Oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İngan Malem parlamentdə olub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva qonağı salamlayıb və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini diqqətə çatdıran komitə sədri ona cəbhə xəttindəki son vəziyyətlə bağlı məlumat verib. Qənirə Paşayeva 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsinin işğalçı Ermənistan tərəfindən fasiləsiz hücumlara məruz qaldığı, yüzlərlə mülki obyekt və fərdi evlərin dağıdıldığı, insan tələfatı və xəsarət alanlar barədə məlumat verib.
Bildirilib ki, Ermənistanın sentyabrın 27-də Azərbaycan ərazilərini intensiv şəkildə ağır artilleriya atəşinə məruz qoyması xalqımızın illərdir sülh gözləntiləri ilə yanaşdığı səbr kasasını daşırıb, Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan artıq hərb yolundan başqa çıxış yolunun olmadığını xalqa bəyan edib, bütün cəbhə boyu sürətli əks-hücuma başlanılıb.
Qənirə Paşayeva vurğulayıb ki, hazırda Ermənistan cəbhə xəttindən çox kənarda yerləşən Mingəçevir, Gəncə kimi böyük şəhərləri, Ağcabədi, Beyləqan, Bərdə, Xızı və Abşeron rayonlarını intensiv şəkildə raket zərbələrinə tutur. Ermənistan bu müddət ərzində müsəlman dünyasına da böyük mənəvi zərərlər vurub. İşğal etdiyi ərazilərdə yüzlərlə mədəni-tarixi abidələrimizi dağıdıb, məscidlərimizi və müqəddəs ziyarətgahlarımızı təhqir edib.
Qənirə Paşayeva İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü olan bir müsəlman ölkəsi kimi bu tarixi ədalətsizliyə susqunluqla yanaşmayacağına ümidvar olduğunu bildirib.
Görüşdə iştirak edən millət vəkilləri Aydın Hüseynov və İlham Məmmədov qonağa cəbhə xəttində baş verən son hadisələr, Ermənistanın torpaqlarımızda apardığı işğalçılıq siyasəti və ekoloji terror fəaliyyəti barədə danışıblar.
Görüş üçün minnətdarlığını bildirən İngan Malem İndoneziyanın Azərbaycanda baş verənləri yaxından izlədiyini deyib. Xalqlar arasında mənəvi yaxınlıqdan danışan qonaq Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıqlarını bildirib. O, mülki əhalinin öldürülməsinin, cəbhə xəttindən kənarda olan infrastrukturun, evlərin dağıdılmasının çox üzücü olduğunu, müharibə qanunları çərçivəsinə sığmadığını bildirib.
O qeyd edib ki, İndoneziya xalqı bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. İngan Malen görüşdə müzakirə olunanları İndoneziya rəsmilərinə çatdıracağını söyləyib və İndoneziya Nümayəndələr Palatası ilə Azərbaycan parlament üzvləri arasında görüşlərin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin münasibətlərimizin gələcək inkişafı baxımından faydalı ola biləcəyini diqqətə çatdırıb.