“Əgər Azərbaycan ağıllı siyasət yürütsə..."
Zərdüşt Əlizadə: "...Sülhməramlı qoşunların törədə biləcəyi hədələrdən, təsirlərdən yayına bilərik”
Ordumuzun hərbi qələbəsinin zirvə nöqtəsi olan Şuşanın azadlığından sonra, qələbə zəfərinin Ermənistanın məğlubiyyətini etiraf etdiyi bəyannamədə əksini tapması və daha sonra rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi regionun mənzərəsini dəyişir. Sülhməramlıların regiona daxil olmasını zəruri edən səbəblər birmənlı qarşılanmır və mövcud vəziyyət müxtəlif aspektlərdə dəyərləndirilir.
Versus.Az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə bu və ya digər məsələlərlə bağlı müsahibəsində müqayisələrlə maraqlı nüanslara toxunub.
- Zərdüşt müəllim, bu gün Qarabağın, Azərbaycanın qələbə üzərindən dəyişən mənzərəsinə baxanda hazırki durumu necə dəyərləndirmək olar. Nə baş verir?
- Ermənistan siyasi rəhbərliyinin düzgün hesablanmamış siyasəti nəticəsində Ermənistan ağır duruma düşüb. Bu durum 90-cı illərin əvvəllərində Bakıda yaşanan hadisələri xatırladır. Burda da naşı, cahil, siyasətdən bixəbər olanlar qəsdən və yaxud idarə olunaraq hakimiyyətə can atırdılar. Yəni bu gün Yerevanda baş verənlər o vaxtlar da baş verirdi və nəticədə qətiyyətsiz bir prezidenti devirib hakimiyyətə gəldilər. O vaxt Elçibəy getdi Moskvaya. Yeltsin ona dedi ki, əgər Azərbaycan Gəncə dviziyasına baza statusu versə, Azərbaycan ərazisinin 0,1 faizində rus bazası yerləşsə, Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. Dahi Elçibəy, görkəmli millətçi, təmiz adam dedi ki, yox, çıxın! Və ondan sonra bizim milli jurnalistikamız təntənə ilə xəbər verdi ki, rus qoşunları bütün post-sovet məkanından əvvəl Azərbaycandan çıxdı. Yəni bəyan elədilər ki, planı artıqlaması ilə, vaxtından əvvəl yerinə yetirdik. Bundan sonra Azərbaycanın 17 faizini alıb verdilər ermənilərə. Və 27 il bu ərazilər ermənilərdə qaldı. Beləliklə 0,1 ərazi əvəzinə 17 faiz ərazi itirdik. Ötən 27 ildə bütün rayonlarımız dağıdıldı, kəndlərimiz dağıldı, 700 min adam didərgin düşdü . Bu həmin o müdrik adamın dahiyanə qərarının nəticəsi idi və onun ətrafındakı adamların naşılığı, cahilliyi. İndi onların kimliyi bəlli olub. Bilinir ki, İsgəndər Həmidov kim idi, Rəhim Qazıyev kim idi, nə idi, Pənah Hüseynov kim idi. Amma o zaman xalq onlara hədsiz inanırdı...
27 ildən sonra Azərbaycan qardaş Türkiyənin mənəvi dəstəyi ilə əməliyyat keçirdi, Azərbaycan əsgərləri rəşadətlə döyüşdülər, çoxlu şəhidlərimiz oldu və nəticədə biz noyabrın 8-də Şuşanı da azad etdik.
- 27 sentyabrdan bu günə olan geosiyasi, hərbi vəziyyəti müqayisə etsək, hansı reallıqla üz-üzə qalacağıq?
- 27 sentyabrdan bu günə olan indiki vəziyyəti müqayisə etsək görəcəyik ki, fərq çoxdur. Əvvəl Qarabağa girə bilmirdiksə, indi torpaqların 70 faizi bizdədir. Ermənistanda isə dəlixanadır. Vaxtilə necə xalq cəbhəsi parlamentə hücum eləmişdi, indi də Ermənistanda o vəziyyətdir. 17 partiyanın koalisiyası yaradılıb Paşinyanı istefaya göndərmək istəyirlər. Hamıya da bəllidir ki, bu proseslərin arxasında kimlər durur, nə durur.
Bu əsnada bu gün iki məqamı qeyd etmək istəyirəm. Birincisi, rus vertalyotu Naxçıvanla sərhəddə vurulur və Ermənistan ərazisinə düşür. Rusiya elan edir ki, vertalyot Azərbaycan ərazisindən vurulub. İndi gəl sübut elə. Yadınza salmaq istəyirəm ki, Polşa ilə sərhəddən 10 km. məsafədə Almaniya ərazisində yerləşən kiçik Qleyvits şəhərindəki radiostansiyasına Polşa ordusunun formasını geymiş almanlar hücum eləmişdi. Polşa nə qədər onun əsgərləri olmadığını desə də, Almaniya öz bildiyini elədi. İndi bu, bizim hakimiyyətə qarşı edildi. Hakimiyyət başa düşdü ki, Rusiya bununla regiona girməyə bəhanə axtarır. Ona görə də əvvəlcə üzürxaqlıq elədi və bildirildi ki, araşdırılacaq və təzminat ödəməyə hazırdılar. Ardınca, Ermənistanda Rusiya bazasından “İsgəndər” atıldı. Xoşbəxtlikdən bizim hava hücumundan müdafiə hissələri raketi düz Bakının yaxınlığında vurublar. Dəhşətli partlayış eşidildi, evlər titrədi, camaat narahat oldu... Bu bir xəbərdarlıq idi. Bundan dərhal sonra Rusiyanın sülhməramlı təklifi ortaya çıxdı. İlham Əliyev tədbirli qərar verdi və indi sülhməramlılar gəlib. Danışıqlarda ona nail olundu ki, sülhməramlıların Qarabağda qalışı 5 il müddətinə nəzərdə tutuldu. 5 ilin tamamına 6 ay qalmış etiraz verilməlidir, əgər verilməsə, mexaniki olaraq daha 5 il də davam edəcək.
Bununla demək istəyirəm ki, bu gün İlham Əliyev gerçəkçi, real siyasət aparır. O, imkanlarını, gücünü hesabladı və qərar verdi. Bəzən deyirlər ki, rus heç nə edə bilməz, Türkiyə Rusiyanın gözünü tökər. Bəli, Türkiyə öz qanuni-konvensial silahları hesabına güclüdür. Rusiyanın isə qeyri-konvensianal nüvə raket silahları da var. Niyə rus sülhməramlıları gəlir deyə, dünyanı ağır müharibəyə qərq etmək olmaz.
- Zərdüşt müəllim, sülhməramlıların Azərbaycana gəlişi Azərbaycanın suverenliyinə hansı təsirini göstərə bilər və biz bu vəiyyətdən necə zərərsiz çıxa biləcəyik?
- Əgər hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunları varsa, bu onun suverenliyinin məhdudlaşmasıdır. Sülhməramlıların gəlişi Azərbaycanın da suverenliyinin məhdudlaşmasıdır. Amma mən sual verirəm: məyər bundan əvvəl ermənilər 17 faiz torpaqlarımızı işğalda saxlayanda bu, suverenliyimizin məhdudlaşması deyildi?! Türk bazaları da gəlsə, bu məhdudlaşma baş verir. Lakin əgər Azərbaycan ağıllı siyasət yürütsə, sülhməramlı qoşunların törədə biləcəyi hədələrdən, təsirlərdən yayına bilər.
Məsələn, Saakaşvili bu ağlı düzgün sərgiləmədi. O, güclü qoşun hazırladı və rusların təxribatına uyub Cənubi Osetiyaya gedərək vuruldu. İndi biz bundan nəticə çıxararaq heç bir təxribata getmirik. Rusiya ilə normal münasibətləri saxlamalıyıq. Rusiya ərazisində milyondan çox azərbaycanlı yaşayır, Dağıstanda 100 min azərbaycanlı yaşayır. Rusiya bizimüçün böyük bir bazardır, şimalda böyük dövlətdir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, nüvə dövlətidir. Yəni biz bu ölkə ilə kəllə-kəlləyə gəlməyə çalışmamalıyıq. Ağıllı, müdrik dövlət siyasəti yürüdülməlidir. Bu 5 il müddətində bizim xeyli görüləcək işlərimiz var. Biz viranə qalmış rayon, şəhərlərimizi bəhpa etməliyik. Qaçqınlar ora qayıtmalıdır, orda normal siyasi həyat başlamalıdır, Azərbaycan özünün daxilində də bir sıra islahatlar aparmalıdır. Məhkəmə sistemi düzəlməlidir, səmərəli yerli özünü idarə sistemi yaradılmalıdır, pullar kənd təsərrüfatına, elmə, təhsilə, sənayeyə sərf edilməli, daha da inkişaf etməliyik. Bu baş versə, dünyada nüfuzumuz artar. Bu müddət ərzində ermənistan dövləti və xalqı ilə normal münasibətlər qurmağa çalışmalıyıq. Bunun üçün xeyli imkanlarımız var.
- Azərbaycan ordusu böyük qələbə qazandı. Bundan sonra diplomatiyamızın qələbə çalıb torpaqlarımızın tam azadlığına nail olmamız üşün bizdən nə tələb olunur?
- Qarabağ problemi de-fakto həll olunub. Ermənistanla iqtisadi əlaqələr başlayandan 5 il sonra bir erməni desə ki, türklər bizim düşmənimizdir, onu Yerevanda basıb döyəcəklər. Bu gün Türkiyədə yaşayan ermənilər deyirlər ki, biz kardeşiz, bizim heç bir müşkülümüz yoxdur, əlaqələr yaxşılaşandan sonra da bunu deyəcəklər. Azərbaycan Ermənistanla sərhədləri, kommunikasıyaları açandan sonra normal münasibətlər başlamalıdır. O ədavətə köklənmiş, millətçi təfəkkürə son qoyulmalıdır. Normal münasibətlər qurub Qarabağdakı erməniləri tərəfimizə çəkməliyik.
Onlar orda 15 gün qalacaqlar, hamısı qaçıb gedəcəklər. Rusların sülhməramlı işinə Azərbaycan çox xoş niyyətlə nəzarət eləməlidir. Çünki BMT qaydalarında deyir ki, sülhməramlıların əsas məqsədi silahlı qarşıdurmaya yol verməmək üçün sivil insanların silahsızlaşdırılmasıdır. 88-ci ildə sovetlər guya bu missiyanı yerinə yetirirdi, azərbaycanlılardan silahı yığırdı, ermənilərdə saxlayırdı. İndi biz elə eləməliyik ki, erməniləri tam silahsızlaşdırsınlar. Qarabağdakı ermənilər də bizim vətəndaşlardır.
- Bu gün torpaqlar uğrunda qələbəni böyük anlamda başa düşən insanlar sülhməramlıların gəlişi ilə xəyal qırıqlığına düşüblər. Bu barədə nələri söyləmək olar?
- Onu anlamaq lazımdır ki, bu qələbə mümkün reallıq və imkan olan dərəcədə əldə olundu. Məsələn, birinin imkanı var ki, gedib mağazadan 1 kilo qənd alsın, amma o çox şey istəyir, istəyir ki, “ferrari” alsın. Amma indi onu almağa imkanımız yoxdur. Bizim bu gün də bir tərəfimiz İran, Rusiya Türkiyədir. Münasibətlər norma olsa, sülhməramlı missiya öz işini bitirib müddətini bitirər. Artıq erməni qoşunları ərazilərdən çıxarılır. Kəlbəcərdə yaşayan erməni insan hüquqları müdafiəçisi deyir ki, ruslar azərbaycanlılardan da betərdilər, bizi qovurlar. Tezliklə qoşunları Laçından, Ağdamdan çıxaracaqlar. Bəyanata uyğun olaraq 3 rayon qaytarılacaq. İnsanlar rahat gedib-gəlsinlər deyə, Laçında 3-5 post qurulacaq. Azərbaycan torpaqları bütövlükdə təmizlənəcək. Ermənilər yaşayan rayonlara bizim ordu girməyib. Həmin yerdə təmas xətti qurulur və orada sülhməramlılar əyləşir ki, qarşdurmanın olmasına imkan verməsin. Amma bu o demək deyil ki, Azərbaycan həmin ərazilərdə özünün inzibati idarəsini qurmayacaq. Təbii ki, qurulacaq və əgər kimsə orda yaşamaq istəyəcəksə, Azərbaycan hökumətindən sülhməramlı komendantlara həmin şəxsin davranışlarına diqqət edəcəyi barədə zəmanət veriləcək. Beləliklə, bütün proseslər emossiyasız, nizamlı şəkildə həll olunarsa, missiya tez başa çatar. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”