Kimdir ELÇİBƏY YOLUnu gedənlər?
O, BÖYÜK TÜRK BİRLİYİnin yaranması ücün calışan bir insan olub
Aydın Quliyev: “Azərbaycan siyasətindəki siyasi "maşenniklərin" böyük hissəsi rəhmətlik bəyin çevrəsindən çıxdı”
Elçin Mirzəbəyli: “Bundan kənarda olan bütün yanaşmalar subyektiv xarakter daşıyır və bəzən də əllaməçilik təsiri bağışlayır”
Razi Nurullayev: “O, Azərbaycanı tam müstəqil və demokratik görmək istəyirdi”
Əlabbas Məhərrəmli: “Kimə qadaga qoya bilərsən ki, Elcibəy adından istifadə eləmə”
Mayis Səfərli: “Əgər gerçəkdən bu təşkilatlar elçibəyçi olsaydılar, onun anım tədbirində bir yerdə olardılar”
Ramiyə Məmmədova: "Ondan sonra müxalifət o inamı qazana və Azərbaycan xalqı tərəfindən qəbul oluna bilmədi"
Əlisahib Hüseynov: “Sağ olsaydı, onlara “mən Elçibəyçiyəm” deməyi qadağan edərdi”
Mirmahmud Mirəlioğlu: “AXC-nin - AXCP-nin adının oğurlanması gün kimi ortada”
MİLLƏTÇİ DEMOKRAT, türkçülük, Milli Birlik fəlsəfəsi, birləşdirici məfkurə ilə yaşayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçdi. Bu 20 il ərzində elçibəyçilərin Elçibəy ideyalarını nə dərəcədə gerçəkləşdirdiyi və müxalifət düşərgəsinin birliyinə yönəlik dəyişimlərdə nə dərəcədə fəal ola bildikləri ilə bağlı suallar hələ də açıq qalır. Bu gün müxalifətdə olan bəzi siyasilərin əksəriyyəti Elçibəy yolu ilə addımladıqlarını deyir və bundan qürurlanırlar. Maraqlıdır, Əbülfəz Elçibəyin ideyaları ONLAR üçün doğrudanmı ali məqsədə çevdildi? Belədirsə, hardadır onun yolu ilə irəliləyənlərin mübarizəsi, milli birlik əzmi... Yox, əgər Elçibəy adı onlara sadəcə xalqa yaxınlaşmaq üçün siyasi bir QALXANdırsa, O kimin əlindədir... bu gün müxalifətdəki bu iddiaçılar sırasında kimdir əsl ELÇİBƏY YOLUNU GEDƏNLər?
Versus.az olaraq, Əbülfəz Elçibəyin xatirəsinin anım günündə bir sıra partiya və siyasi təhlilçilərin prizmasında məsələyə aydınlıq gətirməyə çalışdıq.
“İddialı şəxslər "Elçibəy yolu”nun nə demək olduğuna dolğun izah versinlər”
Uzun illər siyasi partiyalılığı olan, bu günün isə siyasi təhlilçisi, qəzet redaktoru Aydın Quliyev bildirib ki, daşıdığı milli, bəşəri və siyasi dəyərlərə, bütün dövrlərdə eyni ardıcıllıqla, cəmiyyətə etdiyi çağırışların prinsiplərinə görə Elçibəy böyük şəxsiyyət idi.
A.Quliyevin fikrincə, Elçibəyin “getdiyi yol” onun öz yolu idi və bu yolda çoxlu sayda insanları öz yoldaşına çevirə bilməsi onun böyüklük göstəricilərindən idi:
“Bu gün "yolumuz Elçibəy yoludur" deyənlər var. Lakin bu sözlər Elçibəyin şəxsiyyətinə və işlərinə sevgi mənasında deyiləndə daha dəyərlidir, realdır. Ancaq bu söz hələ də mövcud praktik fəaliyyət üsulu olmaq iddiası ilə deyilirsə, burda dayanmaq lazımdır”.
