“İndidən sülhməramlılara öz yerlərini göstərməliyik”
Qulu Məhərrəmli: “İndiki halda Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir”
“Regionda yaranmış qeyri-müəyyən vəziyyətlə bağlı hərbi qurumların rəhbərləri aydınlıq gətirməlidirlər. Azərbaycan Cəmiyyəti indiki mərhələdə hadisələrə soyuqqanlı yanaşmalı, sülhməramlılara həddini bildirməklə təmkinli davranmalıdır. Biz də vətəndaş cəmiyyətinin üzvü kimi sülhməramlıların fəaliyyətindən, atdığı ilk addımlardan, bunların öz vəzifə səlahiyyətlərini şişirtmələrindən, mandatına aid olmayan işlərlə məşğul olmasından çox narazıyıq və bununla bağlı müəyyən müraciətlər eləmişik. İndidən sülhməramlılara öz yerlərini göstərməliyik. Mənə elə gəlir ki, bizim Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Xüsusi Xidmət Orqanları bununla bağlı ciddi araşdırma aparıb ictimaiyyətə məlumatlar verməlidirlər. Xüsusən də dünənki hadisələr - sülhməramlıların yeni xəritə cızması, yeni performanslar göstərməsi, səlahiyyət həddlərini aşmaları yolverilməz hərəkətlər kimi qınanmalıdır”.
Versus.Az xəbər verir ki, bunu Rusiya sülhməramlıların Azərbaycan ərazilərində apardığı özbaşına əməliyyatlarla bağlı açıqlamasında politoloq Qulu Məhərrəmli bildirib.
Q.Məhərrəmli qeyd edib ki, hazırda şüuraltı Ermənistanın istəyi və təkidi ilə sülhməramlıların yerləşdiyi ərazilərin genişləndirmək tendensiyasi gedir:
“Bu yolverilməzdir. Bu, 10 noyabr üçtərəfli birgə razılaşmanın ruhuna ziddir. Çünki bəyannaməyə əsasən tərəflər tutduqları ərazilərdə dayanmalı, ortada isə sülhməramlılar yerləşdirilməli idi. Əvvəla, burda ciddi məsələlərdən biri odur ki, Ermənistan hərbi qüvvələri niyə Qarabağdan-Xankəndi şəhərindən çıxardılmır. İkincisi, həmin silahlılar hansı hüquqla orda mövcuddurlar. Üçüncüsü, sülhməramlıların işi hərbi toqquşmanın qarşısını almaqdırsa, niyə Xankəndində potensial təhlükə ilə bağlı tədbirlər görmür. Suallar çoxdur və tədricən bütün bunların hamısına aydınlıq gətirilməlidir”.
Politoloq hesab edir ki, yaranmış vəziyyət yeni müharibənin yaranmasına aparmayacaq. Onun fikrincə, xırda, lokal toqquşmalar mümkündür, potensial təhlükələr var, amma Azərbaycan tərəfi bunun qarşısını ala biləcək:
“Bu prosesdə hər tərəfə öz həddini anlatmaq lazımdır. Bu cür özbaşınalıq ola bilməz. Bizim diplomatiya indi öz işindədir, bu cür davranışları araşdırırlar. Mövqeləri qorumaq şərti ilə bir az soyuqqanlı olmalı və gözləməliyik”.
Politoloq bildirib ki, belə bir ərəfədə Türkiyə nəzarət mərkəzinin işindən başqa, Türkiyə Sülhməramlılarının da regiona gətirilməsinin həyata keçrilməsi ilə bağlı dəqiq aydınlıq yoxdur. O, hesab edir ki, indiki məqamda Türkiyə ilə Azərbaycan arasında ayrıca bir hərbi yardım haqqında müqavilə olmalı, Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir. Çünki Rusiya sühməramlılarından gələn potensial təhlükə çox böyükdür və bunun qarşısını almaq üçün indidən müəyyən tədbirlər görülməlidir.
Q.Məhərrəmli öz missiyasını düzgün yerinə yetirə bilməyən Rusiya sülhməramlılarının yenidən geriyə göndərilməsi ilə bağlı fikirlərin vəziyyətə adekvat olaraq ortaya çıxdığını önə çəkib. Eyni zamanda bildirib ki, Rusiya sühməramlılarının Qarabağa gəlməsi, burda ağır texnika, artilleriya yerləşdirməsi, 2000-dən artıq hərbi heyətin olması, Rusiya dövlət strukturlarının Xankəndində işlər aparması faktdır:
“Ona görə də Azərbaycan siyasəti indiki halda təmkinli, prosesləri təhlil etməklə addımlar atmalıdır. Bu da öz nəticələrini verəcək. Amma ümumiyyətlə, Rusiya sülhməramlılarının buradakı qüvvələri Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə apardığı siyasətdən heç nə ilə fərqlənmir. Bunun perspektivi Rusiya üçün o qədər də müsbət olmayacaq”. /hafta.az/
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”