“Beynəlxalq təşkilatlar ermənilərin Qarabağda qalmasına çalışır” - MÜSAHİBƏ

21:11 07-11-2020 | icon 482 | Siyasət
“Beynəlxalq təşkilatlar ermənilərin Qarabağda qalmasına çalışır” - MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “Ermənilər ərazilərimizdən tamamən çıxıb getsə, Rusiya “Qarabağ rinqi”ndən məhrum olacaq”

 

Ermənistanın təcavüzü nəticəsində 30 ildir çözümünü tapa bilməyən və bu gün Azərbaycan ordusunun əks-hücumları ilə davam edən Vətən Müharibəsi regionun geopolitik mənzərəsində öz təsirini göstərməkdədir. İndiki mərhələdə region dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycana münasibətində hər hansı möve dəyişikliyi etməsi nüansları isə birmənalı deyil.

 

Versus.Az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Zərdüşt müəllim, Vətən Müharibəsi kontekstindən baxanda bu gün regiona, Azərbaycana münasibətdə Rusiyanın, ABŞ və eləcə də beynəlxalq təşkilatların mövqeyində nə dəyişikliklər baş verir?

 

- Beynəlxalq təşkilatların Azərbaycana münasibətində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Avropanın neft-qaz təminatçısı kimi tanınır, Qoşulmama Hərəkatının üzvüdür və hansısa hərbi siyasi bloklara qoşulmur. Azərbaycan vaxtilə beynəlxalq aləmdən xahiş-minnət edirdi ki, Ermənistanı işğal etdiyi ərazilərimizdən çıxmağa vadar etsinlər. İndi isə özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək, öz torpaqlarını azad edir. Düzdür, erməni təbliğatı, erməni havadarları indi də çox güclü şəkildə işləyir. Amma hamı bilir ki, Azərbaycan haqlıdır və erməni təbliğatı da yavaş-yavaş puç olur. Çünki regiondakı mövqeləri Ermənistanın səmərəsiz dövlət olduğunu göstərir.

Rusiyanın bölgədəki təsiri addım-addım zəifləməyə doğru gedir. Gürcüstanın iki bölgəsini zorən qopardıb müstəqillik adı ilə özlərinə birləşdirsə də, heç kəs onu tanımamışdı. Ermənistanı nəzarətdə saxlayır ki, Qarabağ münaqişəsi vasitəsi ilə regionda öz təsirini saxlasın. İndi Qarabağ münaqişəsinin taleyi müharibənin nəticəsindən asılı olacaq. Ermənilər ərazilərimizdən tamamən çıxıb getsə, Rusiya “Qarabağ rinqi”ndən məhrum olacaq, qalsalar, hansısa hüquqların təminatçısı kimi özünü regiona sırıyacaq. Amma bu, xeyli zəifləmiş təsir olacaq.

Türkiyənin regiona daxil olmasına gəlincə, düşünmürəm ki, bundan da artıq güclənə bilsin. Azərbaycanın Türkiyə ilə çox sıx iqtisadi, hərbi əlaqələri var, hansısa bölgələr üzrə təhlükəsizlik müqavilələri var. Avropa axını, qaz-neft boru kəmərlərinin təhlükəsizlik müdafiəsinin məsuliyyəti Türkiyənin üzərindədir. Bu baxımdan, bəli, Türkiyə mühüm region dövlətinə çevrilir, amma bundan artıq heç nə olmayacaq. Əlaqələrimiz yüksək həddə olsa da, Azərbaycan çalışır ki, heç bir dövlət Azərbaycanda hegemon mövqeyə malik olmasın. Yəni bu gün Azərbaycan üçün milli kapitalın aparıcı olması əsas elementdir. Dünyanın aparıcı şirkətləri də Azərbaycana sərmayə qoyur, onlar da bu ölkənin mövqeyi ilə hesablaşmağa məcbur olurlar.

 

- Bir çox məqamlarda maraqlı dairələr ermənilərin Azərbaycanda qalıcılığının təmin olunmasını xüsusilə təbliğ edirlər. Beynəlxalq müstəvidə ermənilərin Azərbycanda qalıcılığının təmin olunması nəyə yönəlikdir, yenə nəyə nail olmağa çalışırlar?

 

- Əvvəla bir şeyi unutmaq lazım deyil ki, ermənilər qalsa da, qalmasa da, Rusiya regionda nüfuz sahibi olaraq qalacaq. Çünki coğrafi xəritəyə fikir versəniz görəcəksiz ki, Azərbaycanın şimalında böyük bir dövlət var. Onun cənub sərhəddində Dağıstan yerləşir. Orda azərbaycanlılar yaşayırlar. Yəni bizi tarixən bağlayan coğrafi, siyasi, iqtisadi, humanitar, tellər mövcuddur. Yəni bu yad dövlət deyil, bundan əlavə Rusiya bazarı həm də bizim üçün bir bazardır. Biz orda kənd təsərrüfatı məhsullarımızı satırıq. Sənayemizi bərpa etsək, hansısa sənaye məhsulları da sata bilərik. Eyni zamanda, biz bu dövlətlə normal insani, dövlətçilik münasibətlərimizi saxlamağa məcburuq. 