A.Quliyev hesab edir ki, əvvəlcə iddialı şəxslər "Elçibəy yolunun" nə demək olduğunun dolğun izahını verməlidir:
“Mən öz tərəfimdən deyim: Elçibəyin fəaliyyətinin ana xəttini müstəqil demokratik dövlətçilik, ümumtürk inteqrasiyası, milli-mənəvi və dini dəyərlərin aliliyi təşkil edirdi.
Kim Əbülfəz bəyin yolu kimi gördüyü fəaliyyətini bundan fərqli və tam izahını verə bilərsə, mən güzəştə getməyə hazıram. Ancaq bu gün fərqli prinsiplərlə siyasət meydanına atılan və uğur qazana bilən bircə nəfər də ola bilməz, mümkün də deyil. Belə olan halda "Elçibəy yolundayam" iddiasında olanlar özlərindən fərqli saydıqları şəxslərin getdiyi yoldan nə ilə fərqləndiklərini necə izah edə bilərlər?! Yeganə bunu deyə bilərlər ki, başqa yollarda yürüyənlərin sözü ilə əməli tutmur, bəzən xəyanət edirlər və sair. Bəs onda nəinki Elçibəyin yolunda olduğunu iddia edənlərin, hətta Elçibəyin sağlığında onun yanında olan kimlərinsə satqınlığına, rüşvətxorluğuna, antidemokratikliyinə necə uzah vermək olar? Hələ bu gün də el arasında deyilir ki, Azərbaycan siyasətindəki siyasi "maşenniklərin" böyük hissəsi rəhmətlik bəyin çevrəsindən çıxdı”.
A.Quliyev Elçibəy yolu ilə getdiklərini iddia edənlərə belə bir suallar da ünvanladı:
“"Elçibəyin yolu", fəaliyyət kursu ilə getdiyini iddia edənlər Elçibəyin etdiklərinin davamı, inkişafı olaraq nə etdilər? Bu xalq indiyə qədər nə üçün onu "elə Elçibəy budur"- deyə, çağırmadı? Elçibəyin adı altında daldalanıb, hərdən başını çıxardaraq "mən filan yolu gedirəm" deyənlər bu 20 ildə xalqın “saqqızını” niyə oğurlaya bilmədilər?
Elçibəy sözün tam mənasında təmiz adam idi, öz yolu var idi. Öz təmizliyini hələ tam sübut edib inandıra bilməyən kəslərin dayanması məsləhətdir. Onlar özlərinə yol tapsalar yaxşıdı, Elçibəyi sevməkdə olsunlar, əgər bunu bacarırlarsa. Ancaq getdikləri yola başqa ad versinlər və rəhmətliyin ruhunu, yolunu rahat buraxsınlar”.
A.Quliyev deyir ki, Türkiyəyə sonuncu səfərindən bir gün qabaq Elçibəyin yaşadığı bağa, yanına gedib:
“O zaman Amerika səfərimdən əvvəl Elçibəyə baş çəkmək mənim üçün çox vacib idi. Onunla görüşdüm, mənə bir çox məsələlərdən danışdı...”
“Əgər Əbülfəz bəy sağ olsaydı, “Elçibəy yolu” sözünə etiraz edərdi”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Əbülfəz Elçibəyin düşüncə tərzinə bələd olan bir insan kimi bildirib ki, əgər Əbülfəz bəy sağ olsaydı, “Elçibəy yolu” sözünə etiraz edərdi.
E.Mirzəbəyli fikirlərini türk milli düşüncəsinin formalaşmasının tarixinin köklərinə əsasən “bu yol MİLLƏTİNdir” ideyasının üzərində dayanmaqla önə çəkib:
“Çağdaş türk milli düşüncəsinin formalaşmasında müstəsna xidmətləri olan Cəmaləddin Əfqani, Əli bəy Hüseynzadədən başlayaraq, Elçibəyə qədər olan məsafənin üzərində addımlayan bütün fikir adamlarımız bu yolu öz ideyaları ilə zənginləşdiriblər, yaxın və uzaq hədəflərimizin müəyyənləşməsində Milli Mətbuatın, Ədəbiyyatın, Mədəniyyətin nəhəng simaları ilə biikdə iştirak ediblər.
