Qənirə Paşayeva Ali Baş Komandanın xalqa müraciətindən yazdı

12:50 19-10-2020 | icon 353 | Siyasət
Qənirə Paşayeva Ali Baş Komandanın xalqa müraciətindən yazdı

Tarixi günlər yaşayırıq!

 
 
Sözün tam mənasında, ölkə tarixinin böyük proseslərinin içindəyik. – Onun necə şəkilləndiyini, necə inkişaf etdiyini görürük, yaşayırıq! Və əlbəttə, bu qürurverici günlərə necə gəlib çıxdığımızı bilirik!
 
 
Ali Baş Komandanımız sentyabrın 27-dən bəri artıq dördüncü dəfə xalqa müraciət etdi. Nə gizlədim, xalqımızın bir fərdi kimi, bir Millət vəkili kimi mənim də, ümidvaram, bütün dünya azərbaycanlılarının, bütün Azərbaycansevərlərin də gözü cənab İlham Əliyevin “Twit”lərində, televizyalardadır. – Hər gün yeni xəbər, daha bir xoş xəbər, işğaldan azad edilmiş yeni məntəqələrimizin adları! – Prezidentimiz duyurur, Prezidentimiz qürur bəxş edir, Prezidentimiz inam aşılayır!
 
 
Bu gün qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı! Dünənsə Füzuli şəhəri və 7 kəndimiz (Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli) müzəffər ordumuz tərəfindən azad olundu! Prezident xalqı çoc duyğulu şəkildə təbrik etdi! Gözümüz bir daha aydın olsun! Düşmənin Nizami yurdu Gəncəyə atdığı raketlərdən aldığımız ağır yaraları Füzulinin adını daşıyan şəhərimizin azadlığa qovuşması sarıdı, sağaltdı. Daha bir neçə gün öncə - sarı payız çağında da yamyaşıl Suqovuşanımız azad olunduqdan sonra çağlayan Tərtər çayı kimi bir daha coşdu qəlbimiz!
 
 
Dədəm Qorqudun alxışı yadıma düşür. Vətənimə səslənirəm:
 
- Qarlı uca dağların yıxılmasın!
Kölgəlicə hündür ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Öncəbhədə döyüşən igid əsgərimizə deyirəm:
-Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Vuruşanda iti polad uc qılıncın gödəlməsin!
Sancılarkən uzun nizən əyilməsin!
 
 
Xalq şairi Səməd Vurğunun ruhu məni bağışlasın, onun məşhur misralarını da yada salır və bu günə özəl olaraq bir balaca dəyişdirmək istəyirəm:
 
- Yazılsın tarixə bir qızıl xətlə,
20-ci ilin 17 oktyabr günü!
 
 
Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “…Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.
 
 
Bəli, 17 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi. Bu müraciət də öncəki üç müraciətin davamı, inkişafı və üfüqötəsinə boylanmamız üçün qanadımız oldu! Günəş oldu! Günəşdən hər kəsə pay düşür; Günəş hər yerə eyni şəfərqlər saçır. Bilirsiz, əslində, bizim torpaqlarımızı işağl edən, sonra daha yeni torpaqların işğalı üçün həvəslənən, tarixdəki ilk erməni dövlətinin Azərbaycan torpaqlarında qurulduğunu “unudan” ermənilərin düz-əməlli ağılverəni olsaydı, onlar siyasət, haqsızlıq soyuğunda üşüməzdilər. – İllərdir bizi üşütdükləri o soyuqda indi özləri üşüyür, özləri donur! Cənab Prezidentin xalqa parlaq müraciətinin əsas xətlərindən biri də məhz bu amillə bağlıydı: Ermənistan indi tarixinin ən ağır günlərini yaşayır və bu aqibət üçün məhz onlar özləri günahkardır. Erməni xalqı öz hakimiyyətindən hesab sormalı, onları məsuliyyətə cəlb etməlidir. Belə də dövlətmi olar?! Dəfələrlə edilən xəbərdarlıqlar, xoşgörülər, sülpərvərliklər, xeyirxahlıqlar, birgəyaşayışa dəvətlər, beynəlxalq hüquq normalarının xatırladılması Ermənistanda gərəksiz eyforiya yaratmamalıydı, bizi gücsüz sanmamalıydılar; əksinə, ağlın, idrakın, tarixi proseslərin məntiqinə uyğun davranışlara gətirib çıxarmalıydı. İndi baxın – nə irəli gələ bilirlər, nə geri gedə..! – İrəli gəlsələr, Azərbaycan Silahlı Qüvvələrinin dəqiq zərbələri onları cəhənnəmə vasil edəcək; geri dursalar, sadə ermənilər hesab soruşacaq. Soruşacaq ki, hanı sizin “qüdrətli ordu”nuz? Hanı sizin güclü diplomatiyanız? Hanı “qoruyucu məlkələriniz”? – Tarix boyu ermənilərin olmamış, heç vaxt da ermənilərin olmayacaq torpaqlar uğrunda illər uzunu niyə yalanlar danışmış, niyə beyinləri zəhərləmisiz? Sadə ermənilər – övladları, ərləri, ataları sərsəm ideya uğruna Qarabağa göndərilmiş və burada ölümü dadmış qadınlar (qzılar – analar, dul gəlinlər), yetim körpələr “guya demokrat” Paşinyandan, eləcə də, onun əliqanlı sələflərindən hesab soruşacaq, əlbət! Əlbət, bir gün anlayacaqlar və anladacaqlar ki, onların əzizləri “müqəddəs vəzifə” maskası altında Allahsızlıq etməyə, qan tökməyə, evlər yıxmağa, işğala göndərilib və cəhəhhəmi ana südü kimi haqq ediblər!
Bu uzaq olmayan hesab bütün saxtakar erməni siyasətçiləri, saxta qəhrəmanlar üçün məşhər günü olacaq!
Amma Ermənistanda kimin kiminlə nə hesab çəkib-çəkmədiyi bizim üçün əsas məsələ deyil, olsa-olsa, neçənci dərəcəli məsələdir. Bütün Ermənistan yığışıb gəlsə də, artıq çox gecdir, çox! Qarabağla bağlı boyundan yuxarı atılan Ermənistan, cəmi 100 yaşlarındakı (tarixdəki ilk) erməni dövlətinin özünü tarixi sınaq qarşısında qoyub. Əgər Azərbaycan Silahlı Qüvvələri mərhəmətli davransa, bəlkə tam iflas olmaqdan qismən qurtula bilərlər; yox, əgər bədnam “Böyük Ermənistan” xəyallarından, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq kimi axmaq xülyadan imzalı, möhürlü, andlı əl çəkməsələr, tarixlərinin ən böyük yanılqısını etmiş olacaqlar!
“Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” – Sözünüz sözümüz, yolunuz yolumuzdur, cənab Prezident!
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr