İqbal Ağazadə: "Necə ki, döyüşlər zamanı çiyin-çiyinə dayanmışdıq, bu gün ondan daha çox birliyə ehtiyacımız var"
"Rusiyanın sülhməramlı yox, istilaçı, işğalçı olduğunu hamı bilir və tarixdən də oxuyub. 44 günlük müharibədən sonra da Rusiya "sülhməramlı"larının niyə və necə gəldiyini hamı çox gözəl anlayırdı. Heç kim müdrik görkəm alıb, "mən deyirdim axı" yazmasın".
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabında Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb.
Partiya sədri bildirib ki, əgər Rusiya indi bu statusla fitnə-fəsad törədirsə, 10 noyabrda daha böyük qanunsuzluqlar və qəddarlıqlar edəcəkdi. Tarixən etdiyi kimi:
"Bütün bunları bilə-bilə hələ də kimlərsə bir-birinə nəyisə sübut etməyə çalışır. Biriləri Rusiya qoşunlarının mahiyyətindən yazanda onu xəyanətkar elan edirdilər, biriləri də indi yeni cəbhə açmağa çalışır. İndi "nə etməli" sualına cavab tapmaq lazımdır. Həm də iqtidar ya müxalifət, vətəndaş cəmiyyəti, ya media olaraq yox, XALQ olaraq... Necə ki, döyüşlər gedən günlərdə əl-ələ, çiyin-çiyinə dayanmışdıq, bu gün ondan daha çox birliyə ehtiyacımız var. Biz torpaqlarımızın əksər hissəsini işğaldan azad etməklə böyük zəfərə imza atmışıq.
Müharibə isə davam edir. İndi daha çox masada... Onu qazanmağın yollarını aramalıyıq".
İ.Ağazadə yaxın vaxtlarda bununla bağlı təkliflərini sosial mediada paylaşacağını vurğulayıb.
SEVDA
Versus.Az