Milli İstiqlal məfkurəmizin formalaşmasında şifahi xalq ədəbiyyatımızdan, aşıq sənətindən peşəkar ədəbiyyata, musiqiyə qədər bütün komponentlərin yeri və rolu var.
XX əsrdə Azərbaycan türkləri 5 dəfə istiqlal savasına qalxıblar. Qurduqları 3 dövlət, yaxud quruluş qısaömürlü olub. Amma yaddaşlarda iz buraxıb.
Əgər Sərdari-Milli Səttarxan, Güney Azərbaycan Demokrat Partiyasının qurucusu Xiyabani və tarixi şərait olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti də olmayacaqdı. Sizə Şeyx Məhəmməd Xiyabani 1917-ci ildə dərc olunmuş məqaləsindən bir iqtibas təqdim etmək istəyirəm: "Dünyada ən mürtəce və totalitar dövlət olan çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir". Bu məqalədəki fikirlərlə Məhəmməd Əmin Rəsulzadənin məqalələri arasında çox böyük yaxınlıq var. Səttarxan, Xiyabani məşrutəçi idilər, xalqların, o cümlədən Azərbaycan türklərinin azadlığını istəyirdilər. Təbii ki, onların düşüncəsində istiqlal ideyaları da vardı. Amma bu ideyalar Şimali Azərbaycanda daha güclü idi. Çünki çar Rusiyasında, dünyada baş verən proseslərə Şimali Azərbaycanın sekulyar təhsil görmüş milli elitası daha yaxın idi.
Bu ardıcıllıqla, əgər Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, o zaman nə Azərbaycan Sovet Sosialist Respublikası, nə Pişəvari hərəkatı, nə də müasir Azərbaycan Respublikası olmayacaqdı”.
E.Mirzəbəyli vurğulayıb ki, millətin yolu ayrı-ayrı parçalardan yox, bütöv olmalıdır:
“Əbülfəz Elçibəyin də ən böyük xidməti bu yolu bütövləsdirmədə Güneyə və Quzeyə vahid ideoloji platforma müstəvisindən yanaşması idi”.
O ki, qaldı “bu gün siyasi müxalifətdə Elçibəy yolunu kim davam etdirir, kim onun siyasi obrazının arxasında gizlənir” məsələsinə, E.Mirzəbəyli buna özünün siyasi baxışları müstəvisindən yanaşaraq deyir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasi varislik kimi subyektiv baxışları qəbul etmir:
“Biz Azərbaycan Xalq Cümhuriyyəti və Əbülfəz Elçibəyin lideri olduğu Milli Azadlıq Hərəkatının, Azərbaycan Xalq Cəbhəsinin ideoloji varisləriyik. Azərbaycan Xalq Cümhuriyyətinin huquqi-siyasi, Milli Azadlıq Hərəkatının isə siyasi varisi müstəqil Azərbaycan Respublikasıdır. Bundan kənarda olan bütün yanaşmalar subyektiv xarakter daşıyır və bəzən də əllaməçilik təsiri bağışlayır. Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində xidməti olan bütün dövlət xadimlərinə sayğı duyur, siyası-ideoloji baxışlardan daha çox dövlətçilik ənənələrinin qorunmasını, davam etdirilməsini vacib sayırıq. İndi kim kimin obrazının, siyasi portretinin kölgəsində gizlənirsə, bu, onun öz problemlidir. Azərbaycan cəmiyyəti hər şeyi bu günün reallıqları, milli hədəflərin gerçəkləşdirilməsi müstəvisindən dəyərləndirir. Gerisi təfərrüatdır...”
“Elçibəyçilik bizim üçün qalxan deyil”
Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, Elçibəyçilik MCP-lər üçün heç də qalxan deyil:
"Azərbaycan tarixində silinməz iz qoymuş rəhmətlik Əbülfəz Elçibəy bu gün də birləşdirici, barışdırıcı dəyərdir. Ölkəmizin rifahı üçün olan ideyalarını yaşatmaqdan qürur duyuruq".
