Ölkə rəhbəri dünya siyasətinə təsir edəcək təkliflər irəli sürüb
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib.
Versus.az xəbər verir ki, Prezident İlham Əliyev çıxışının ilk və daha böyük hissəsini Dağlıq Qarabağ münaqişəsi və bu problemlə bağlı hazırkı vəziyyətə ayırıb.
Prezident bəyan edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.
Azərbaycan prezidentinin olduqca əhatəli, geniş çıxışı olub. Prezident çıxışının sonunda bəyan edib ki, beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada Azərbaycan rəhbəri bir neçə təklif irəli sürüb:
“- Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbidir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.
- Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.
- Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.
- Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.
- Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır".
İlham Əliyevin çıxışı və irəli sürdüyü təkliflər sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan cəmiyyətində də yüksək qiymətləndirilib.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə bildirib ki, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində keçirilən və 182 ölkənin dövlət və hökumət başçılarının videoformatda çıxış etdiyi BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dövlət başçımızın altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycan dövlətinin rəhbəri, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürü oldu: “Dövlət başçısının həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Prezidenti kimi çıxışı, gətirdiyi arqumentlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bütün xalqımızı qürurlandırdı. Prezident İlham Əliyev ən ali beynəlxalq tribunlardan biri olan BMT-də heç kimdən, heç nədən çəkinmədən Ermənistanın işğalçılıq, faşist, antiinsani siyasətini, mahiyyətini ortaya qoydu, yeni müharibə planlarının olduğunu qətiyyətlə ifadə etdi. Bu çıxışda dünyada hökm sürən ”ikili standartlar"a müəlliflik edən dövlətlərə, Ermənistanı pulsuz silahlarla təchiz edən qüvvələrə, BMT-nin özünə ünvanlanan ciddi mesajlar yer aldı. Bu, Azərbaycan Prezidentinin beynəlxalq tribunalarda sistemli şəkildə nümayiş etdirdiyi cəsarətin, Azərbaycan sevgisinin, vətən təəssübkeşliyinin növbəti nümunəsi idi. Prezident Azərbaycanı bütün auditoriyalarda olduğu kimi, ən ali tribuna olan BMT-də də güclü təqdim etməklə yanaşı, dünyada mövcud ədalətsizliklərə, siyasi riyakarlıqlara, terrorçu dövlət olan Ermənistana qarşı tutulan güzəştli mövqeyə diqqəti cəlb etdi.
Öncə çıxışını Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməyi şərəf bildiyini qeyd edən Prezident dedi ki, hərəkata üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vaxtı çatdığını bildirdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatı üçün də əlamətdar il olduğunu deyərək, hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinin də qeyd edildiyini vurğuladı".
A.Hüseynov bildirdi ki, Prezident müstəqillik tariximizdən və təqribən, 30 illik bir dövrdə Azərbaycanın müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olduğundan söz açdı. Eyni zamanda, bildirdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir: “Prezidentimiz BMT tribunasından Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımı törətdiyini diqqətə çatdırdı. O, Ermənistanın işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini də bildirdi. Dövlət başçımız iclasda ”Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşır. Buna görə də biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik" dedi və təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu dünyanın bir nömrəli beynəlxalq təşkilatın tribunasından bəyan etdi".
Deputat onu da dedi ki, Azərbaycan prezidentinin ölkəmizin sabit, müasir və demokratik, tolerant ölkə olduğunu da faktlarla bəyan etməsi də diqqətdən yayınmamalıdır.
Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, Prezident İlham Əliyevin çıxış olduqca məzmunlu çıxışdır və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından unikal bir hadisədir: “Əvvəla, Baş Assambleyanın iclasında çox geniş vaxt ayrıldı ki, Azərbaycan prezidenti ölkəsi haqqında, ölkəsinin siyasəti haqqında, beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfəsi barədə, eyni zamanda ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması və onun ağır fəsadları haqqında beynəlxalq ictimaiyyətə birbaşa geniş məlumatlar versin, fikirlərini ətraflı çatdırsın. İlk növbədə ölkəmizin bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri BMT videoformat şəklində tribunasından bütün dünyaya çatdırdı. Təkzibedilməz faktlar və arqumentlərə söykənərək ilk növbədə Ermənistanın təcavüzkar siyasətini, Azərbaycan torpaqlarının 20 faizindən artığını işğal etdiyini, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal altındakı ərazilərdə tarixi dini mədəni abidələri məhv etdiyini, Xocalıda azərbaycanlılara qarşı soyqırım törətdiyini və bəşəri hərbi cinayətə imza atdığını vurğuladı və Ermənistanın yeni rəhbərliyinin də köhnə rəhbərliyin bu siyasətini davam etdirdiyini bildirdi. Bəyan etdi ki, Ermənistanın yeni rəhbərliyinin tutduğu mövqe regionda yeni müharibənin alovlanmasını tətikləyən mövqedir. Prezident BMT tribunasından bəyan etdi ki, Azərbaycan üçün mənasız danışıqlar qəbuledilməzdir və Nikol Paşinyanın bəyanatları danışıqları əhəmiyyətsiz edir. BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi qətnamələrə də cənab İlham Əliyev diqqəti cəlb etdi. Bəyan etdi ki, qəbul edilmiş bu qətnamələrdə erməni silahlı qüvvələrinin dərhal qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması öz əksini tapır, lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Eyni zamanda cənab prezident vurğuladı ki, BMT TŞ-nin qəbul etdiyi 853 saylı qətnamədə erməni silahlı qüvvələrinin çıxarılmasının zaman qrafiki də nəzərdə tutulmuşdu, lakin o icra olunmadı və bu gün həmin zaman qrafikinin yenilənməsinə ehtiyac var. Yəni yeni bir qrafik tutulmalıdır ki, erməni silahlı qüvvələri hansı müddətdə çıxarılmalıdır. Eyni zamanda bəyan edildi ki, 4 qətnamə müddətsizdir və icra olunmalıdır”.
E.Nəsirov vurğulayıb ki, cənab Prezidentin dünya ictimaiyyətinin diqqətinə Ermənistanın mülki şəxslərdən ibarət hərbi dəstələr yaratması və xaricdən muzdlu terrorçuları işğal olunmuş ərazilərə gətirməsini çatdırmasına da diqqət edilməlidir: “Xüsusilə, Prezident işğalçı Ermənistana son aylarda 1000 tondan artıq silah sursat verildiyini də bəyan elədi və ölkələri işğalçını silahlandırmaqdan çəkinməyə çağırdı. Silah verən ölkələrin bununla Ermənistanı müharibəyə şirnikləndirdiyini dünyanın diqqətinə çatdırdı və bəyan elədi ki, müharibə başlayarsa bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Bu məsələni cənab prezident açıq şəkildə bildirdi. Cənab İlham Əliyevin çıxışında daha bir mühüm məqam ATƏT-in Minsk qrupunun üç həmsədrinin də səylərinin də işğal faktına son qoymadığını barədə dedikləridir. Prezident vurğuladı ki, üç həmsədr yox, Minsk qrupunun 11 üzvünün hər biri bu prosesdə iştirak etməlidir. Azərbaycanın dövlət başçısı həmçinin bəyan elədi ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyinə əsasən sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh mümkün deyil. Deməli, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Cənab prezident çıxışında Azərbaycanın əldə etdiyi uğurlar barədə də ətraflı və faktlarla danışdı".
Deputat qeyd etdi ki, prezident çıxışının sonunda çox böyük siyasi əhəmiyyəti olan konkret təkliflər irəli sürüb: “İlk növbədə ona diqqəti cəlb etdi ki, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlarda ciddi islahatlar aparılmalıdır. Bu kontekstdə BMT-də islahatlar məsələsini gündəmə gətirdi. Məqsəd odur ki, bu beynəlxalq universal təşkilatın nüfuzunu qorumaq, təsir imkanlarını artırmaq lazımdır. BMT TŞ-nın qətnamələrinin icrası mexanizmlərinin yaradılması məsələsi də təkliflərdə gündəmə gətirildi. Bu məsələni gündəmə gətirən yeganə dövlət başçısı məhz Azərbaycan prezidentidir. Azərbaycan prezidenti dünya üçün daha bir ciddi məsələni də qaldırdı və təklif etdi koronavirusa qarşı peyvənd tapılandan sonra onun imkansız kasıb ölkələrin də onu alması təmin edilməlidir, kasıb ölkələrə vaksin pulsuz verilməlidir. Bütövlükdə hesab edirəm ki, Azərbaycan prezidentinin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı tarixi bir çıxış oldu. Bu, pandemiya dövründə Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə verdiyi töhfədir”./Yeni Müsavat/
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”