Razi Nurullayev: "Vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılmasını bəyənə bilmirəm"
"Bakı şəhərində polis postlarının azlığına, vətəndaşların tıxacda incidilməməsinə görə müvafiq idarəyə təşəkkür edirəm. Doğru qərardır, hər tərəfdə post yaradıb, tıxac yaratmağa ehtiyac yoxdur. Vətəndaş 3 saat icazə alıb evindən çıxır, onun da iki saatını tıxacda dayansa nə mənası. Bir daha təşəkkür edirəm və bildirim ki, xidmətlərin təkmilləşməsini gördükcə, ürəyim fəxrlə dolur. Bizim xalqımız gözəl xalqdır, hər dildən başa düşür. Dilini tapmaq lazımdır".
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasındakı çıxışında millət vəkili Razi Nurullayev bildirib.
Fiziki şəxslər üçün cərimələrin olmamasını alqışladığını vurğulayan R.Nurullayev vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılmasını isə bəyənmədiyini qeyd edib:
"Təklif etdiyim düzəliş olmasa, üzürlü sayın ki, əleyhinə səs verəcəm. Sahibkarlara birinci dəfə ciddi xəbərdarlıq edək, sonra isə cərimə. Şans verək. Çox şans vermişik də deməyək. Allah-təala tövbə qapısını hər zaman açıq qoyub. 80 yaşında belə günahlarınla içəri girib, günahsız çıxa bilirsən.
Qaydanı pozanlar da imkanlı və arxalı adamlardır, bəzən heç onların darvazasını döyən də yoxdur. Kiçik kafe sahiblərini 2-3 manatlıq çaya görə o qədər cərimələmək evini yıxmaq deməkdir. Qoy birinci dəfə xəbərdarlıq olsun və sabah cərimə olunanda üstümüzə gəlməsin ki, küməmi yıxdınız, balalarımı ac qoydunuz".
Millət vəkili vətəndaşlara müraciətini də səsləndirib:
"Xahiş edirəm ki, qaydalara əməl edin, özünüzü qoruyun və dövlətimizi də çıxılmaz vəziyyətdə buraxmayaq".
SEVDA
Versus.Az