Erməni amilinə gəlincə, bəli, beynəlxalq təşkilatlar ermənilərin Qarabağda qalmasına çalışırlar. Bir tərəfdən məsələyə insani cəhətdən yanaşıb deyirlər ki, ermənilər orda yaşayıblar və hüquqları var ki, bundan sonra da yaşasınlar. Digər tərəfdən fikirləşirlər ki, erməni amili qaldıqca, nə vaxtsa onu fəallaşdırıb bölgəyə təsir etmək olar. Amma bilirik ki, ermənilər Bakıda da yaşayıblar və indi də yaşayanlar var. Təsəvvür edin ki, Sumqayıtdan, Bakıdan Qarabağa köçmüş ermənilər var və onlar Azərbaycan vətəndaşlarıdır. Nə Azərbaycan qanunlarına görə, nə də beynəlxalq hüquqa görə bizim onları zorla qovmağa ixtiyarımız yoxdur. Özləri könüllü getmək istəsələr, biz onları zorla saxlaya bilmərik. Əgər qalsalar, Azərbaycan vətəndaşları kimi onların da bütün hüquqları qorunmalıdır. Prezident də bunu çıxışlarında bildirib. Onlar bizə zülm eləmişdilər, torpaqlarımızdan qovmuşdular, etnik təmizləmə etmişdilər, amma biz bunu etməyəcəyik. Təbii ki, etnik ərazi münaqişələrinin hamısında bütün dünyada qarşılıqlı zorakılıqlar olur. Vətəndaş müharibələrində bu qarşıdurmalar həmişə baş verib. Lakin ümid edək ki, artıq 21-ci əsrin əvvəlidir, həm onlar, həm biz beynəlxalq hüququ, Azərbaycan qanunlarını əsas tutaraq birgə yaşamalıyıq.

 

- Biz onsuz da birgə yaşamağı bilirik, ermənilər bilmir. Ermənilər qalarsa, deməli növbəti cinayətləri törətməmələri üçün təhlükəsizliyə xüsusilə diqqət çəkməliyik. Yəni yenə də izafi yükü üzərimizə götürməliyik?

 

- Vətəndaşın təhlükəsizliyi dövlətin birnömrəli vəzifəsidir. SSRİ qurulanda onun beynəlmiləlçi ideologiyası sovet qanunarı ilə işləyirdi. O vaxt ermənilərin ağzı nə idi ki, gəlib Azərbaycandan torpaq istəsinlər, gözlərini tökərdilər. Amma elə ki, qanunlar işləmədi, rəhbərlikdə sovet qurluşuna düşmən olanlar əyləşdilər, SSRİ zəiflədi. Ondan sonra erməni millətçilərinə imkan verdilər etnik qırğınlar, davalar salsınlar. Beləcə, o qüvvələr belə qarşıdurmaları hökuməti dağıtmaq üçün etdilər. Bu gün isə Azərbaycan dövləti güclü olacaqsa, erməni heç nə edə bilməz. Erməni hansısa azərbaycanlı ailəsinə qarşı hər hansı milli-etnik zəmində nəsə edərsə, ona qarşı ciddi tədbirlər görülə bilər. Və yaxud da əksinə. Müəyyən dövürdə burda ermənilər at çapırdılar, azərbaycanlıları ayaq altında qoymuşdular, sovet hökuməti də bizi müdafiə eləmirdi. Ona görə onlar qudurdular. Bakıda bir də görürdün ki, hansısa erməni tərbiysizlik edir, polis ona söz demirdi. Yaxud, Sumqayıtda, Bakıda baş verən hadisələri yadınıza salın, guya o vaxt Mərkəzi Komitədə burda baş verən talanın, qarşıdurmanın olacağını bilmirdilər, bilirdilər. Amma qarşısını almaq istəmədilər. İstəyirdilər ki, qarşıdurma olsun və iki xalqı bir-birinə düşmən eləsinlər, idarə etmək mümkün olsun.

 

- Rusiyanın bu “sülhməramlı sevgisi” nədir?

 

- Azərbaycan hərbi qələbə qazansa, bizə heç bu sülhməramlılar  lazım deyil. Biz müstəqil dövlətik, bizim hökumətimiz Azərbaycan qanunlarının işləməsini təmin etməyə qadirdir, bura heç bir xarici qüvvə gəlməməlidir. Nə qədər ki, münaqişədə vasitəçi var, o özünün marağını güdəcək. Məsələn, Minsk Qrupunun 3 həmsədr üzvü var, hər biri ayrılıqda özünün marağını güdüb. Rusiya özünün marağını, Fransa ermənilərin, Amerika da öz geosiyasi, iqtisadi maraqlarını güdüb. Bunlar hamısı münaqişədən faydalandılar. Ona görə də biz öz daxili problemimizə qarışmağa heç kəsi buraxmamalıyaq. Bunun üçün də gərək dövlət güclü olsun. Dövlətin güclü olması üçün də hökümət xalqa söykənməlidir. Xalqa söykənmək üçün də gərək dövlət ədalətli olsun, qanunlara hörmət eləsin. Bu gün çox uğurlu haldır ki, Qarabağ məsələsində xalqdan hakimiyyətə xeyli müsbət hisslər bəslənir. Müharibədən sonra bu daha da inkişaf edə bilər. Vətəndaşa hörmətlə yanaşarsan, o da öz canını verər vətən üçün. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr