox vacib şərtlərdəndir. Əslində demokratiya özü dinamik bir prosesdir və zamanın ruhuna uyğun olaraq inkişaf etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra həyata keçirilməsinə start verdiyi geniş miqyaslı islahatlar içərisində siyasi sferadakı keyfiyyət dəyişiklikləri də çox vacib yer tuturdu. Mən bu istiqamətdə atılan addımları müsbət qiymətləndirirəm. Elə hesab edirəm ki, bu addım ölkəmizin davamlı inkişafına xidmət edən bir məsələdir. Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin müasirləşdirilməsi işində artıq bir sıra önəmli nəticələr əldə edilib. Prezident Admnistrasiyasında həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni bir şöbə yaradılıb - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi.  Həmin şöbəyə ölkədə tanınmış ziyalı Ədalət Vəliyev başçılıq edir və o, Prezidentin etimad göstərdiyi bu vəzifənin öhtəsindən layiqincə gəlir. Bu şöbə Azərbaycandakı bütün siyasi partiyalarla demək olar ki, davamlı dialoq aparır, davamlı əlaqələr, təmaslar qurur. Bu dialoqun davamlı xarakter almasını ictimiyyət də çox müsbət qiymətləndirir. İctimaiyyətin bu məsələni müsbət qiymətləndirməsinin səbəblərindən biri odur ki, hakim siyasi partiyanın – YAP-ın sədri olan ölkə başçısı siyasi müstəvidə açılım edərkən bütün siyasi qüvvələri, o cümlədən radikal baxışları, fəaliyyətləri ilə seçilən təşkilatları da dialoqa dəvət edib. Artıq yeni konfiqurasiya formalaşmaqdadır. Məhz müxalif partiyaların mütləq əksəriyyətinin bu konfiqurasiyada yer alması böyük bir hadisədir. Yeni siyasi münasibətlərin qurulmasında partiyaların qeydiyyata alınmasının sadələşdirilməsi, siyasi arenaya yeni təşkilatların gəlməsinə şəraitin yaradılması, tariximizdə ilk dəfə olaraq müxalifət nümayəndələrinin hökumət rəhbərliyində təmsil olunması indiki bu yeni düzəni xarakterizə edən əsas faktorlardandır. Bütün bunlar cəmiyyətimizin daha da demokratikləşməsinə, ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin artmasına öz layiqli töhfəsini verir. Bu gün biz çox həssas bir dönəmdə yaşayırıq. Azərbaycanın Qarabağ kimi çox ağrılı problemi var. Bu gün bu problemin ətrafında baş verənlər, Ermənistanın ölkəmizə qarşı təxribatları, Ermənistanı himayə edən qüvvələrin Cənubi Qafqazda geosiyasi vəziyyəti yenidən gərginləşdirmək istəyi Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında birliyin daha da möhkəmlənməsinə ehtiyac yaradır. Ona görə də hesab edirəm ki, Prezidentin yeni siyasi kursunun əhəmiyyətindən biri də budur ki, bu gün ölkəmizdə siyasi partiyalarla hakimiyyət arasında xoş münasibətlər yaranır. Bildiriniz kimi, Tovuz hadisələri zamanı ölkədə fəaliyyət göstərən böyük partiyaların əksəriyyəti, o cümlədən rəhbərlik etdiyim Yurddaş Partiyası cənab Prezidenti, Ordumuzu dəstəkləməklə bağlı bəyanat verdik və ali Baş Komandanın yanında olduğumuzu bəyan etdik.

 

- Bu gün ölkəmizə qarşı davam edən erməni təcavüzü yaranan yeni dünya düzənində bizdən nəyi tələb edir. Belə bir vaxtda Azərbaycan-Türkiyə hərbi-siyasi blokunun yaradılması niyə gecikir. Bu birlik regiona və ölkələrimizə nə verə bilər?

 

- Bütün əlaqələri bir millət, iki dövlət prinsipinə əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığının sırf inteqrasiya səviyyəsinə çatdırılmsı zamanın tələbidir. Bu hər iki qardaş dövlətin xalqlarının da arzusudur. Həm də dediyim kimi, tarixi zərurətdir. Terrorla, işğalla, qonşuları tərəfindən haqsızlıqlarla, ərazi iddiaları ilə üzləşşən hər iki dövlətimizin problemlərinin birlikdə həll etməsinin vaxtı gəlib çatıb. Türkiyə və Azərbaycanın öz müstəqilliklərini saxlamaq şərti ilə konfederatif əlaqələr qurmaları zamanın tələbidir. Vahid xarici siyasət, vahid müdafiə sisteminin təşkil edilməsi çox vacibdir. Geopolitik təhlükələr və dünyanın inkişaf prosesi də bunu təələb edir. Dünyanın ən güclü ordularından birinə, güclü iqtisadiyyata, hərbi-sənaye kompleksinə, yenilməz milli birliyə malik Türkiyənin, dünyanın neft mərkəzlərindən biri olan, Avropa qitəsinin enerji təminatı və təhlükəsizliyində əhəmiyyətli yer tutan, dayanıqlı iqtisadiyyatı, sərvətləri, maliyyə imkanları, samballı ordusu olan və güclü milli həmrəyliyi olan Azərbaycanla güclərinin birləşdirilməsi hesab edirəm ki, hər iki dövlətin, hər iki xalqın xeyrinədir. Düzdür, Konfederativ Birliyin əldə edilməsi heç də asan məsələ olmasa da, həlli mümkündür. Dediyim kimi, dünyada elə proseslər gedir ki, artıq beynəlxalq hüququn normaları əksər hallarda işləmir. Bunu bizim Qarabağ məsələsinə münasibətlərdə görmək olar. Artıq ayrı-ayrı dövlətlər öz ətrafına müəyyən gücləri toplayıb problemlərini həll etməklə məşğul olduğu təqdirdə, biz də belə bir birliyə getməliyik. Düşünürəm ki, bizim əldə edə biləcəyimiz hərbi-siyasi birlik gələcəkdə sülhün, əminəmanlığın davamlı olmasına gətirib çıxaracaq. Bu hərbi-siyasi birlik ta Aralıq dənizindən tutmuş, Mərmərə, Egey, Qara dənizdən tutmuş, Xəzər dənizi hövzəsi ölkələrinə qədər, Qafqazlarda sülhün, əminəmanlığın  qarantına çevrilə bilər. Təbii ki, bu, Qarabağ məsələsinin həlli prosesində ciddi gedişat ola bilər.

 

- Bu gün sizin də qeyd etdiyiniz kimi, yeni konfederasiyada birləşən siyasi partiyaların xaricdən gələn təsirlərə və daxildə mövcudluğu qeyd olunan “5-ci kolon”a qarşı müqavimət gücü özünü nədə göstərir?

 

- Azərbaycanın dövlət həyatının bütün sahələrindəki inkişafın yeni səviyyəyə qalxması, möhtəşəm ordu quruculuğunun aparılması, dövlət quruculuğunda nailiyyətlər, Azərbaycanın öz müstəqilliyni getdikcə daha da inkişaf etdirməsi istər xaricdə, istərsəd də daxildə bəzi qüvvələri qıcıqlandırır. Bu qüvvələr Azərbaycanın inkişafını əngəlləmək üçün çox müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Təbii ki, bütün bunların arxasında ermənipərəst qüvvələr və ermənilər dayanırlar. Çünki bizim ən böyük düşmənimiz işğalçı Ermənistandır. Erməni quldurları bizim torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər.  Ermənistan öz havadarlarının köməyi ilə bugünkü dövlətlərini də bizim tarixi torpaqlarımızın üzərində qurublar və bizim öz iradəmizdən asılı olmayaraq onlar bölgədə düşmənçilik münasibətləri yaradıblar. Azərbaycan xalqı heç kəslə düşmən olmayıb, olduqca tolerant millətik. Bütün dinlərə, dillərə, millətlərə, irqindən asılı olmayaraq hər kəsə normal münasibt bəsləmişik. Ona görə də bu gün Azərbycan Ermənstandan fərqli olaraq çoxmillətli bir ölkədir. Burda çoxsaylı millətlər çox gözəl yaşayırlar. Biz onları özümüzdən ayırmırıq. Ermənilər isə bizimlə düşmənçilik yaratdı və ərazi iddiaları ilə ölkəmizdə soyqırımlar, cinayətlər törətdilər. Dediyim kimi, antiazərbaycan qüvvələrin arxasında məhz ermənilər dayanır və bu qüvvələr bir şəbəkə kimi fəaliyyət göstərirlər. İstər beynəlxalq təşkilatlarda, istərsə də dünya siyasətinin formalaşmasında iştirak edən böyük güclərin ərazisində fəaliyyət göstərirlər. Azərbaycanı gözdən salmaq üçün qara piyar kampaniyası aparırlar. Azərbaycana qarşı antitəbliğat aparırlar. Təbii ki, onlar Azərbaycanda “5-ci kolon” deyilən qüvvələrdən də istifadə edirlər. Sosial şəbəkələrdə əsası olmayan xəbərlərin yayılması Azərbaycanda destruktiv fəaliyyətin göstərilməsi, qarayaxma kampaniyasının aparılması, Azərbaycanın inkişafının qarşısını alaq üçün müxtəlif çeşidli üsulara əl atırlar. O partiyalar ki, milli zəmində formalaşıblar, milli maraqlardan çıxış edirlər, Azərbaycanın inkişafı onlar üçün hər bir işdən əsasdır, belə ünsürlərlə hər zaman mübarizə aparmışıq. Bu gün siyasi partiyalar arasında formalaşan yeni münasibət, yeni konfiqurasiyanın yaranması  bütövlükdə həmən şər qüvvələrə qarşı mübarizəmizi daha da gücləndirib. Bu gün istər mətbuatda, istərsə də digər üsullarla belə qüvvələrə qarşı ciddi iş aparırlar. Onların cəmiyyətdə sözləri eşidilməməkdədir və təsirləri sıfıra bərabərdir. Mən bu işdə hökumətlə partiyaların əməkdaşlığının böyük rol oynadığını istisna etmirəm. Elə hesab edirəm ki, partiyalar bu işini davam etdirəcəklər. Ermənilər bizə qarşı təkcə döyüş meydanlarında savaş aparmırlar. Bu bir hibrit müharibəsidir. Ermənilər öz cinayətlərinə haqq pərdəsi qazandırmaq üçün Diasporalarından,  lobbilərindən, mətbuatdan istifadə edirlər. Ona görə də biz əlimizdən gələni edirik və edəcəyik ki, həmin qüvvələrlə mübarizədə dövlətimizlə, hökumətimizlə bir olaq.