“Bizim üçün onun ideyaları yaşayır və biz də onu yaşadırıq" deyən R.Nurullayev eyni zamanda MCP olaraq, hər addımbaşı da onun adından istifadə etmədiklərini vurğulayıb:
"O, Azərbaycanı tam müstəqil və demokratik görmək istəyirdi. Bizim də yolumuz bu yoldur”.
“Elcibəy sevdası, onun yolu ilə fəaliyyət göstərən də var, adı altında min cür hoqqadan cıxanı da...”
Politoloq Əlabbas Məhərrəmli bildirib ki, Elcibəy millətini sevən, böyük türk birliyinin yaranmasi ücün calışan, təmənnasız xidmət edən bir insan olub:
“Tale, həyat belə gətirdi ki, vaxtsiz getdi bu dünyadan. Allah ona rəhmət eləsin. Artiq 20 il oldu ki, Əbülfəz Elcibəy bu həyatdan köcüb”.
Ə.Məhərrəmli “siyasi müxalifətin geniş anlayış olduğunu qeyd edərək, onu Elcibəylə müqayisə etməyi düzgün hesab etməyib.
O, məsələyə Elcibəyin özünün komandası və partiyası ilə birlikdə hakimiyyətdə təmsil olunması kontekstində yanaşıb:
“Bu gün onun heyyətində olan siyasilərin necə, harda, olmasını, necə dəyişməsini təhlil edəriksə, bu məsələdə də hər şey göz qabağındadır. Onlar bu gün müxalifətin radikalından tutmuş, parlamentin komitə sədrinin müavininə qədər əhatə olunublar. Onun partiyası bu gün bir necə yerə bölünüb və başqa adlarla fəaliyyət göstərənlər var. Eləcə də Elcibəy sevdasi ilə, onun yolu ilə fəaliyyət göstərəni də var, onun adı altında min cür hoqqadan cixanı da... Təbbi ki, cəmiyyət, xalq kimin kim olduqunu yaxşi bilir”.
Politoloq bu gün vaxtilə Elçibəyin ətrafında olan siyasətçilərin indi “sənin yolundayıq” deməsini birmənalı qarşılamadı:
“Elcibəyin bir sözü var idi: - "hər şeyin zamana ehtiyyaci var". Bax, o sualın cavabını da O ZAMAN özü həll edəcək. 1988 ci ildə başlanan hərakat lider axtarışında idi və Elcibəy çıxdı ortaya. İndi isə situasiya fərqlidir. Ölkədə 30 ilə yaxındır güclü hakimiyyət var. Özünü siyasi proseslərdən kənar hiss edən xalq var. Dünyada gedən proseslər də tam fərqlidir. Bu gün Elcibəyin "türkün türkdən başqa dostu yoxdur" sözü qəbul olunmur. Çünki tolerantlıq, multikultralizm dəyərləri daha da inkişaf edir -ləzgi, talış, avar, tat v.s azsaylı xalqlar da türkün dostu olduqlarını sübut edirlər”.
Ə.Məhərrəmli bu gün kimin Elcibəy yolunu getməsi məsələsinə də birmənalı yanaşmayıb:
“Kimə qadaga qoya bilərsən ki, Elcibəy adından istifadə eləmə. Necə Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev eləcə də Əbülfəz Elçibəyin Azərbaycan siyasətində öz yerləri var. Kimlər onların ideyalarını qəbul edib, onu təbliğ edirlərsə, bu da tam normaldır. Qiyməti verən isə təbbi ki, xalqdır”.
“Onların, demək olar ki, hamısı Elçibəyin liderlik etdiyi təşkilatın varisliyinə iddia edir”
Yurddaş Partiyasının sədri Mayis Səfərli Milli Azadlıq hərəkatının lideri, türkçülük, Türk Birliyi ideyalarının carçısı olan Əbülfəz Elçibəyə Allahdan rəhmət diləyərək bildirib ki, Elçibəy təkcə tərəfdarlarının xatirəsində deyil, eyni zamanda müasir Azərbaycanımızın tarixində görkəmli siyasi xadim kimi yer tutur:
“Elçibəyin ölümü ilk növbədə, onun rəhbəri olduğu siyasi partiyada geriləmə, dağılma və digər neqativ proseslərə yol açdı. Onun rəhbərlik etdiyi təşkilatın parçalanma prosesi bu gün də davam edir. Elə hey baxırsan ki, oradan qopan müəyyən sayda insanlar yeni partiya yaradaraq siyasi arenaya daxil olurlar. Maraqlıdır ki, onların demək olar ki, hamısı Elçibəyin liderlik etdiyi təşkilatın varisliyinə iddia edir və özlərini elçibəyçi adlandırırlar. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir. Əgər gerçəkdən bu təşkilatlar elçibəyçi olsaydılar, heç olmasa, onun anım tədbirində bir yerdə olardılar. Fəaliyyətlərinə baxdıqda, Elçibəy partiyasının bazasında yaranan təşkilatların yollarının ayrı olduğu açıq görsənir. Əslində, həqiqət ondan ibarətdir ki, elçibəyçilik məfkurəsi və varisliyi iddiası altında bu təşkilatlar daha çox öz liderlərinin ideya və maraqlarına xidmət edir. Belə olmasaydı, onlar mənsub olduqları AXCP-də qalar, dartışaraq onu yenidən qurar, gərəkirsə siyasi fraksiyalar yaradar, təşkilatın bütövlüyünü saxlayar, ortaya zamanın çağırışlarına uyğun fəaliyyət qoyardılar”.
M.Səfərli hesab edir ki, bütün hallarda Elçibəyin ətrafında olub bu gün ayrı-ayrı siyasi partiyalara rəhbərlik edənlər Azərbaycan Xalq Hərəkatının işturakçıları olublar.
“Elçibəyçilik əslində özü dəyişməyən büt deyil. Hər bir ideya zamanın ruhuna, zamanın çağırışlarına uyğun olaraq dəyişir. Vaxtilə Elçibəyin ətrafında olanlar hərəsi bir partiyaya rəhbərlik edir. Bu partiyaların bir-biri ilə münasibətlərini də xoş münasibətlər kimi dəyərləndirmək olmaz”.
“Elçibəy o zaman müxalifətin lideri olaraq öz tətəfdaşlarının satqınlığına uğradı”
Türkiyədə fəaliyyət göstərən “Word Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova bildirib ki, mərhum Prezident Əbülfəz Elçibəy Azərbaycanda türkçülüyü, milli ruhu oyadan dövlət başçısı kimi yadda qalıb.
Xanım politoloq deyib ki, Elçibəyin ölümündən keçən 20 il ərzində siyasətdə olan müxalifət partiyalarının xalqda milli məfkurənin oyadılmasına yönəlik hər hansı ciddi fəaliyyəti görünməyib:
“Elçibəy böyük şəxsiyyət idi. Bu barədə ulu öndər özü də vurğulayırdı ki, Əbülfəz Elçibəy həm elm adamı, həm də milli məfkurəni oyadan bir şəxsiyyətdir. Elçibəyin Prezident kimi çox az fəaliyyəti oldu. Amma o, insanların ürəyində milli demokratik dövlətin, türkçülüyün inkişafında rolu olan böyük şəxsiyyət kimi qaldı. O zaman Elçibəyin ətrafında bir çox insanlar var idi. O insanlar bu gün ayrı-ayrı partiyalar yaradıb özlərini müxalifət adlandırıblar. Lakin çox təəssüf ki, bunlar zamanında Elçibəyin qədrini bilmədilər. Kələkiyə gedib qayıdandan sonra heç biri onun arxasında durmadı. Elçibəy o zaman müxalifətin lideri olaraq öz tərəfdaşlarının satqınlığına uğradı. Təbii ki, məcburi olaraq siyasətdən çəkildi. Satqınlığa uğrayandan sonra özü də anladı ki, bu insanlara bel bağlamaqla çox böyük səhvə yol verib.
Bu gün özlərini müxalifət adlandıran bəzi siyasətçilər Elçibəyin adını hər zaman öz əllərində bayraq edirlər. Lakin demək lazımdır ki, bu bayrağı tutan insanlar özləri Elçibəyi satdılar, ona dayaq durmadılar. AXCP, Müsavat və başqa partiyalar yarandı, bölündülər və heç bir zaman ana müxalifət ola bilmədilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra da bu insanlar Azərbaycan xalqının gözündə o yüksək müxalifətçi liderləri ola bilmədilər. Bu gün də belədir. Onların fəaliyyətləri göz qabağındadır. Azərbaycan müxalifəti Elçibəydən sonra çox zəif bəndə çevrildi və Elçibəy millət haqqında doğruları deyən əsl müxalifət, lider olaraq qaldı. Ondan sonra müxalifət o inamı qazana və Azərbaycan xalqı tərəfindən qəbul oluna, etimadı doğrulda bilmədi.
Hazırda yeni partiyalar yaranır. Onlar Elçibəyin adını daşımırlar. Amma köhnə partiyalar var ki, Elçibəyin adından istər daxildə, istər xaricdə, elə Türkiyənin özündə necə lazımdır istifadə edib özlərinə çoxlu qazanc əldə elədilər. Özlərini Elçibəyin varisləri adlandıran bir qrup insanlar heç bir zaman onun varisləri ola bilmədilər və ola da bilməyəcəklər”.
“Həqiqətdə belə bir siyasi fiqur yoxdur”
Öncə milli-azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin ruhuna Allahdan rəhmət diləyən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib ki, “kimdir Elçibəy yolunu gedənlər” bu gün siyasi müxalifətdə olanların özlərinə ünvanlanmalıdır:
“Ancaq məlum məsələdir ki, onlar hamısı bu sualınıza bir ağızdan belə cavab verəcəkdilər ki, “əsl Elçibəyçi mənəm”. Yəni ki, özlərini Elçibəyçi adlandıranların siyasi eqoizmi və qeyri-səmimilikləri gerçək Elçibəyçini tanıyıb üzə çıxarmağınıza imkan verməyəcək”.
Ə.Hüseynov qeyd edib ki, hazırki siyasi liderlər arasında Elçibəyçi axtarmağa dəyməz. Onun sözlərinə görə, həqiqətdə belə bir siyasi fiqur yoxdur:
“Əlbəttə, sıravi insanlarımız arasında səmimi Elçibəyçilərə rast gəlmək mümkündür. Amma peşəkar siyasətlə məşğul olanlar arasında həqiqi Elçibəyçi axtarmağınızı məsləhət görmürəm. Onların əksəriyyəti Elçibəyin adından sadəcə çətir kimi istifadə edir. Mən əminəm ki, Əbülfəz Elçibəyin özü bu gün sağ olsaydı, bu adamlara “mən Elçibəyçiyəm” deməyi qadağan edərdi”.
“20 ildə 40 dəfə dəyişənlər oldu...”
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəylə bağlı Elçibəyə üzünü tutaraq deyib:
“Son görüşün 20 ili tamam oldu... Hüzurunuza gəldik. Ürəkdə SİZ, dildə SİZ, əməldə - RƏSULZADƏ-ELÇİBƏY YOLU!
Hər zaman bizimlə oldunuz... Biz SİZİNLƏ ola bilərikmi? Çətin.. Axı seçki var, vəzifə var, mandat var, isti var, soyuq var, daha nələr var..
Bir də təkrar-təkrar söylədiyiniz: "HƏR ŞEYİN ZAMANA EHTİYACI VAR" .
ZAMAN hər şeyi yerbəyer etdi. SİZ deyən kimi..
Dəyişmələr çox oldu... Qəlb dəyişdi, siyasi mövqe dəyişdi, adamlıq dəyişdi, ölkə dəyişdi, talelər dəyişdi, milli mənsubiyyət dəyişdi, şüarlar dəyişdi... 20 ildə 40 dəfə dəyişənlər oldu... Dəyişənlər içərisində dünyasını dəyişənlər də çox oldu...
Amma və lakin ... bütün bu dəyişikliklər içərisində hamı yenə SİZDƏN danışır...
Gün gələcək, bütün danışanlar susacaq... Yeni danışanlar da yenə SİZDƏN danışacaqlar...
