“Prezident bu təpkiləri çox qətiyyətli şəkildə leqallaşdırır”
Qulu Məhərrəmli: “İndiki halda danışıqlar məsələsinin gündəmə gətirilməsi yanlışdır, mümkünsüzdür”
“İndiki halda Azərbaycan ordusunun öz döyüş əməliyyatlarını yumşaltmaq fikri yoxdur, çünki ordumuz çox ciddi taktiki və strateji əks əməliyyatlar aparır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert, professor Qulu Məhərrəmli son günlər ordumuzun əks hücumunda müəyyən səngimənin olması və bu prosesin danışıqlara hazırlıq kimi qiymətləndirilməsi ilə bağlı ictimai fikirlər ətrafında verdiyi şərhində bildirib.
Q.Məhərrəmli bildirib ki, hazırda cəbhə boyu aparılan əməliyyatların yumşalmasından söhbət gedə bilməz. Çünki Ordumuzun Ali Baş Komandanın əmri ilə başladığı hərbi əməliyyatlar hələlik yerinə yetirilməyib:
“Bu gün işğal edilmiş torpaqlarımız hələ də düşməndən tam olaraq təmizlənməyib. Torpaqlar tam azad olunub, hərbi əməliyyatlar başa çatandan sonra və Ermənistanın hərbi birləşmələri Azərbaycandan çıxandan sonra danışıqlar haqqında düşünmək olar. 30 il ərzində danışıqların heç bir nəticə verməməsi onu göstərdi ki, Ermənistan danışıqlara məhəl qoymur və onun danışıq şüarı baş aldatmaqdan baqa bir şey deyil. Ona görə Azərbaycan öz beynəlxalq haqqından istifadə edərək Ermənisatanın hərbi hücumlarına qarşı əks hücumlarını davam etdirir”.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan ordusu çox savadlı, ağıllı, düşünülmüş hərbi hücum taktikası təqdim edir:
“Bu onu göstərir ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Onun istifadə etdiyi döyüş taktikası və silahlar müasir dünyada tətbiq olunan ən müasir silahlardır. Bu gün Ermənistanda yaranmış təlaş və o aqoniaya Azərbaycan ordusunun gücü ilə bağlıdır”.
Q.Məhərrəmli bildirib ki, bu gün Ermənistanın dünyada apardığı yalan, hay-küy kampaniyasına baxmayaraq, dünyanın böyük gücləri faktiki olaraq Azərbaycanın hücum haqqını tanıyır.
Professor bu mənada da hesab edir ki, Azərbaycana qarşı ciddi təpkilər ola bilməz və varsa da, ölkə Prezidenti bu təpkiləri çox qətiyyətli şəkildə leqallaşdırır:
“Ona görə də bu gün danışıqlar haqqında danışmaq yersizdir , mənasızdır, əhəmiyyətsizdir. Ölkə Prezidenti danışıqlarla bağlı çox dəqiq şərtlər qoyub: Ermənistanın hərbi birləşmələri ərazilərimizdən çıxarılır, Azərbaycan ərazilərini boşaltmaları ilə bağlı rəsmi olaraq sənədi Azərbaycana təqdim edir, Azərbaycana beynəlxalq hüquqla qarantiya verilir ki, ermənilər öz hərbi birləşmələrini Azərbaycan ərarzilərindən bütünlüklə çıxarıblar və Ermənistan “Qarabağ Ermənistan deyil”- deyib üzr istəyir. Yalnız bundan sonra bəli, orda yaşayacaq ermənilərin taleyi, təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə eləmək olar. İndiki halda danışıqlar məsələsinin gündəmə gətirilməsi yanlışdır, mümkünsüzdür. Danışıqlar yalnz o halda nəticə verə bilər ki, Ermənistan hərbi birləşmələri, işğalçı qoşun Azərbaycan ərazilərindən çıxarılsın”. /hafta.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”