“Sülhməramlıların olmaması vəziyyəti çətinləşdirə bilərdi” - MÜSAHİBƏ
Musa Ağayev: “Bağlanan üçtərəfli müqavilə Minsk qrupunun funksiyasını puça endirib”
Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın düz 30 ildən sonra kapitulyasiyaya məcbur edilməsi regionun geosiyasi mənzərəsini kökündən dəyişir. Sülhməramlıların iştirakı ilə erməni ailələrinin Qarabağa - Xankəndinə köçürülməsi, cinayətkar xunta rəhbərliyinin ordakı hərəkətləri, erməni ekoloji terrorunun qarşısının alınmaması, bu missiyanın mahiyyətini azaldan hallar kimi xarakterizə edilir. Üçtərəfli bəyannaməyə əsasən Ağdamdan sonra Kəlbəcər və Laçının da azad ediləcəyi məsələsi isə sülhməramlı missiyasını müsbət amil kimi önə çəkir. Bütün bunlarla yanaşı sabitliyin tam bərpa olunması ilə bağlı hansısa ciddi nəticələrə gəlinməsi bir sıra dövlətlərin “diplomatik mühəndisliyi” fonunda fərqli aspektlərdə müzakirə edilməkdədir.
Versus.Az xəbər verir ki, Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.
- Musa müəllim, Ağdam azaddır, bir ağdamlı kimi sizi təbrik edirəm. Azərbaycan əsgərinin Ağdama güllə atmadan daxil olmasını necə qiymətləndirirsiz?
- Azərbaycan cəmiyyəti həmişə bu düşüncədə olub ki, biz vuruşub torpaqlarımızı geri alacağıq. Bu, bizim ən böyük məqsədimiz olub. Amma bu gün ordumuzun qan-qadasız Ağdama daxil olması da böyük hadisə kimi dəyərləndirilməlidir. Bu o deməkdir ki, Azərbaycan Ordusu düşməni kapitulyasiyaya məcbur etdi. Proses Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı ilə gerçəkləşdi. Təbii ki, bəyanatın imzalanması Azərbaycan ordusunun qüdrətinin nəticəsidir. Ermənistan kapitulyasiyaya uyğun olaraq torpağımızdan çıxmağa məcbur edilir. Torpaqlarımızın azad olunması bütün hallarda gözəl nəticədir, qürurverici tarixdir. Hətta bu bəyanat olmasaydı da, Ağdam şanlı ordumuzun gücü ilə geri alınacaqdı. Buna hər birimiz inanırıq.
Bilirik ki, bu gün kapitulyasiyaya imza atan Ermənistanda siyasi vəziyyət gərgindir. Ermənistan bu məğlubiyyəti ilə barışmaq istəmir.
- Üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlılarının Qarabağa daxil olması və həyata keçirdiyi missiya nə dərəcədə obyektivdir və nə dərəcədə doğru şəkildə yerinə yetirilir?
- Hesab edirəm ki, üçtərəfli bəyanatda bizim əleyhimizə olan heç nə yoxdur. Bəzi insanların sülhməramlılarla bağlı ifadə etdiyi narahatlıqlara əsas yoxdur. Azərbaycanda Rusiya Sülhməramlılarının gəlişi ilə bağlı heç də xoş olmayan fikirlər var və müəyyən narahatlıqlar ifadə olunur. Məlumdur ki, sulhməramlıların Xankəndində olması, erməni cinayətkar xuntanın rəhbəri ilə görüşləri, erməni bayrağının orda olması təbii ki, narahatlıqla izlənir. Hesab edirəm ki, bu gün belə kadrların önə çıxarılması təxribat xarakterlidir. Bilmək lazımdır ki, bölgədə Rusiya sülhməramlıları varsa, onlar orda öz bayraqlarını asmalıdır. Amma erməni bayrağını asması mənasızdır, yersizdir, yolverilməzdir. Çünki orda Ermənistana aid heç nə yoxdur və erməni əhalinin bundan sonra Qarabağda özlərini rahat hiss edə biləcəklərini düşünmürəm.
Digər tərəfdən, bir məsələni yaxşı anlamalıyıq ki, belə bir situasiyada sülhməramlıların bölgəyə gəlməsi real idi, zəruri idi. Heç şübhəsiz ki, Azərbaycan ordusu döyüşərək də Xankəndini geri ala bilərdi. Ermənistan rəsmiləri də bunu etiraf ediblər. Amma torpaqlar azad ediləndən sonra sülhün necə qorunacağı, proseslərin necə inkişaf edəcəyini, nəticələrin necə olacağını bilmirdik. Çoxları sülhməramlıların gəlişini tənqid edir. Onlar ya baş verən prosesləri anlaya bilmirlər, ya da anlamırlar. Bir şey aydındır ki, hər bir müharibənin sonu sülhlə bitməlidir. Bəli, bu hadisələr bizim ərazimizdə baş verir, ermənilər bizim ərazimizə iddia edir və hələ də Xankəndində qalıb, yaşamaq istəyirlər. Amma əgər Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, o zaman yaşaya biləcəklər. Bu tələb varsa, deməli ərazidə sülhməramlıların olması da reallıq idi. Ona görə də buna başqa cür yanaşmaq, hansısa başqa don geyindirmək, ya siyasəti bilməməkdən, yaxud da hansısa cılız maraqlardan irəli gəlir. Əksinə, ərazidə sülhməramlıların olmaması vəziyyəti çətinləşdirə bilərdi.
Məlumdur ki, bu gün Azərbaycana qaşı xaricdən gələn əks təsir və təzyiqlər var. Ermənistan kapitulyasiyaya məcbur ediləndən sonra görün ermənipərəst qüvvələr, erməni havadarları necə ayağa qalxıblar. Avropanın, Qərbin Azərbaycana qarşı sanksiya dili ilə danışmasından tutmuş, Türkiyəyə sanksiyaların tətbiqinə qədər. Fransa, Avropa İttifaqı kimi aparıcı dövlətlər və qurumlar açıq şəkildə Azərbaycanın bu qalibiyyətinə qaşı narahatlıqlarını bildirirlər. Təbii ki, burda onların da öz maraqları var.
Baxın, vandal Ermənistan və cinayətkar ordusu, eləcə də Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni köçürülmüş erməni ailələri Azərbaycan torpaqlarını necə viran qoyub. Milli-Mədəniyyət abidələrimiz, yaşayış binalarımız, mülklərimiz dağıdılıb. Bu azmış kimi meşələrimiz yandırılır, evlər yandırılır, ekoloji terror edilir. Dünya bunu görür. Amma hansı reaksiyanı verdiklərini də biz görürük. Görürük ki, işğal altında qalan ərazimizdə hansısa kilsənin bir daşının düşməsindən ötrü az qala Azərbaycanı mühribəyə görə günahkar etməyə çalışan Qərb, Avropa ağızlarını açıb 5 rayonumuzda törədilən bu qədər terrora, vandalizmə reaksiya vermirlər. Qərblə, Avrpanın köməyinə ümid edənlər anlamalıdırlar ki, onlardan heç bir dəstək olmayacaq. Tərtəri bombalayanda, Gəncəni, Bərdəni raket atəşinə tutanda, Biləsuvarı top atəşinə tutanda, hardaydı o güvəndiyiniz Qərb, Avropa müdafiəçiləri? Ona görə də bu gün üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının təcili şəkildə Qarabağa gəlməsi və nəzərdə tutulan ərazilərin, o cümlədən Ağdamın tez bir zamanda azad olunması müsbət hal kimi qarşılanmalıdır.
Artıq Rusiyanın Türkiyə ilə regionda aktivləşməsi Avropa güclərinin Qarabağda “status-kvo”ya, qayıtmaq, Minsk Qrupunun aktivləşməsi kimi məsələləri də yenidən qaldırması ilə müşahidə olunur. Rusiya prezidenti Putin artıq “Dağlıq Qarabağ” söz birləşməsinin olmadığını deyib və Prezident İlham Əliyev də Rusiyanın müdafiə naziri ilə görüşündə bu məsələyə bir daha toxundu. Artıq “status-kvo” məsələsi tarixə qovuşdu. Bu, Qərbin, Avropanın hazırkı mövqeyi, bu da üçtərəfli bəyanata uyğun atılan addımlar. İndiyə qədər hardaydılar, niyə Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə imkan vermirdilər.
- Belə bir mərhələdə Minsk qrupunun müdaxiləsi ilə bağlı məsələ, bu qrupun "status-kvo"ya qayltmaq istəyi nəyə hesablanır, bu gerçəkləşə bilərmi?
- Siyasətlə məşğul olmayan insanlar da çox yaxşı başa düşürlər ki, bütün bunlar nəyə hesablanıb. Bütün bunlar ona görə olur ki, Qərb, Amerika, Fransa, Avropa Birliyi regionda özlərinin təsir imkanlarını yaratmaq istəyirlər. Onlar bunu hansı ölkədə necə mümkündürsə, elə də edirlər. Bəzi ölkələrdə “yumşaq siyasətlə”- rəngli inqilablar, iqtisadi ekspansiyalarla, bəzi ölkələrdə hərbi müdaxilə, intervensiyalarla edirlər. Bəzi yerlərdə isə bizdə olduğu kimi, böyük problermlər yaratmaqla özlərini illərlə o ərazilərdə saxlayırlar. 30 ildir Qarabağda status-kvonu necə saxladılar, BMT-də qəbul olunan qətanmələri icra etməyə qoymurdular... İndi də o siyasətlərini davam etmək istəyirlər.
Minsk Qrupu 30 il Qarabağda heç nə edə bilmədi. Onlar həmişə ermənilərin mənafeyinə xidmət ediblər və status-kvonu saxlamaları ermənilərin xeyrinə idi. Hətta bunu dəyişmək istəsələr də ermənilərin xeyrinə yönəldirdilər. 1992-93-cü illərdə BMT-nin qəbul etdiyi sənədlər qaldı bir tərəfdə, Helsinki aktında göstərilən “öz müqəddəratını həll etmə” məsələsini ortaya atdılar. Erməni dövləti onsuz da Azərbaycan torpaqlarında yaradılıb. Ölkə Prezidentinin, Azərbaycan xalqının da tələb etdiyi kimi, Azərbaycan ərazilərində ikinci bir erməni dövləti yarana bilməz. Heç vaxt buna yol vermək olmazdı və yol verilmədi. Minsk Qrupunun yenidən buna qayıtması və canfəşanlığı da ona xidmət edir ki, məsələni ermənilərin xeyrinə həll etsin. Məqsəd Ermənistanı Qərbə sürükləyib Rusiyanın, başqa ölkələrin burdakı təsir dairəsini daraltmaq, Ermənistanı öz istədikləri plastarma çevirməkdir. Qərb təsir dairələrini Qafqazda dirçəltmək istəyir. Hesab edirəm ki, Minsk qrupunun yenidən fəallaşması mümkün olmayacaq. Ola bilər ki, müəyyən müstəvilərdə danışıqlar getsin. Amma bağlanan üçtərəfli müqavilə Minsk qrupunun funksiyasını puça endirib. Vəziyyəti gərginləşdirməmək üçün formal olaraq müəyyən müzakirələr gedəcək, görüşlər olacaq. Düşünürəm ki, bu görüşlərin də heç bir mənası olmayacaq. Azərbaycan tərəfi bunu yaxına buraxmayacaq. Üçtərəfli müqaviləni əsas götürəcək və rus sülhmərmlıların burda olması vəziyyətin xeyrinə işləyəcək. Qeyd edim ki, hazırda bu müqaviləyə görə Rusiyaya da müəyyən təsirlər var. Qərbin verdiyi suallar, rusların və türklərin burda olması ilə bağlıdır. Azərbaycan tərəfi qətiyyət göstərib müqavilənin pozulmasına imkan verməyəcək və Rusiya da Ermənistanın bu müqaviləni pozmasına imkan verməz. Qərb ölkələri öz rıçaqlarını işlətsə də, buna razı olmayacağıq. Bizə Rusiyapərəst deyənlərə bildirirəm ki, biz Azərbaycanpərəstik. Sadəcə, insanlara başa salmaq istəyirdik ki, vəziyyətin reallığı budur.
- Ağdamın ermən işğalçılarından azad olunması digər ərazilərin təmizlənməsi üçün hansı yolu açır?
- Erməni işğalçılar tamamilə məhv olmaqdan qorxub Ağdamı necə tərk edirlərsə, Kəlbəcəri, Laçını da qeyd-şərtsiz boşaltmağa məcburdular. Ermənilər qorxaq millətdir. Ermənilərin ən çox səngər, istehkamlar qurduğu, ən çox möhkəmləndiyi yerlərdən biri də Ağdərə-Ağdam istiqaməti idi. Düşmən Ağdam cəbhəsini həmişə özü üçün təhlükəli xətt hesab edib. Çünki düşmən orda Azərbaycan əsgərinin gücünü görüb və həmişə də ondan qorxub, çəkinib. Ağdamın işğaldan azad olunması həm də ermənilərin psixoloji cəhətdən məhvidir. Bu proses təbii ki, başqa ərazilərin də boşaldılmasında müsbət rol oynayacaq.
- Düşmən Azərbaycanın dağıdılan torpaqları, verdiyi zərər üçün hansı təzminatı ödəməlidir?
- Azərbaycan torpaqları vəhşi erməni terroru ilə üzləşib. Vəhşi ermənilər öz xarakterini, psixologiyasını, biabırçı olmasını bu torpaqları yerlə-yeksan eləməklə göstərdi. Azərbaycanın dağıdılan rayonlarında onun zəngin mədəni irsi, beynəlxalq miqyasda tanınan abidələri olub. İnsanlarımıza böyük maddi-mənəvi ziyan dəyib. Təbii ki, Ermənistan buna görə cavab verməli, təzminat istənilməlidir. Bəziləri deyirlər ki, Ermənistan kasıb ölkədir, pulu yoxdur. Ermənistan bunu işğal törətmədən, torpaq iddiasına düşəndə fikirləşməli idi. Tələblərimizi beynəlxalq səviyyəyə qaldırmalıyıq. Ermənistanın təzminatı necə ödəyəcəyi bizi düşündürməməlidir. Pulu yoxdur, torpaqlarımızı qaytarmaqla ödəsin. Onsuz da indiki Ermənistan sayılan ərazilər bizim torpaqlardadır. Onlarn torpağı yoxdur.
Ağdamın işğaldan azad olunması noyabrın 20-də baş tutdu. Bu tarix ikinci dünya müharibəsinin başlanmasında həlledici rol oynayan, misilsiz hərbi, mənəvi-siyasi məğlubiyyətə düçar olan faşizmin cinayətlərinin Nyurnberq məhkəməsi ilə ittiham, məhkum edilməsi tarixi ilə üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycan Nyurnberq prosesinin davamı olaraq beynəlxalq məhkəmədə Ağdam, Füzuli və işğal olunmuş digər ərazilərimizdə törədilən cinayətlərin ifşası prosesini başlamaqla həmin tarixi təzələməlidir.
- Musa müəllim, torpaqlarımızın diplomatik yolla azad olunması mərhələsindəyik. Belə bir vaxtda siyasi partiyaların siyasəti nə olmalıdır, siyasilər hansı rakusdan fəaliyyət istiqamətlərini gücləndirməldirlər?
- Hesab ediərm ki, müharibə dövründə yaranan ümimmilli həmrəylik, bu gün də var. Bu həmrəyliyi bütün partiya və hakimiyyət qorumalıdır. Ümummilli məsələlər ölkədəki iqtisadi, sosial-siyasi, məhkəmə islahatlarının davamı üçün də lazımdır. Bu, ölkənin gələcəyi üçün lazımdır, gələcəyimiz üçün bu birlik qorunmalıdır. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”