“Ramiz Mehdiyevin bu addımı təəssüf doğurur”
Fəzail İbrahimli: "Bu, adi bir insanın atdığı addım, adi şəxsin laqeydliyi deyil"
“Dünya bu gün pandemiya ilə mübarizə aparır. Amma müqayisə etsək, Azərbaycan digər dövlətlərdən daha dəqiq, səmərəli, qətiyyətli mübarizə yolunu seçdi. Nəticədə, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın mübarizə üsullarını bəyəndi və təbliğ etdi”.
Versus.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisi Sədrinin müavini Fəzail İbrahimli deyib.
O qeyd edib ki, dövlətin ən böyük funksiyalarından biri xalqı qorumaq idi, bunun da öhdəsindən gələ bildi:
- Dövlət başçısı bu fuksiyalardan irəli gələn vəzifələrin icra edilməsini yüksək səviyyədə həll etdi. Ölkə başçısı bu məsələyə laqeyd qalmadı, xalq və özü arasında heç bir fərq qoymadı. Vitse-prezident Mehriban Əliyeva xalqa müraciət etdi.
Bu, bir bəla idi və bəşəriyyət üçün təhlükə törətdi. Mart ayından indiyə qədər nə qədər itkilərimiz, hansı proseslərin getməsi, səksəkəli həyat tərzi hər kəsin gözlərinin qarşısında oldu. Bu, elə bir problem idi ki, nə vəzifəyə, nə maddi duruma nə yaşa baxdı.
Karantin elə bir prosesdir ki, hər kəs üçün eyni qadağalar, eyni şərtlər tətbiq edilir. Bu dövlət başçısının nəzarətində olan, operativ qərargah tərəfindən ortaya qoyulan şərtlərdir. Ən ağrılı vəziyyətdə belə Azərbaycan xalqı buna dözdü. Kütləvi tədbirlərin qadağan olunması da karantin rejiminin bir parçası olaraq, gündəmdə idi və tətbiq edildi.
- Kütləvi tədbirlərin keçirilməsinə laqeyd münasibət göstərənlər oldu. Hətta vəzifəli şəxslərdən də buna riayət etməyənlər var idi. Elə akademik Ramiz Mehdiyevin də nəvəsinə toy etməsi tənqid olundu...
- Bu hadisə haqqında xəbər alanda açığı əvvəl inanmadım. Uzun müddət dövlətdə yüksək vəzifə daşımış, qanunlara riayət olunmamasına həmişə sərt mövqedən yanaşan Ramiz Mehdiyevin qadağan edilən bir vaxtda nəvəsinə toy etməsi inandırıcı gəlmədi. Güman etdim ki, bu hansısa jurnalistin təxəyyülü və vaxtilə həyan olmadığı, qanun daxilində güzəşt etmədiyi kiminsə onu cəmiyyətin gözündən salmaq üçün ortaya atdığı böhtandır. Amma reallığa söykənən məqamları gördükdən sonra hər şey aydın oldu. Amma bu, adi bir insanın atdığı addım, adi şəxsin laqeydliyi deyil. Elmlər Akademiyasının Prezidentinin Operativ Qərargahın qanunlarına riayət etməməsi rezonans doğurmalı idi.
Ramiz Mehdiyev uzun müddət Prezident Administrasiyasının rəhbəri olub. O həm də bu xarakterli dövlət qanunlarının pozulmasına qarşı verilən göstərişlərin arxasında həmişə dayanıb. Onun belə bir addımı təəssüf doğurur. Biz sadə insanlara nümunə olacaq addımlar atmalıyıq. Bu addımın özü kütləvi informasiya vasitələrində ərköyün adıdm kimi qiymətləndirildi. Bu başqalarına dərs olmalıdır ki, təkrar olunmasın.
- Bu gün toy sahiblərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı addım atıldı. Amma açıq deməliyik ki, bəlkə də bu hadisə sosial şəbəkələrdə, mətbuatda işıqlandırılmasa idi belə böyük rezonansa səbəb olmayacaqdı və hüquqi addımların atılmasına yüngül aparılacaqdı. Bu məqamda ictimai rəyin rolunu necə qiymətləndirirsiniz?
- Əslində bir çox məqamlarda belədir. Jurnalistlərin bu məsələnin üzərinə ciddi düşməsi, xəbər tutulmasına rəvac verməlidir. Artıq media öz vəzifəsini yerinə yetirdi, jurnalistlər ictimaiyyətə bununla bağlı məlumat verdi və qalan məsələlər artıq onların səlahiyyətində deyil. Təbii ki, bəzi məsələrin üstü örtülü qalırsa, heç kim bundan xəbər tutmursa, ən ağır cinayətlər belə qapana bilir. Lakin cəmiyyətin mövqe bildirdiyi, ictimai rəyin, ictimai mövqeyin ortaya qoyulduğu bir məsələdə qanun daxilində də addım atılır.
Güman edirəm ki, bu Azərbaycanda xoşagəlməz hesab edilən sonuncu belə hadisə olacaq. Amma cəmiyyət bu cür addımlara qarşı həmişə ayıq və səbirli olmalıdır.
- Toyların qadağan olunduğu bir zamanda ailə qurmaq istəyən gənclərə də yəqin ki, məsləhətiniz var?
- Biz hələ bilmirik ki, Operativ Qərargah toyların bərpasına icazə verəcəkmi. Təbii ki, hətta 2-3 il nişanlı olanlar var, insanlar tələsir, darıxır. Amma hesab edirəm ki, gənclərin özü də düşünməlidirlər ki, toydan sonrakı sağlamlığı həyat qurmaları qədər vacibdir. Xəstəlik problemi yarananda toy tamam fərqli bir istiqamətə nəticələnir. Ona görə, qərarlar da, addımlar da sağlam olmalıdır.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”