“Bu gün qadınlı-kişili hər birimiz bir əsgərik”
Könül İsmayılova: “Hər zaman dövlətimizin, ordumuzun yanındayıq”
Xəbər verdiyimiz kimi, bu gün, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəyanı zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Genişmiqyaslı hücuma keçən düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Bu gün həm də Azərbaycanın ümumi maraqlarına biganə qalmayan demək olar ki, bütün siyasi partiyalar bəyanatla çıxış edərək dövlət başçısına, ordumuza dəstək nümayiş etdiriblər.
Bununla bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova cəbhədən gələn hər bir qələbə xəbərindən qürurlandığını vurğulayıb.
Sədr müavini qeyd edib ki, gün ərzində gedən proseslərlə bağlı partiyanın sədrindən tapşırıqlar alır və rayon təşkilat sədrləri ilə ayrı-ayrılıqda telefon əlaqəsi yaradaraq yaranmış vəziyyətin üzvlərlə birgə müzakirəsinin vacibliyini deyir, hər kəsi ehtiyatlı olmağa, yanlış məlumatların yayılmasına yol verməməyə çağırır:
“Hazırda həssas dönəmdəyik. O qədər ehtiyatlı olmalıyıq ki, düşmənə xeyir verəcək bir yanlışlığa yol verməyək. Bizim rayon təşkilatlarımızda üzvlər arasında ehtiyatda olan əsgər və zabitlərimiz var. Onlar bu gün də döyüşlərə atılmağa hazır olduqlarını deyirlər. Onları səbrli olmağa çağırır, ehtiyac yaranarsa səfərbər ediləcəklərini bildiririk. Çünki Azərbaycanın güclü ordusu bu gün rəşadətlə döyüşür, hələ ki, elə bir ehtiyac duyulmur. Əslində bu gün qadınlı-kişili hər birimiz bir əsgərik və hər zaman dövlətimizin, ordumuzun yanındayıq”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”