Prezident qətiyyəti, lider örnəyi!
Müzəffər Azərbaycan ordusu öncəbhədə inamla irəliləyir
QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/
Müzəffər Azərbaycan ordusu öncəbhədə inamla irəliləyir. Öz Ali Baş Komandanına və öz xilaskar ordusuna, vətənpərvər əsgərinə dərin inam bəsləyən xalqımız yüksək ovqata, coşğun milli qürur hissinə sahibdir. Dövlətimiz, şəxsən dövlət başçımız xalqın istəklərinin ən parlaq ifadəçisidir. Bu ifadə tarixi həqiqətləri, günümüzün siyasi-hərbi gerçəkliklərini, qarşıda duran milli, xəlqi və bəşəri vəzifələri bütün dərinliyi və üfüqgenişliyi ilə özündə ehtiva edir. Biz bu dərinlik və genişliyi cənab Prezidentin Cəbrayıl şəhərinin 27 illik işğaldan azad edilməsi ilə bağlı xalqa tarixi müraciəti və “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bir daha gördük.
Bu yerdə diqqətinizi Azərbaycan Respublikası Baş Prokurorluğunun və Müdafiə Nazirliyimizin yaymış olduğu yeni məlumatlara cəlb etmək istərdim. – Bu məlumatlar Azərbaycan dövlət başçılarının xalqa müraciətində və “Əl-Ərəbiyyə”yə müsahibədə dediyi fikirlərlə səsləşməklə, ordumuzun sülhə məcburetmə əməliyyatlarının qaçınılmazlığını bir daha və bir daha göstərir. Beləliklə, 27 sentyabrdan bəri (bu sətirlər yazılanadək) Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumlarının acı nəticələri belədir: -24 dinc sakin həlak olub; -121 dinc sakin yaralanıb; -56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb. Biz bu sətirləri yazarkən, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Göygöl, Goranboy şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulurdu və adekvat tədbirlər görülürdü... Dünən səhər saatlarında Gəncə, gecənin gec saatlarında isə Xızı, Abşeron və Mingəçevir Ermənistan ərazisindən mərmilərlə atəşə məruz qalmışdı. – Diqqət edin: elə saatlar seçilir ki insan tələfatı çox olsun; necə ki Ermənistan silahlı qüvvələrinin 27 sentyabrdakı – məhz istirahət günündəki hücumu da, səhər saat 06.00-da başlamışdı... Ermənistan dövləti, şəxsən baş nazir Paşinyan nə etmək istəyir? – Bütün bunlar nəyə xidmət edir, nə üçün baş verir? O həlak olan, yaralanan, evi, mülkü dağılan azərbaycanlıların günahı nədir? – Günahları azərbaycanlı olmaqdırmı? Paşinyan əli silahsız dinc insanlardan niyə qorxur?! Yoxsa, elə düşünür ki öncəbhədən xeyli uzaqlardakı dinc əhalini hədəf seçməklə bizləri qorxuda biləcək? Bəlkə ona görə ki, Ermənistanın öz cəmiyyətini xəstə hala saldğı mənfur “Böyük Ermənistan” xülyası gerçəkləşmir və bu “guya demokrat” Paşinyanı rəncidə edir? Yeri gəlmişkən, məşhur erməni bloger Tiqran Köçəryan öz yazısında (http:// pigh.tv/?p=13) Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib (daha öncə, qondarma rejimin qondarma başçısı Araik Arutyunyan Gəncəni vurmaq hədəsi ilə çıxış etmişdi). Erməni bloger anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini eyni aqibət gözləyə bilər. O, öncəbhənin güney səmtində (Füzuli-Cəbrayıl istiqaməti) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən onların bir çoxunun ölməsi, eləcə də, cəbhənin quzey tərəfində (Ağdərə istiqaməti) döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycan ordusunun artilleriya həmləsinə tab gətirməyərək, qaçması barədə də yazıb.
Bu faktlar, dəyərləndirmələr öz yerində; ümumiyyətcə, azərbaycanlılara dövlət müstəqilliyinin zövqü-səfasını tam yaşamağa imkan verməyən, Qafqazları qan çanağına çevirən Ermənistan dövləti cəzasızlığının sonsuzadək davam etməyəcəyini idrak etməliydi. İndi – sülpərvər Azərbaycan dövlətinin sülhə məcburetmə əməliyyatlarından sonra, bizim uzun illər nələr çəkdiyimizi nəhayət başa düşməyə imkanları olacaq... Başa düşəcəklər ki, min km.-lərlə uzaqlardakı havadarlara arxalanıb, ən uzun sərhəd qonşusu olan dövlətə qarşı təcavüzkarlıq etməklə necə bir tarixi yanlışlığa imza atıblar... Necə bir tarixi yanlışlıq içində olublar ki Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərində ikinci bir erməni dövləti qurmaqda da israr edirdilər. Özü də, bütün ərazisi özünün yox, həmin bu xeyirxah, sülhpərvər qonşunun – Azərbaycanın tarixi torpaqlarıykən... Buyurun, bu sözlər Prezident İlham Əliyevin xalqa müraciətindəndir: “...İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb, çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”. Ən yeni dövr Azərbaycan tarixinin şanlı səhifələrinin qızıl sətirləridir bu! Azərbaycan Prezidentinin xalq müraciəti öz təsbitləri, təsdiq və çağırışları ilə bir əsərdir – həqiqət və cəsarət əsəri! Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü.
Cənab Prezidentin qətiyyəti, titanik fəaliyyəti öncəbhədə hərbçilərimizin, xarici cəbhədə diplomatlarımızın ilham mənbəyidir. Prezidentimiz hələ illər öncə, hücum diplomatiyası təlimatı vermişdi; ordumuz illərdi bugünkü əks-hücum üçün təlimlərdən keçir, hər cür imkanlarla təmin edilirdi. Və budur, cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi rəhbərliyi dövləti, ordunu, xalqı həsrətində olduğumuz zəfərə çatdırmaqdadır! Bugün məhz cənab İlham Əliyevin sayəsində, hərb cəbhəsində, diplomatik cəbhədə əldə edilən nəticələrin qürurunu yaşayırıq. Dövlət başçısının xalqa müraciətində hansı məqamları özəlliklə fərqləndirməliyik? – Məncə, ilk növbədə bu məqamlar önplana çıxır: Azərbaycanın haqlı möveqyinin danılmaz faktlarla ifadəsi, Uzun illərdir dözüm göstərən Azərbaycanın sülhə, danışıqlara həmişə hazır olduğu, lakin bundan sonra mənasız danışıqlara vaxt itirməyəcəyi, Ordu-xalq, dövlət-xalq birliyinin sarsılmazlığı, İşğalçının “qalib ədası”nın qəhrəman Azərbaycan əsgəri tərəfindən qısa müddətdə yerlə yeksan edildiyi, İşğaldan azad edilmiş torpaqlara əbədi dinclik, əmin-amanlıq qayıdacağı, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin, Ermənistanın özünü iflasa apardığı, Erməni xalqının öz hakimiyyətini təxirəsalınmadan qəti məsuliyyətə, ədalətli sülhə çağırmalı olduğu və b. Azərbaycan Prezidentinin oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibədə dedikləri də xalqa müraciətindəki fikirlərlə tam səsləşir. Dövlət siyasətimiz, dövlət başçımızın sözü həmişə olduğu kimi səmimidir, həqiqətləri əks etdirir. Ermənistan hakimiyyətinin ikiüzlü, riyakar, hiylə dolu siyasətindən fərqli olaraq, biz sabitqədəmik, bizim bir üzümüz var. – Bu, kimin haqlı, kimin haqsız olmasının daha bir təcallasıdır. Bizim hansısa suçumuz, bəşəri cinayətimiz olmadığı üçün hansısa yalanlara da ehtiyacımız yoxdur. Cənab Prezidentin ard-arda “Rossiya-1”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə” və “TRT Haber” televiziya kanalına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimizdir, həqiqətimizin tirajlanmasıdır; bunun özəlliklə indiki məqamda bu səviyyə və miqyasda olmasının vacibliyinin xüsusi əsaslandırma tələb etmədiyi aydındır. Aydındır ki, bizim işimiz haqq işidir, ordumuz xilaskarlıq missiyası yerinə yetirir; ancaq o da aydındır ki, erməniyanlılar, erməni diaspor və lobbi güclərinin ciddi təsiri altına düşmüş beynəlxalq dairələr, media orqanları da var və biz uzun illər olduğu kimi, bugünlərdə də, şər-böhtanla, ədalətsiz yanaşma və saxta informasiyalarla qarşılaşmaqdayıq. Bu anti-Azərbaycan təbliğatı, qara piar gedib böyük dövlətlərin başçılarının leksikonuna da təsir edirsə, əlbəttə, adekvat münasibəti zəruri qılır. Prezident “Əl-Ərəbiyyə”yə müsahibəsində bu məsələyə də toxundu: “...ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin.
Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. ...Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm”. İşğalçı dövləti belə ciddi-cəhdlə müdafiə edən dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və biz ondan uzun illər boyu ədalətli mövqe gözləmişik...
Ədalətli mövqe tutmağa biləvasitə borclu olan bir dövlətin başçısı ədalətli olmağı bacarmırsa, heç olmazsa, neytral qalmağa borcludur. Cənab İlham Əliyevin dediyi kimi, ədalətsizliyin, haqsızlığın XXI yüzildəki bariz təmsilçiləri Azərbaycandan əl çəkməlidir, bütövlükdə regiondan əl çəkməlidir. Onsuz da, ədalətsizlik zəfər çala bilməz, onsuz da, Ermənistan işğalçılıq siyasətinin bədəlini ödəyəcək; Ermənistanın havadarları ən azından öz dövlətlərinin imicini düşünsün. Bəli, biz öz torpağımızdayıq, bizim işimiz haqq işidir. Biz torpaqlarımızı işğaldan azad edirik. – Bu, bizim milli borcumuz olmalqa yanaşı, beynəlxalq sülhün təmini, beynəlxalq hüququn bərqərar olması baxımından da vacibdir və təqdir olunmalıdır. DÖVLƏTİMİZ VAR OLSUN!
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”