“Bundan sonra Azərbaycanla hesablaşacaqlar” - MÜSAHİBƏ
Rufiz Qonaqov: “Azərbaycan öz ərazisini işğaldan azad etməklə bölgənin konfiqurasiyasını və siyasi mənzərəni tamamilə dəyişir”
Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, işğalçılıq siyasəti davam edir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqlı tərəf olduğunu bildiyi halda, öz ikilistandartlarından əl çəkmir, erməni lobbisinin, diasporasının informasiya yalanlarından bəhrələnirlər. Azərbaycan erməni lobbisinin, diasporasının ölkəmizə qarşı dünyada apardığı əks təbliğata qarşı öz gücünü səfərbər etməklə yanaşı, həm də dünyanın informasiya məkanında təşkilatlanmanı tələb edir.
Versus.Az xəbər verir ki, politoloq Rufiz Qonaqov müsahibəsində bu və ya digər məqamlarla bağlı bir sıra nüanslara diqqət çəkib.
- Rufiz müəllim, bu gün Ermənistan Azərbaycan ərazilərində törətdiyi cinayətləri ört-basdır etmək üçün yalan informasiyaların yayılmasında işlər aparır, haqqı böğmağa çalışır. Erməni lobbisinin, diasporasının dünya üzrə müstəqil medianı susdurmaq cəhdləri nəyə yönəlikdir və erməni yalanları ayaq tutsa da, bu gün hansı nəticələrə nail ola bilir?
- Bu gün Azərbaycan haqlı mövqedədir və özünün ərazi bütövlüyünü qorumaq üçün əks-hücum əməliyyatlarını davam edir. Artıq Azərbaycanın xeyli ərazisi düşməndən azad edilib. Və bunu görən erməni lobbisi və onun havadarları yenə də özünün növbəti uydurma yalanlarını işə salıblar. Ermənilər müxtəlif ölkələrdə olan lobbiçiləri və havadarları vasitəsi ilə müxtəlif telekanallarda, müxtəlif saytlarda, müxtəlif media qurumlarında növbəti təxribatlarını, yalanlarını yaymaqla məşğuldurlar. Yenə də dünya ictimaiyyətini aldatmağa cəhd göstərərək, guya xarici vətəndaşların Azərbaycanda təzyiqlərə məruz qaldığını göstərməyə çalışırlar. Amma biz əks-hücum əməliyyatlarına başlamışıq. Cənab Prezident başda olmaqla, bütövlükdə Azərbaycan ictimaiyyəti, kütləvi informasiya vasitələri, televiziyaları, Azərbaycanla Türkiyənin dünyada təşkil etdiyi lobbilərimiz də bu istiqamətdə vahid mövqedən çıxış edirlər. Düşünürəm ki, biz bu mövqeni daha da inkişaf etdirməliyik. Təkcə müharibə dövründə, hərbi vəziyyətdə yox, eyni zamanda post-müharibə dövründə də bu fəaliyətimizi davam etdirməliyik.
Bu gün Azərbaycanın cəbhədə qalib gəlməsinin əsas səbəblərindən birincisi ökədə ictimai-siyasi həmrəyliyin, birliyin olmasıdır. Biz bu gün ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın, bütövlükdə cəmiyyətin vahid bir mövqedən çıxış etdiyini görürük. Hətta dünyada olan Türkiyə və Azərbaycan lobbisi bir araya gəlib və hesab edirəm ki, bu xətt davamlı olmalıdır. Bu xətt inkişaf etdirilərsə, əlbəttə ki, Azərbaycanın bütün sahələrdəki uğurları da dünyada düzgün yayılacaq. Düşünürəm ki, ermənilərin həm diplomatiya, həm hərbi, həm də informasiya cəbhəsində ölkəmizə uduzması bir faktdır. 2016-cı ildə aprel döyüşlərindən sonra artıq bu baş vermişdi və biz yüksələn xətt üzrə gedirik. Eyni zamanda biz bilirik ki, erməni lobbisi, diasporası Azərbaycan lobbisindən çox-çox əvvəl təşkil olunub, təşkilatlanıb. Erməni diasporası hətta ABŞ-da, Avropanın bir sıra ölkələrində ciddi təsirə malikdirlər. Buna baxmayaraq bu gün Azərbaycana uduzurlar. Bu uğurun səbəblərindən ən əsası da odur ki, Azərbaycan haqlı olan tərəfdir, heç kəsin torpağını işğal etməyib, əksinə, işğala məruz qoyulub. Ermənistan işğalçı ölkədir, terrorçu ölkədir və bu gün də müharibə cinayətlərini törətməklə özünün nə dərəcədə məkirli, xain, qatil millət olduğunu göstərir. Bu gün yalançı Ermənistanın nə deməsindən asılı olmayaraq, artıq dünya ictimaiyyəti də bilir ki, Qarabağ Azərbaycanın ərazisidir və bu gün biz əks-hücum əməliyyatlarını apararkən hər bir addımımız hesablanır. Amma təbii ki, Ermənistanın havadarları çalışırlar ki, dünyaya çaşdırıcı informasiyalar yaysınlar. Məncə onlar öz istədiklərinə nail ola bilməyəcəklər.
- Azərbaycanın dünyadakı lobbiçilik fəaliyyəti istiqamətində istənilən nəticəni almaq üçün növbəti mərhələdə hansı addımlar atılmalıdır?