Sizdən icazəsiz doğum gününüzü - 24 İYUNu - TÜRKLÜK GÜNÜ qərarlaşdırdıq...
SİZ deyirdinuz...
BİR GÜN GƏLƏCƏK, BÜTÜN YOLLAR DAĞLAR SULTANI, DAĞLAR ŞAHƏNŞAHI, DAĞLAR PİRİ SAVALANA GEDƏCƏK!
BİR GÜN GƏLƏCƏK, SAVALAN MİLYON-MİLYON İNSANIN ZİYARƏT MƏBƏDİ, AND YERİ, İNANC QAYNAĞI OLACAQDIR!
AZADLIQ SEVDASINI DAŞIYANLARA SAVALAN ZİYARƏTİ QİSMƏT OLSUN!
TANRI YAR OLSUN!"
Biz bu deyimi əsas tutaraq, SİZİN HAQQA getdiyiniz GÜNü - 22 Avqustu - SAVALAN ZİYARƏTİ GÜNÜ qərarlaşdırdıq.
SİZSİZ olmaq, ədalətsiz olmaqdır, haqqı umutmaqdır...
SEVGİM - MİLLƏTƏ!
VURĞUNLUĞUM - AZADLIĞA VƏ ƏDALƏTƏ!
İTAƏTİM - MÜƏLLİMLƏRIMƏ!
BORCUM - DOSTLARIMA VƏ MƏSLƏKDAŞLARIMA!
NİFTƏTİM - YALANÇILARA VƏ SİMASIZLARA!"
dediniz...
Millət, Azadlığa və Ədalətə həsrət, müəllimlər seçki komissiyalarına itaətdə, dostlar və məsləkdaşları zamanın dəyirmanı üyütdü, yalançılar və simasızlar iş başında...
Yenə SİZƏ ehtiyacımız var.
RUHUN DUAÇIMIZ OLSUN, ƏBÜLFƏZ BƏY!!!”
M.Mirəlioğlu əslində Elçibəyə ünvanladığı bu fikirlərdə çox mətləblərə toxunub. O, məhz 2000-ci ildən “Yolumuz Elçibəy- Rəsulzadə yoludur” şüarının ilk müəllifi olduğunu qeyd edib:
“Bunu deyəndə hamı mənə lağ edirdi. Parlamentdə ilk dəfə “Bütöv Azərbaycan”- deyən də bəndeyi-fəqiriniz olub. O zaman deyərdilər ki, “bu nədir, sən millət vəkilisən, sən niyə “babnik” olmusan və sair”.
M.Mirəlioğlu hesab edir ki, AXC-nin, AXCP-nin adının oğurlanması gün kimi ortada. Kim özünə “əsl Elçibəyçi mənəm” deyə bilərsə, bu da ayıb olar:
“Elçibəy irsinin araşdırılması ilə bağlı 2000-ci il dekabrın 28-də kamissiya yaradılıb, təqdim olunub. Azərbaycandan, Krımdan, Türkiyədən, Avropadan bütün türkçüləri bura daxil ediblər. 2003-cü ildə 2-ci Elçibəy forumu keçirilib və orda təltiflər olub. Bu 20 ildə Elçibəylə bağlı xeyli araşdırmalar və xeyli işlər görmüşük”.
M.Mirəlioğlu hesab edir ki, ortaya qoyulan bu məsələnin ən doğru qiymətini kənardan baxanlar deməlidirlər:
“Elə adamlar var ki, “1994-cü ildən siyasətdə deyiləm, heç bir partiyada deyiləm” deyir və bu gün meydana, Elçibəy adı ilə gəlirlər. Elçibəyin şüarını dəyişərək gəlirlər, millətləşmə, bütövləşmə, dövlətləşmə şüarını ağılları kəsdiyi kimi, başları kəsdiyi kimi deyirlər”.
P.S: Belə bir ortamda Elçibəy özü nə deyərdi?..
Allah sizə rəhmət eləsin! Ruhunuz YOLUNUZLA getmək istəyənlərə, elə adınızdan istifadə edənlərə də kömək olsun! Allah Dövlətimizi, Millətimizi Qorusun!
Tahirə QAFARLI
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”