Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri və Ermənistanın hərbi avantüra siyasəti

09:10 10-09-2020 | icon 576 | Siyasət
Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri və Ermənistanın hərbi avantüra siyasəti

Türkiyənin Azərbaycanda hərbi təmsilçiliyi ictimai sifarişə çevrilməkdədir

ELMAN NƏSİROV

/deputat,
YAP Beynəlxalq Əlaqələr,
mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi,
siyasi elmlər dolktoru, professor/
 
 
 

Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Azərbaycanla sərhəddin Tovuz istiqamətində 12-16 iyul hərbi təxribat Ermənistanın avantürüst siyasətinin növbəti təzahürü oldu. Əslində bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tanoyanın “Yeni ərazi-yeni müharibə” formulunda nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. Bunun ardınca Rusiyadan 400 ton hərbi təyinatlı yüklərin Xəzəryanı ölkələrin hava məkanından keçərək Ermənistana verilməsi regionda hərbi-siyasi gərginliyin pik nöqtəsinə yaxınlaşmasını şərtləndirdi. Eyni zamnada məlum münaqişənin dinc həlli deyil, hərbi yolla tənzimlənməsi imkanlarının artması mənafeyinə xidmət etmiş oldu.

 
 
Bu reallıq fonunda Prezident İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında məlum insidentə münasibətdə qətiyyətli mövqe ortaya qoyması və açıq şəkildə narazılığını ifadə etməsi rəsmi Bakının bu məsələlərdə prinsipial və güzəştsiz davranışının ifadəsi kimi qiymətləndirilməlidir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qeyd olunan yüklərin hərbi deyil, inşaat təyinatlı olması ilə bağlı Bakıda səsləndirdiyi mövqe ölkəmizin ali siyasi rəhbərliyi tərəfindən qənaətbəxş cavab kimi qəbul edimədi. Bütün bunlara paralel olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin atdığı bir sıra digər addımlar da regionda sülh prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər. Belə ki, Ermənistan militarist siyasət yeridərək, 2019-cu ildə Rusiyadan 4 ədəd CУ-30 CM qırıcı təyyarəsi almaqla kifayətlənməyərək, onların ümumi sayını 12-yə çatdırmağı planlaşdırır. 2020-ci ildə ümumi müdafiə büdcəsi təxminən 550-600 milyon dollara bərabər olan cırtdan bir dövlətin dəyəri 50-60 milyon dollara bərabər olan CУ-30 CM qırıcı təyyarələri nağd pula alması qeyri-realdır. Bütün bu hərbi-ticarət sövdələşmələrini Ermənistan Rusiyanın verdiyi kreditlər hesabına reallaşdırır. Bumdan əlavə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan və Türkiyə əsas təhdid mənbələri kimi xarakterizə olunur. Bu sənəddə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq formatının daha da möhkəmləndirilməsi əsas strateji hədəflərdən biri kimi nəzərdən keçirilir. Heç kəsə sirr deyildir ki, qeyd edilən Yunanıstan və Kipr, o cümlədən Birləşmiş Ərəb Əmirliyi və Suriya Aralıq dənizinin şərq hissəsində Türkiyə ilə gərgin qarşıdurma vəziyyətindədirlər. Bu dövlətlərin İsrail, Misir və Fransa tərəfindən dəstəkləndiyi də hərbi sirr deyildir. Məlum qarşıdurma mühitində Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi birmənalı olaraq Türkiyə dövlətini müdafiə edir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bu məsələlərlə bağlı prinsipial və qətiyyətli mövqeyini bir daha bəyan etdi: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.”
 
 
Bütün bunlardan savayı, Nikol Paşinyan hökuməti ilə separatçı rejim arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində intensiv işin getdiyi də erməni mətbuatında tirajlanan məlumatlar sırasındadır. Bu addımın reallaşdırılması nəticə etibarilə sülh prosesinə öldürücü zərbə kimi qiymətləndirilə bilər. Eyni zamanda ciddi demoqrafik problemlər yaşayan Ermənistanda hərbi çağırışçı kəsiri özünü kəskin şəkildə biruzə verməkdədir. Bu halda Ermənistan dövləti məcburi addım kimi, yaşlı insanların və əlinə heç bir zaman silah almamış qadınların imkanlarından bəhrələnmək istəyir. Könüllülərdən ibarət ordu yaradır. Bu addımı atmaqda əsas məqsədlərdən biri də məlum hadisələr fonunda Suriyadan və Livandan olan erməni mənşəli köçkünləri işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmaqdan ibarətdir. Həmin insanların mütləq əksəriyyətinin ədətən Yaxın Şəqrqdə fəaliyyət göstərən terrorçulardan ibarət olduğu dəfələrlə təsdiqini tapmış həqiqətdir.
 
 
Bütün yuxarıda qeyd olunan faktlar və arqumentlər belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan yeni hərbi təxribat və avantüralara əl atmaq istiqamətində siyasətində israrlıdır. Bu mövqeni şərtləndirən iki mühüm amil vardır. Birincisi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhran və onun postpandemiya dövründə daha da kəskinləşməsi perspektivi, o cümlədən eks-prezident Robert Köçəryanın rəhbərliyi altında bütün müxalif siyasi qüvvə və qruplaşmaların Paşinyan əleyhinə vahid cəbhədə birləşməsi reallığı ölkənin siyasi-hərbi rəhbərliyini hərbi əməliyayatlardan, nə qədər paradoksal səslənsə də, “xilas yastığı” kimi istifadə etməsini şərtləndirə bilər. İkincisi, uzunluğu 878 km olan TAP kəmərinin cari ilin sonunda istifadəyə verilməsi perspektivi nəticə etibarilə dəyəri 40 milyard dollara bərabər olan strateji “Cənub qaz dəhlizi”nin işə düşməsi deməkdir. Bu isə Azərbaycanın iqtisadi gücünün, o cümlədən hərbi mövqelərinin daha da möhkəmlənməsi anlamına gəlir. Azərbaycanın müəllifi olduğu “Cənub qaz dəhlizi” layihəsi Ermənistanla sərhəddin 15 km-dən-Tovuz rayonu ərazisindən keçir. Deməli. sözügedən layihənin real məzmun almasının əleyhdarı olan və bunu özü üçün təhlükə kimi qarşılayan Ermənistan rəhbərliyi məhz qeyd olunan istiqamət üzrə növbəti və daha iri miqyaslı hərbi avantüralara əl atacağı proqnozlaşdırılan məsələdir.
 
 
Ermənistanı ən çox narahat edən məsələ isə Azərbaycan-Türkiyə hərbi müttəfiqlik münasibətləri ilə bağlıdır. Heç kəsə sirr deyildir ki, xüsusilə Ermənistanın 12-16 iyul hərbi təxribatına cavab olaraq qardaş dövlət olan Türkiyənin siyasi-hərbi rəhbərliyi birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə etdi və formalaşmış şəraitdə ölkəmizin istənilən seçimini müdafiə edecəyini bildirdi. Son dövrlərdə Azərbaycanın və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri və bu fonda Naxçivandan ta Azərbaycanın bir sıra digər ərazilərinədək geniş coğrafi arealda iki qardaş ölkənin quru və hərbi-hava qüvvələrinin birgə taktiki hərbi təlimlər keçirməsi Ermənistanda qorxu və vahimə ilə izlənməkdədir. Bütün bunlara paralel olaraq Naxçivanda yenidən iki qardaş dövlətin silahlı qüvvələrinin birgə hərbi təlimlərinə start verilməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Münasibətləri səviyyəsi artıq elə bir pik nöqtəyə yüksəlibdir ki, Türkiyənin Azərbaycanda hərbi təmsilçiliyi və onun keyfiyyətcə yeni forma və məzmun kəsb etməsi ictimai sifarişə çevrilməkdədir. Eyni məntiqlə Türkiyə-Naxçivan qaz kəməri və Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi də artıq tarixi zərurətə çevrilməkdədir. Bütün bu addımlar son nəticədə Azərbaycanın işğal altındakı əraziləri üzərində suveren hüquqlarımızın bərpası üçün unikal imkanlar yaradacağına tam əminlik yaradır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr