Vətən müharibəsi və Cənubi Qafqazın yeni geosiyasi reallıqları - MÜSAHİBƏ
Rauf Məmmədov: “Bu birlik yeni dünya nizamının formalaşmasında öz təsirini göstərə biləcək qlobal güc birliyidir”
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və nəhayət 1 aydan çox olar ki, Azərbaycanın əks hücumları regionun yeni geosiyasi mənzərəsini yaratmaqdadır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi reallığında regionda marağı olan dövlətlərin münasibətlərindəki təzadlar meydana çıxır. Cənubi Qafqaz yeni geosiyası reallıqların fonunda dəyişir.
Versus.Az xəbər verir ki, AMEA-nın elmi işçisi, politoloq Rauf Məmmədov müsahibəsində çox maraqlı nüanslara diqqət çəkib.
- Rauf müəllim, bu gün Qarabağda gedən Vətən Müharibəsi bölgənin geosiyasi durumuna necə təsir göstərir?
- Son bir ayda Cənubi Qafqazda geosiyasi durum dəyişib və dəyişməkdə davam edir. Əslində, baş verən bu tarixi proses, Azərbaycanın geosiyasi əhəmiyyətini Cənubi Qafqazda artırmaqla yanaşı, eyni zamanda, onun dünya siyasətində yeni regional bir güc kimi ortaya çıxmasına şərait yaradır. Azərbaycanın enerji layihələrində, “İpək Yolu” layihəsində tutduğu mövqenin aktuallığı, onun müasir hərbi imkanlarının və insan resurslarının perspektivləri, Azərbaycanın sosial-mədəni sərhədlərinin genişliyi bunu deməyə əsas verir. Regionda Azərbaycan-Türkiyə-Pakistan birliyi yeni dünya nizamının formalaşmasında öz təsirini göstərə biləcək qlobal güc birliyidir. Artıq ABŞ, Rusiya və Avropa İttifaqının Azərbaycan və Türkiyəyə münasibətdə sərgilədikləri yeni münasibətlər sistemi bunu deməyə əsas verir.
Əlbəttə, dünyada hadisələrin bu istiqamətdə cərəyan etməsi çoxları üçün gözlənilməz idi. Lakin SSRİ-nin dağılması və dünyanın təkqütblü şəkildə idarə olunmasının qeyri-mümkünlüyü gözlənilməz tarixi proseslərin inkişafına təkan verdi. Artıq dünyada çoxqütbülük prosesi gedir. Azərbaycan və Türkiyə bir çox türk və müsəlman ölkələri ilə birlikdə bu yeni dünya nizamı sistemində yeni bir qütbə çevrilirlər. Çoxqütblü yeni dünya sistemində böyük regional və qlobal güclər öz maraqları istiqamətində bir-biri ilə mübarizə aparırlar - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə, Çin. Azərbaycan, çoxqütblü dünya sistemində öz yerini müəyyənləşdirib Türkiyənin yanında yer alır. Bu da təbiidir. Çünki Türkiyə və Azərbaycanın bütün sosial, mədəni, iqtisadi, siyasi parametrləri, dövlət maraqları üst-üstə düşür. İran teokratik dövlət olduğu üçün onun siyasi parametrləri və dövlət maraqları Azərbaycan ilə uzlaşmır. Rusiya son 200 ildə de-fakto anti-Azərbaycan siyasəti apardığı üçün onu Azərbaycan ilə bir-birinə bağlayan parametrlər tarixən formal olmuşdur. Qərbin Cənubi Qafqazda olan geosiyasi maraqlarının təməlində daima enerji siyasəti və iqtisadi maraqlar dayanmışdır. Belə bir şəraitdə Azərbaycanın təbii müttəfiqi Türkiyədir. Azərbaycan və Türkiyə xalqının ortaq milli ruhu, bu müttəfiqliyin bazasını təşkil edir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya, Fransanın öz aralarında dərin uçurumlar və maraq toqquşmaları mövcud olduğu halda, Türkiyəyə və Qarabağ məsələsinə münasibətdə maraqları üst-üstə düşür. Biz bunu Vətən Müharibəsində müşahidə etdiyimiz kimi, Suriya və Liviyada da müşahidə edirik. Hər üç ölkə Türkiyəyə qarşı Liviyada general Haftarı, Suriyada de-fakto Bəşər Əsədi və PKK-nı, Qarabağ savaşında Ermənistan və PKK-nı dəstəkləyirlər. Bu dəstəyi Ermənistana verilən silah yardımında, Azərbaycan və Türkiyəyə qarşı aparılan təxribat xarakterli informasiya müharibəsində, Ermənistanın münaqişə bölgəsindən kənarda yaşayan mülki əhalini qadağan olunmuş kütləvi qırğın silahları ilə bombalanmasına susmaqda müşahidə edirik.
- İranın regionda mövqeyi barədə nə deyə bilərsiniz?
- Maraqlıdır ki, “nümunəvi islam ölkəsi” kimi görünən İranın heç bir müsəlman ölkəsi ilə maraqları bir araya gəlmədiyi halda, bir çox hallarda maraqları qeyri-müsəlman ölkələrlə üst-üstə düşür - Suriyada Türkiyəyə qarşı Rusiya ilə, Qarabağda Azərbaycana qarşı Ermənistan və Rusiya ilə yaxınlaşması. Lakin İran öz ölkəsinin titul etnosunun - türklərin Qarabağ savaşına həssas reaksiyasını duyduqdan sonra, siyasətini ən azı formal olaraq dəyişmək məcburiyyətində qaldı. Əks təqdirdə, İran həm daxildə başına əngəl yaradar, Azərbaycanda şiə dindarların yanılmasına səbəb olar, həm də müsəlman aləmində özünü rüsvay edə bilərdi. İranın şiə ideologiyası üzərində bərqərar olduğunu nəzərə alsaq, bunun onun üçün nə qədər təhlükəli olduğunu anlaya bilərik.
İranın mövqeyini müəyyən qədər anlamaq olar. Cənubi Qafqazda Azərbaycanın güclənməsi və Türkiyənin regionda nüfuz sahibi olması, bir tərəfdən İranın teokratik rejiminə, digər tərəfdən, onun daxilində separatçılıq fəaliyyətinin geniş vüsət almasına şərait yarada bilər. Həmçinin, nəzərə alsaq ki, İran sanksiyalar şəraitində mövcud olmaq üçün illeqal şəkildə işğal olunmuş Qarabağ ərazisindən istifadə edərək Qara Dənizə çıxış əldə edirdi. Onun Aralıq Dənizinə çıxış cəhdi, Beyrut limanın partlayışından sonra məhdudlaşdı. ABŞ Hörmüz boğazını hərbi gəmilərlə nəzarət altında saxlayır. İranın qonşuları olan Əfqanıstan və Pakistan ilə də münasibətləri yaxşı deyildir. Bu baxımdan, İran ABŞ tərəfindən mühasirəyə alınır. İndi onun yeganə gəlir mənbəyi Çinə satdığı enerjidən əldə etdiyi gəlirlərdir. Əgər ABŞ Orta Asiyada yeni münaqişələr yaradaraq, orada Çinin nüfuz dairəsin zəiflədə bilsə, İranın üzərinə qoyulan sanksiyalar de-fakto öz işini sosial partlayışlar vasitəsilə görəcəkdir. Artıq Qırğızıstanda Çinin 5-ci kolonuna vurulan zərbə bu plana start verildiyini göstərir. Əslində bu plan Çinin “İpək Yolu” layihəsinə qarşı yönələn bir planın başlanğıcıdır. İran ilə Çinin əlaqələrinin məhdudlaşması İranın və Çinin iqtisadi tənəzzülünə səbəb ola bilər.
- Bəs Çinin Qarabağda baş verən savaşa münasibəti necədir? Çin, Cənubi Qafqazın kimin əlində olmasını istərdi? Rusiya, yoxsa Türkiyə?
- Çin Qarabağda baş verən savaşdan narahatdır. Çünki Çinin “İpək Yolu” layihəsinin əsas marşrutlarından biri Azərbaycan ərazisidir. İrandan keçən “İpək Yolu” layihəsinin əsas yolları da Türkiyədən keçir. Bu baxımdan, Çinin qlobal iqtisadi maraqları Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərdən asılıdır. Deməli, Çin bir tərəfdən Qarabağ savaşının tezliklə bitməsini, İranda sabitliyin qorunmasını, Azərbaycan və Türkiyənin ABŞ ilə yaxınlaşmamasını istəyir. Çin digər tərəfdən, Ermənistanda Paşinyan hökumətinin hakimiyyətdə qalmasını da istəyə bilməz. Çünki o, ABŞ-ın Soros layihəsidir. Bu baxımdan da İran da Paşinyan hökumətinin hakimiyyətdə qalmasını istəyə bilməz. İran üçün ən optimal variant Cənubi Qafqazın Türkiyənin deyil, Rusiyanın təsiri altında qalmasıdır. Lakin bu mümkün görünmür. Deməli, İran Türkiyə və Azərbaycan ilə səmimi əməkdaşlıq barədə düşünməlidir.
Düşünürəm ki, türk birliyi və islam amili Çini narahat edən əsas amillərdən olmasına baxmayaraq, Çin Türkiyənin Cənubi Qafqazda güclü olmasına daha çox önəm verərdi. Çünki “İpək Yolu” layihəsinin gerçəkləşməsi Çin üçün həyati əhəmiyyət kəsb edir. Üstəlik bu layihə Böyük Britaniyanın da maraqlarındadır. Böyük Britaniyanın Azərbaycan və Türkiyə ilə əlaqələri çox yaxşıdır. Qərbdə Böyük Britaniya Azərbaycanın ədalətli mövqeyinə dəstək verir. “İpək Yolu” layihəsinin əsas kordinatoru olan Böyük Britaniya, Azərbaycan və Türkiyə ilə ortaq maraqlar yaradırsa, Çin də bu maraqlara qoşulmaq məcburiyyətindədir. Bu baxımdan, Çinin iqtisadi maraqları Rusiyanın deyil, Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləməyi tələb edir.
Böyük Britaniya ilə Rusiyanın geosiyasi maraqları tarixən toqquşmuşdur. Bu gün də belədir. “İpək Yolu” layihəsi, “Bir kəmər, bir yol” layihələri Rusiyanın maraqlarına cavab vermir. Çünki Rusiyanın öz enerji resursları vardır və onları “Şimal axını - 2” layihəsi ilə Avropaya çıxarmağa çalışır. TANAP-TAP layihəsi isə buna alternativ kimi mane olur. Böyük Britaniya, ABŞ TANAP-TAP layihəsini ona görə dəstəkləyirlər ki, Rusiya Avropaya təzyiq edə bilməsin və özləri Avropanı idarə etsinlər. Orta Asiyanın transxəzər enerji xətlərinin TANAP layihəsinə qoşulması nəzərdə tutulan bir məsələdir. Böyük Britaniya, Türkiyə ilə geniş əməkdaşlıq şəraitində həm Avropanı öz nəzarəti altına götürər, həm də Türkiyə ilə birlikdə Asiya məkanında ortaq maraq dairələri qurar. Türkiyə Avrasiya məkanında Böyük Britaniya ilə Çin arasında körpü rolunu oynamaqla yanaşı, həm də onları özündən asılı duruma salan bir mövqeyə sahib olur. Bu isə böyük Turan birliyinin yaradılması zərurətini meydana çıxarır. Belə bir birliyin yaranması prosesi Böyük Britaniyanın və ABŞ-ın maraqlarına cavab verir. Çünki onlar bununla Rusiyanın parçalanmasına və Çinin təzyiq altında saxlanılmasına nail olmaqla yanaşı, Çin və Hindistan vasitəsilə də Türk birliyinə təzyiq göstərə bilərlər.
- Rauf müəllim, Fransanın Ermənistana siyasi dəstək verməkdə marağı nədir və əslində Fransanın inkişaf yolu kimin yanında olmaqdan keçir?
- Fransa özünü Türkiyəyə rəqib hesab edir. Fransa və Rusiyanın Liviyada və Suriyada, həmçinin, Aralıq Dənizində Türkiyəyə öz iradəsini yeridə bilməməsi və Türkiyənin cəsarətlə öz məqsədləri istiqamətində irəliləməsi, Fransanı qıcıqlandırır. Rəcəb Taib Ərdoğanın Cənubi Qafqazda fəallaşması və Azərbaycana açıq dəstək verməsi, Fransanın açıq Ermənistana dəstək verməsinə şərait yaratdı. Lakin Makronun siyasətdə naşı olduğu üzə çıxdı. Çünki o unutdu ki, Türkiyə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ona siyasi dəstək verir. Makron isə Minsk qrupunun həmsədr ölkəsi olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməklə, öz həmsədrlik statusuna və Fransanın nüfuzuna zərbə vurdu. O, öz ağlını itirərək, karikatura məsələsi ilə ölkədəki 10 milyona yaxın müsəlmanı və dünyada 1.5 milyarddan çox müsəlmanı Fransaya qarşı qaldırdı. Nəticəsi nə oldu? Yenidən Ərdoğanın nüfuzu yüksəldi və milyonlarla müsəlmanın siyasi liderinə çevrildi.
Makron sosialist-qlobalist fransa ideoloqu Jak Attalinin ideyalarının daşıyıcısı və Rotşildlərin kadrı kimi hakimiyyətə gəlmişdi. O, Fransanın dünya ÜDM-də reytinqini qoruyub saxlamaq üçün ucuz işçi qüvvəsi olan hüquqsuz - təhsil, tibb hüququndan məhrum olan miqrantların ölkəyə daxil olmasına şərait yaratmışdır. İndi isə ultrasağçı mövqedən çıxış edərək, Avropada faşizmin körüklənməsinə şərait yaradır. Əslində, faşizm II Dünya Müharibəsində olduğu kimi, Avropanın yenidən dağılması planı da ola bilər. Çünki sağçılarla miqrantların qarşıdurmasına solçular da qatılacaq və bu qarşıdurmada Avropanı xaosa sürükləyəcək və nəticədə, orada yeni bir Hitler peyda olacaqdır.
Makronun, Jak Attalinin ideyalarının daşıyıcısı və Rotşildlərin kadrı olduğunu nəzərə alsaq, onun da antimillətçi qlobalist bir siyasətçi olduğunu deyə bilərik. Ola bilər ki, Avropada ABŞ-ın ənənəvi sistemini ortadan qaldırmaq və onun yenidən format etmək üçün faşizmin yenidən gündəmə gətirilməsi lazımdır. Çünki Avropanı dağıdıb yenidən qurmağın ən asan yolu bundan keçir.
Fransanın Ermənistana siyasi dəstəyi əslində, onun geo-iqtisadi maraqlarına uyğun deyildir. Fransanın iqtisadi maraqları daha çox Azərbaycan ilə uzlaşır. Rotşildlərin Azərbaycanla maliyyə-bank sektorunda əməkdaşlığı, onların Çinə və “İpək Yolu” layihəsinə böyük sərmayələr qoyması bunu deməyə əsas verir. Əslində, Fransada sarı jiletliləri dəstəkləyən güclərin Ermənistanda Paşinyanı hakimiyyətə gətirdiyini nəzərə alsaq, Fransanın Ermənistanın deyil, Azərbaycanın yanında olması gərəkirdi. Görünür, Rəcəb Tayyib Ərdoğana olan düşmənçilik və nifrət Fransa hökumətinin strateji ağlını yanlış istiqamətə yönəldir. Doğrusu olan odur ki, Fransa Türkiyənin regional və qlobal bir güc olduğunu qəbul edib, onunla öz maraqlarını bölüşdürməlidir. Aralıq Dənizində Türkiyənin öz iradəsini ortaya qoyması, Kiprdə seçkilərdə Tatarın seçilməsi, Maraş sahilinin istifadəyə verilməsi, Suriya və Liviyada Türkiyənin üstünlük əldə etməsi göstərdi ki, Türkiyə reallığını qəbul etmək və onunla maraqları uzlaşdırmaq lazımdır. Artıq Rusiya da bu reallıqla barışmalıdır.
- Rusiyanın Cənubi Qafqaz siyasəti bu gündən sonra necə ola bilər. Rusiya Qarabağ müharibəsindən niyə kənarda dayanmağa üstünlük verdi?
- Rusiya Fransadan fərqli olaraq formal da olsa öz həmsədrlik statusunu qorumağa çalışdı. Əgər o da Fransa kimi açıq şəkildə Ermənistanı dəstəkləsəydi, Azərbaycanı birdəfəlik itirə bilərdi. Buna yol verməmək üçün Putin hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini bildirdi. Yəni, Rusiya Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazilərini işğaldan azad etməsinə göz yumdu. Rusiya həmsədr kimi formal atəşkəs razılaşması əldə etdi və o da dərhal Ermənistan tərəfindən pozuldu. Rusiya de-yuri özünü neytral göstərməyə çalışsa da, de-fakto Ermənistanın yanında yer aldı. Yəni, müharibə ərəfəsində silahların fasiləsiz şəkildə Ermənistana daşınması, Rusiya KİV-də Azərbaycana və Türkiyəyə qarşı sərt informasiya müharibəsinin aparılması, PKK, ASALA kimi terror təşkilatlarının Ermənistana yerləşməsinə göz yumması, erməni əsilli Rusiya vətəndaşlarının qeyri-qanuni şəkildə Ermənistana getməsinə şərait yaratması, Rusiyadan mülki təyyarələrdə ballistik raketlərin Ermənistana aparılması, Azərbaycanda mülki əhaliyə qarşı ermənilərin törətdiyi ağır terror hadisələrinə laqeydlik göstərməsi və digər belə faktlar bunu təsdiq edir. Azərbaycanın ərazilərinin işğal olunmasının və 30 il Minsk qrupu çərçivəsində danışıqlar masasında qalmasının əsas səbəbləri, həmsədr ölkələrin problemə bu cür yanaşmasından irəli gəlmişdir.
Rusiya əvvəlki aprel döyüşlərində olduğu kimi, müharibənin qarşısını ala bilmədi. Türkiyənin Azərbaycana verdiyi güclü siyasi dəstək müharibənin davam etməsinə şərait yaratdı. Çünki müharibənin dayanması strateji məqsədə çatmağın qarşısının alınması demək olardı. Bunun nəticəsi pis ola bilərdi. Yəni, ermənilər öz havadarları ilə birlikdə yenidən əldən verdiyi torpaqları geriyə almağa cəhd edərdi.
Azərbaycanın hərbi nailiyyətləri və bacarıqları, milli ruhun yüksəlməsi, Rusiya üçün gözlənilməz oldu. Rusiya artıq anladı ki, belə bir müasir ordunun qarşısına çıxmaq və onunla savaşmaq böyük itkilərə səbəb ola bilər. Türkiyə faktorunu da burada nəzərə alsaq, bu savaş Rusiya üçün arzuolunmazdır.
SSRİ-nin dağılmasının əsas səbəbi neft qiymətlərinin aşağı düşməsi və rus ordusunun Əfqanıstana daxil olması idi. Birincisi, rus ordusu əvvəlki sovet ordusu deyil. Çünki sovet ordusunda vuruşan əsgərlərin çoxu qeyri-ruslar idi. Bu gün rus ordusu Azərbaycana qarşı kimdən istifadə edə bilər. Qafqazlılardan ibarət ordu regionda Azərbaycana qarşı döyüşməz. Orta Asiya ölkələri də həmçinin. Etnik rusların müharibədə qırğına verilməsi, Rusiyada daxili durumu gərginləşdirə bilər. Deməli, savaş başlasa, Rusiya Şimali Qafqazı və Orta Asiyanı özünə qarşı oyadacaq. Bu isə KTMT-nın dağılmasına səbəb olar. İkincisi, savaş başlasa, Türkiyə və ardınca NATO savaşa girəcək. Beləliklə, Rusiya nəinki Cənubi Qafqazdan, hətta, Qafqazdan və Orta Asiyadan çıxmağa məcbur olacaqdır.
