Razi Nurullayev: "Təbrik edir və ona bütün gözəllikləri arzulayıram"
"Doğum günü təbrikini konvertlə göndərmək istədim, amma sonra fikrimi dəyişdim. Mehriban xanımı təbrik etdiyimi niyə açıq etməyim ki, niyə mövqeyim bəlli olmasın ki. Nə olsun ki, müxalifət partiyasını təmsil edirəm".
Versus.Az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü münasibətilə özünün "facebook" səhifəsində millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb:
"Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanıma uzun ömür, möhkəm cansağlığı və ailə səadəti arzu edirəm. Qoy həyatınızda daima çiçəklər olsun!
Hamımız bu ölkədə yaşayırıq, hamımız bu ölkə üçün çalışırıq və hamımızın qayəsi xalqımızın firavanlığıdır. Şad və qəmli günlərimizdə bir-birimizə can yandırmaq, uğuruna sevinmək və acısına üzülmək də insanlıqdır və siyasətin mədəniləşməsidir. Biz bu ölkədə bütün münasibətlərin və dialoqun sivilləşməsinə çalışmalıyıq.
Bir daha hörmətli Mehriban xanımı təbrik edir və ona bütün gözəllikləri arzulayıram".
SEVDA
Versus.Az