- Artıq əvvəlki illərlə müqayisədə deyə bilərik ki, bu gün bizdə də lobbiçilik fəaliyyəti formalaşmaqdadır. Biz bilirik ki, dəfələrlə Bakı şəhərində dünya azərbaycanlılarının qurultayları keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin qurultaylarda çıxış edərək, bütün dünya azərbaycanlılarının Prezidenti olaraq hamını birləşməyə səsləyib. Bu baxımdan əlbəttə ki, bizim lobbimizin daha da təşkilatlanması, daha sıx birlşməsi, xüsusən də Azərbaycan-Türkiyə lobbisinin daha sıx birləşməsi çox vacibdir. Bu proses bir çox ölkələrdə baş verib, amma hələ də görüləsi işlər çoxdur. O ki qaldı ermənilərin bu gün yenə də haqqı söyləyən, ədalətin yanında olan, düz məlumat verən jurnalistlərə, KİV-lərə qarşı etiraz aksiyaları keçirməsinə, təbii ki bunlar olacaq. Mən o fikirdəyəm ki, bunlar Azərbaycanın gördüyü uğurlu işləri üstələyə biləcək səviyyədə deyil. Lakin ermənilərin yalan informasiyalarına, həqiqəti boğmasına qarşı beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar göz yummamalıdır. Bilməlidirlər ki, Ermənistan terrorçu, işğalçı dövlətdirsə, onları dəstəkləməklə özləri də terroru dəstəkləmiş olurlar. Azərbaycan da Avropanın mərkəzində, ABŞ-da, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aksiyalar keçirir. Amma biz bununla arxayınlaşmamalıyıq, bundan sonra da bu siyasətimizi davam etdirməliyik. Çünki Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad etdikdən sonra da erməni yalanları davam edəcək. Ona görə də biz erməni yalanlarını faş etmək üçün dünyada təşkilatlanmanı daha da gücləndirməliyik.
- Rufiz müəllim, Ermənistan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar etdi. Niyə Beynəlxalq təşkilatlar müharibənin uğurlu həllinə öz töhfələrini vermir, Ermənistana təzyiq göstərmir, sanksiya tətbiq etmir. Səbəb erməni lobbisi və diasporasıdır, yoxsa başqa səbəblər var?
- Ona görə ki, dünyada ikilistandartlar mövcuddur. Çox əfsuslar olsun ki, bu ikilistandartlar, bu ədalətsiz yanaşmalar aradan qaldırılmır. Beynəlxalq hüquq bəzi ölkələr, regionlar üçün işləyir, bəzi ərazilər, bəzi münaqişələrlə bağlı işləmir. Dağlıq Qarabağ münaqişəsi kimi tanınan bu problem həm ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmadı, həm də BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamələri kağız üzərində qaldı. Ona görə ki, həmin beynəlxalq təşkilatlar, həmin dövlətlər bu gün ikilistandartlara söykənirlər. Bu təşkilatların özlərinə islahatlar lazımdır. Onların özündə birinci növbədə ədalət bərpa olunmalıdır. Burda lobbinin də təsiri var. Digər tərəfdən də cənab Prezident İlham Əliyev son zamanda çoxsaylı xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində çox vacib məqamlara toxundu. Cənab Prezident dedi ki, bu gün dünya güclə hesablaşır. Bu prinsipi isə Azərbaycan yaratmayıb. Bugünkü Azərbaycanın əks-hücumu bir daha onu göstərdi ki, Azərbaycan bu 27 ildə sülh danışıqlarına sadiq qaldı, səbrlə gözlədi, ümid elədi ki, beynəlxalq ictimaiyyət bu münaqişədə haqlı mövqeyi ortaya qoyub Ermənistanı cəzalandıracaq. Amma bu baş vermədi. Bu gün Azərbaycan əks-hücuma keçərək hərb yolu ilə öz torpaqlarını azad etməyə başlayanda, biz gördük ki, bu güclə hesablaşırlar. Deməli, dünyada real gücü ortaya qoyan ölkələrlə hesablaşırlar. Bu torpaqlar Azərbaycanın ərazisidir. Azərbaycanın ərazisini isə bütün dünya dövlətləri və təşkilatları tam olaraq tanıyıb. Bu gün dünyada elə bir fikir yaranıb ki, kimin iqtisadi, siyasi gücü varsa o ölkələr də dünyada diqtə edir. Bu baxımdan da Azərbaycan artıq o mərhələyə qədəm qoyub ki, həm regionda, həm beynəlxalq aləmdə artıq öz sözünü deyir və Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Eyni zamanda, Azərbaycan öz ərazisini işğaldan azad etməklə bölgənin konfiqurasiyasını və siyasi mənzərəni tamamilə dəyişir. Məhz bu baxımdan mən düşünürəm ki, bölgədə müharibədən sonra yeni bir konfiqurativ mənzərə, yeni bir situasiya yaranacaq. Bu da artıq Azərbaycana imkan verəcək ki, necə Türkiyə bu gün dünyada öz ordusu, öz sözü ilə seçilir, Azərbaycan da dünyanın ən güclü 50 ordusunun sırasında olan, iqtisadi baxımdan güclənən dövlət kimi söz sahibinə çevrilir. Azərbaycanın buna haqqı da çatır. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, BMT-nin qeyri-daimi üzvü olsa da, 1 ay ərzində təhlükəsizlik şurasına rəhbərlik edən bir ölkə olub. Azərbaycan bu gün dünyanın 3-də 1-ni birləşdirən Qoşulmama Hərəkatına 3 il sədrlik edən, bütün beynəlxalq qurumlarda rəhbərlik səviyyəsində təmsil olunan bir ölkədir. Bu gün Azərbaycanın diplomatiyası hücum diplomatiyasıdır, ordumuz hücumdadır, qələbələrimizin sayı da kifayət qədərdir. Bundan sonra Azərbaycanla hesablaşacaqlar. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”