Üçüncüsü, Rusiyanın Avropa sərhədlərində yerləşən postsovet ölkələrində - Ukrayna, Belorusiya, Moldova, Pribaltikada, Qara Dəniz sərhədlərində NATO bloku rəngli inqilablarla ekspansiya siyasəti aparır. Rusiya bu ekspansiyanın qarşısını Belorusiyada almağa çalışsa da, müvəffəq olmadı və hətta, Moldovada durum gərginləşdi. Qırğızıstan hadisələri göstədi ki, yaxın dövrdə Orta Asiyada da durum gərginləşəcəkdir.
Neftin qiymətinin aşağı düşməsi Rusiyada daxili sosial problemləri və etirazları körükləyir. Navalninin zəhərlənməsi Rusiyanın yeganə ümid yeri olan Almaniya ilə münasibətlərini gərginləşdirdi. Belə bir durumda, Rusiya Cənubi Qafqazda hansı məntiqlə savaşa başlayar.
Rusiya artıq Cənubi Qafqazda öz mövqelərini itirmək üzrədir. Gürcüstanın Ermənistana silah daşınması üçün koridor verməməsi onu göstərdi ki, Gürcüstan onun təsir dairəsində deyildir. Türkiyənin Azərbaycanda hərbi-siyasi mövqeyinin güclənməsi və Azərbaycanda 5-ci kolonun zəifləməsi, Rusiyanın Azərbaycana təsir gücünü zəiflədibdir.
Ermənistana gəlincə, orada ABŞ-ın Soros layihəsi ilə hakimiyyətə gətirilən Paşinyan hökuməti vardır. Rusiya təbii ki, onun getməsini istəyir. Lakin bu asan məsələ deyil. Çünki ABŞ-ı daxil olduğu yerdən çıxarmaq asan məsələ deyil. Rusiya buna nə Gürcüstanda, nə Ukraynada, nə də Belorusiyada nail oldu. Rusiya bunu anlayır. Xüsusilə, onun Ermənistana dəstək ola bilməməsi Rusiyanın Ermənistanda və erməni diasporalarında nüfuzunu aşağı saldı. Çünki ermənilər Qərbə iqtisadi dəstək, Rusiyaya isə hərbi dəstək obyekti kimi baxırdılar. İndən sonra ermənilər artıq bunun gerçək olmadığını gördülər. Deməli, yaxın günlərdə Qarabağda tam məğlubiyyətdən sonra Ermənistanda Paşinyan bütün məğlubiyyətlərinin səbəbini Rusiyada və onun 5-ci kolonunda axtaracaq. Bu, daxildə qarşıdurma ilə müşayiət olunacaq, həbslər başlayacaq və rus ordusunun Ermənistandan çıxarılması prosesi başlayacaqdır. Artıq geriyə yol yoxdur. Artıq, Rusiyanın Cənubi Qafqazdan çıxmaq zamanı gəlmişdir.
Cənubi Qafqazda əsas güc mərkəzi Türkiyə-Azərbaycan birliyi olacaqdır. Ermənistan və Gürcüstan bu yeni geosiyasi mühitdə mövcud olmaq durumundadır. Yeni geosiyasi mühit, regionun inkişıfına və çiçəklənməsinə səbəb olacaqdır. Sonra Transxəzər neft-qaz layihələri də gündəmə gələcəkdir. Bu, yeni geosiyasi durum, İranda siyasi rejimin dəyişməsinə və demokratik bir sistemin qurulmasına da yol aça bilər. Eyni zamanda, Rusiya da yeni yaranan iqtisadi imkanlardan istifadə edərək, öz neft-qaz resurslarını TANAP-TAP xəttinə qoşa bilər. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”