 

- Belə bir zamanda Milli Şura ümummilli problemlərimizin birgə həlli istiqamətində hansı cəhdlərdə bulunur və öz fəaliyyətində nə dərəcədə hökumət və müxaifətin yanında yer alır. Ümumiyyətlə, Milli Şuranın hökumtlə və müxalifətlə münasibətlərindəki fəaliyyətində hansı yumşalma var?

 

- Bundan əvvəl  dialoqdan danışarkən qeyd etdim ki, istisnalarla ölkənin əksər siyasi partiyaları ölkənin yenilənmə prosesində böyük həvəslə iştirak edirlər. İstisna, deyrkən Milli Şura və orada toplaşan bəzi siyasi qüvvələri nəzərdə tuturam. Bu qüvvələr öz fəaliyyətlərini yalnız qarayaxma kampaniyasında iştirak etməklə qururlar. İctimaiyyətdən uzaq düşməklə cəmiyyətdə sözlərinin çəkisini, siyasi çəkisini itiriblər. Onların Azərbaycanda ictimai-siyasi proseslərə təsir etmək imkanları sıfıra bərabərdir. Çox təəssüf ki, “Milli” adından istifadə edərək bu gün Azərbaycanın milli maraqlarına qarşı təbliğat aparırlar. Pandemiyanın yaratdığı fəalakətin nəticəsində insanların düşdüyü vəziyyətdən sanki zövq alırlar. Onların videokonfransında apardıqları müşavirələr insanda ikrah hissi yaradır. Bunlar sanki hakimiyyətə gəlmək üçün az qala şeytanla əməkdaşlığa hazırdırlar. Bu isə təbii ki, Azərbaycan cəmiyyətinin bir parçası olaraq bizi də narahat edir və o qüvvəllərin yaydığı fikirlərin arxasında nəyin dayandığını cəmiyyətə izah edirik. Bildiririk ki, bunlar öz sözlərini demirlər, xaricdəki müyyən qüvvələrdən asılıdırlar. Həmin qüvvələrin hədəfi Azərbaycanın inkişafını əngəlləmək, sabitliyi pozmaqdır. Onların ölkədə yaratmaq istədiyi qarşıqlıq ermənilərin, onların havadarlarının dəyirmanına su tökür. Ölkədə qarışıqlıq yaratmaq istəyənlər düşmənin işğalçılıq siyasətini genişləndirməsinə, bizə Qarabağ məsələsini unutdurmağa çalışırlar. Belə qüvvələrin Azərbaycanda fəaliyyət göstərməsi hər bir azərbaycanlını narahat etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalıdır, bütün təhdidlərə, təhlükələrə sinə gərməyi bacarmalıdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr