“Siyasi partiyalar bu məsələdə dövlətin yanında olmalıdır” - MÜSAHİBƏ
Arzuxan Əlizadə: “Bu birgə fəliyyət dövlətin inkişafına böyük tövhələr verə bilər”
Ölkəninin ictimai-siyasi mənzərəsi hakimiyyətlə siyasi təşkilatlar arasında formalaşan yeni pozitiv münasibətlərin daha demokratik müstəvidə inkişafı ilə təzahür olunur. İqtidar-müxalifət dialoqunun inkaası olan prosesin 44 günlük müharibə dönəmində xüsusilə meydana çıxması zəruri addım kimi qeyd olunur. Hakimiyyətin müxalifətlə münasibətlərində müsbətə doğru dəyişən bu mərhələ vacib xüsusiyyələri ilə diqqət çəkməkdədir.
Versus.Az xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə müsahibəsində bir çox nüanslara diqqət çəkib.
- Arzuxan bəy, bu gün ölkənin ictimai-siyasi, beynəlxalq hərbi sahələrində çox mühüm hadisələrin baş verdiyini izləyirik və proses davam edir. Belə bir mərhələdə siyasi partiyaların rolunu, əhəmiyyətini necə dəyərləndirərdiz?
- Demokratik cəmiyyətlərdə siyasi partiyalar ictimai fikrin formalaşmasında kifayət qədər əhəmiyyətli rol oynayır. Bu gün ölkədə 50-dən çox qeydiyyatdan keçmiş partiya var. Təəssüflər olsun ki, uzun müddət partiyaların fəaliyyəti üçün normal şərait yaradılmadığına görə siyasi partiyaların inkişafında çox ciddi ləngimələr, qüsurlarla yanaşı ölkənin siyasi həyatına təsir eləmək imkanları məhdud idi. Son bir il ərzində dövlətin, hakimiyyətin bu istiqamətdə atdığı addımlar sayəsində siyasi partiyaların fəaliyyətində, inkişafında da bir dönüş yaranıb. Dövlət başçısı özü bunu yeni siyasi konfiqurasiyanın yaranması kimi dəyərləndirib. Bilirsiz ki, ötən il noyabrın sonlarında Azərbaycanda bir ilk olaraq Prezident Admnistrasiyasında Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsi yarandı və cari ilin fevral ayından başlayaraq şöbənin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə ölkədə qeydiyyatdan keçmiş siyasi təşkilatların rəhbərləri ilə virtual tanışlıq görüşləri oldu. Ondan sonrakı dövrlər ərzində bir çox partiyalarla mütəmadi olaraq əlaqələr saxlanıldı, partiyaların problemləri öyrənildi, partiyaların cəmiyyətin, dövlətin inkişafı ilə bağlı təklif elədiyi fikirlər dinlənilərək bir çox məsələlərə adekvat cavablar verilib. Bu da ölkədə siyasi partiyaların fəaliyyəti üçün yeni bir dönəmin başlanğıcından xəbər verir.
Eyni zamanda son 44 günlük Vətən savaşı ərzində də qeydiyyatdan keçmiş siyasi partiyaların bir çox məsələlərlə bağlı yekdil fikri ortaya qoyması, dövlətin, ordunun, əsgərlərimizin yanında olması ilə bağlı bəyanatlar səsləndirməsi çox təqdirəlayiq bir hal oldu. Bu bərabərlik və vahid mövqenin nümayiş etdirilməsi ölkə ictimaiyyətində bir fikir formalaşdırdı ki, milli məsələdə fərqli mövqe yoxdur. Əsasən də ölkə xaricinə, xüsusən də düşmənlərimizə bir daha göstərdi ki, ölkdə siyasi yönümündən, sosial mövqeyindən asılı olmayaraq bütün insanlar Azərbaycanın ərazi bütövlüyü və torpaqların azad olunmasında eyni mövqedən çıxış edirlər. Belə bir mövqenin sərgilənməsi də qələbənin qazanılmasında mühüm rol oynadı.
- Ölkədə iqtidar-müxalifət dialoqu daim gündəmə gətirilən və geniş müzakirəyə səbəbə olan bir mövzu olub. Məhz Vətən Müharibəsinin bu prosesi yetişdirdiyini və nəhayət istənilən dialoqun baş tutduğunu söyləmək olar. Mübarizənin davam etdiyi belə bir vaxtda siyasi partiyaların üzərinə bundan sonra hansı yeni vəzifələr düşür?
- Bəli, bunu birmənalı qeyd eləmək olar. Çünki əslində cəbhədə müharibənin qazanılması, arxa cəbhədə birliyin olması ilə şərtlənir. Bu baxımdan müharibəyə qədərki dövr ərzində arxa cəbhədə bir barış mühiti formalaşdı ki, bu da siyasi partiyalara münasibətin dəyişməsində, siyasi partiyalarla dialoq mühitinin formalaşmasında əhəmiyyətli rol oynadı.
Eyni zamanda, torpaqlarımız uğrunda müharibənin döyüş fazası bitsə də, bu proses hələ sona çatmayıb. Azərbaycanın bütün ərazilərində Azərbaycan qanunvericiliyinin bərqərar olması üçün mücadiləmiz davam edir. Son günlər Azərbaycanın işğaldan azad edilmiş bölgələrində baş vermiş hadisələr onu deməyə əsas verir ki, biz hər zaman ayıq-sayıq olmalı və birgə mübarizə aparmalıyıq. Siyasi partiyalar bu məsələdə dövlətin yanında olmalıdır. Hələlik bizim mübarizəmiz sona çatmayıb. Ona görə də bu birliyi sona qədər qorumaq, əməkdaşlıq formatını saxlamaq lazımdır. Bu əməkdaşlıq təkcə torpaqların işğaldan azad olunması prosesində deyil, həm də cəmiyyəti narahat edən bir sıra məsələlərin həllinə yönəlməlidir. Bunların həll olunması üçün də milli birliyə, barışığa, siyasi partiyaların birgə fəaliyyətinə ehtiyac duyulur. Bu mənada siyasi partiyalar siyasi iradə ortaya qoymalıdırlar. Şübhəsiz ki, siyasi hakimiyyətin də burada rolu əhəmiyyətlidir. Bu gün siyasi partiyaların fəaliyyətinə necə imkanlar yaradılırsa, eləcə də partiyaların irəli sürdüyü təkliflər nəzərə alınmalı, pariyalara qanunvericilik orqanlarında, dövlət qurumlarında ictimai nəzarətin yerinə yetirilməsində geniş fəaliyyət imkanları yaradılmalıdır. Bütövlükdə bu birgə fəliyyət dövlətin inkişafına böyük töhfələr verə bilər.
- Arzuxan bəy, təbii ki, milli birlik var və bu gün partiya olaraq sizi narahat edən hansı məqamlar var ki, onun el birliyi ilə aradan qaldırılmasını labüd hesab edirsiz?
- Ölkədə bir çox sahələr üzrə çatışmazlıqlar var. Müharibə başlayana qədər, ilin əvvəlindən bir çox sahələr üzrə korrupsiya, rüşvət faktları ilə bağlı yüksək rütbəli dövlət məmurlarının həbslərinin, digər neqativ halların ortaya çıxmasının şahidi olduq. Təbii ki, partiya olaraq biz də bir sıra sahələrdə rüşvət və korrupsiyanın olması, bürokratik əngəllərin, cəmiyyətdə ictimaiyyəti narahat edən bir çox naqisliklərin olmasınını zaman-zaman dilə gətirirb, buna qarşı mübarizə aparmağa çalışmışıq. Hakimiyyət partiyaların ictimai nəzarət funksiyasını üzərinə götürərək, fəaliyyət göstərməsinə imkan yaradarsa, bu da demokratik cəmiyyətin inkişafı baxımından çox əhəmiyyətli ola bilər. Bilirik ki, Azərbaycan qanunvericiliyinə əsasən həm mərkəzi, həm də yerli icra strukturları yanında ictimai nəzarət şuralarının yaradılması ilə bağlı bir müddüəa var. Bu müddəanın daha münbit şəkildə həyata keçirilməsi üçün vətəndaş cəmiyyətləri ilə yanaşı, siyasi partiyalar da həmin ictimai şuralarda təmsil olunsunlar. Rüşvətə, korrupsiyaya, bürokratik əngəllərə qarşı mübarizədə effektiv rol ala bilsinlər. Həmçinin, Vətən Müharibəsi getdiyi bir dönəmdə də gördük ki, parlamentdə təmsil olunan 125 deputatdan təxminən 25-30 deputat fəal oldu və mövqe ortaya qoydular. Amma yerdə qalan parlament üzvləri üzərilərinə düşən ən elementar vəzifəni icra edə bilmədilər. Bu deputatlar cəmiyyətlə ünsiyyət qururb, ən çətin sınaq dövründə birlik nümayiş etdirib mövqe göstərə bilmədilər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan parlamenti yenidən qurulmalıdır və ölkənin siyasi həyatına təsir edəcək insanların parlamentdə təmsil olunması ilə bağlı məsələ öz həllini tapmalıdır.
- Müharibə şəraitində elə siyasi partiyalar da oldu ki, onların hakimiyyətlə dialoqu nəzərə çarpmadı və onlar müharibənin nəticələrindən bir çox məqamlarda narazı qaldılar. Narazıların hazırki situasiyadakı proseslərə yanaşmasını, radikal tələblərini necə dəyərləndirirsiz?
- Mən şəxsən hesab edirəm ki, indiki dövrdə belə yanaşmalar doğru deyil. Biz ən azı son 27-28 il ərzində ən başlıca vəzifə olaraq qarşımıza Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad olunması vəzifəsini qoymuşduq. Bu istiqamətdə zaman-zaman deyilirdi ki, hakimiyyət əməli tədbirlərin görülməsi üçün konktret addımlar atmır. Amma bu 44 günlük müharibə onu göstərdi ki, Ordumuzun formalaşması, hərbi texnika ilə təhciz olunması, orduda zabit və əsgərlərimizizn profesional yetişməsi baxımından lazım olan illər boşa verilməyib. Bunu obyektiv qiymətləndirmək lazımdır. 44 günlük müharibə ərzində o da üzə çıxdı ki, Azərbaycan illər ərzində bir çoxlarımızın görmədyi, xüsusən də narazı qalan o siyasilərin işləri görülüb. Həqiqətən də sübut olundu ki, Azərbaycan dövlət olaraq torpaqların işğaldan azad olunması üçün həm siyasi cəbhədə, həm diplomatik, həm də hərbi sahədə hazırlıqlı olub. Müharibədə qazanılan qələbədə 44 günlük müharibə məsələnin yalnız görünən tərəfidir. 44 günlük müharibədə bizim qəhrəman, müzəffər ordumuz çox böyük xariqələr yaratdı. Demək ki, onun görünməyən hazırlıq dövrü çox uğurlu aparılıb. Ona görə də biz çox qısa müddət ərzində torpaqlarımızın əhəmiyyətli hissəsini düşməndən azad edə bildik və qələbə qazanaraq qalib millət statusun üzərimizə götürdük. Dünya gördü ki, Azərbaycan ordusu kifayət qədər güclü, qüdrətli ordudur və Azərbaycan həqiqətən də regionun aparıcı dövlətlərindən biridir. Ona görə də müharibəyə qədər görülmüş işlər qənaətbəxş hesab olunmalıdır. Amma nə müharibə, nə mübarizə sona çatmayıb. Erməni silahlılarının son günlər atdığı addımlar, əvvəlki fikirlərin təkrarlanması, hələ ki, Qarabağın dağlıq hissəsində problemlərin qalması deməyə əsas verir ki, biz bu gün də dövlətin bütövlüyü naminə hakimiyyətlə bir yerdə olmalı, vahid mövqedən çıxış etməliyik. Azərbaycanın bütün ərazilərində Azərbaycan qanunvericiliyinin bərpası üçün hakimiyətin üstünə getmək deyil, onunla vahid mövqedən çıxış edərək çalışmalıyıq. Təbii ki, cəmiyyətdə başqa fikirlər ola bilər, və narazı kəsim də var. Obyektiv narazı olan kəsim də var ki, onların doğru-düzgün təbliğatla, təhlillər aparmaqla fikirlərini dəyişmək olar. Amma qərəzli olaraq narazı qalan kəsim də var ki, mən onları qınayıram. Ən azı ona görə ki, hələ mübarizə gedir və dövlətin yanında olmaq lazımdır. Bununla paralel bu gün cəmiyyəti narahat edən məsələlərlə bağlı məlumat verilməlidir. Düzdür, hər bir məsələ açıla bilməz. Amma ən azı ictimai fəallara məsələlər olduğu kimi açılmalıdır ki, həmin insanlar da cəmiyyəti məlumatlandıran məlumatlar yaysınlar.
- Arzuxan bəy, dünyada və ölkəmizdə insanlar Covid 19 bəlası ilə də mübarizə aparır. Son günlər xəstəliyin artması, ölüm hallarının çoxalması ilə bağlı yaranan narahatlıqdoğurucu məqamlarla bağlı partiyanızın sosial-siyasət komissiyası hansı işləri görə bilir?
- Artıq bir ildir ki, cəmiyyətimiz görünməyən bəla - pandemiya ilə mübarizə aparır. Gözəgörünməz düşmən bu gün də can almaqda davam edir. Payız ayı gələndən bəri yoluxanların sayında da ciddi artım hiss olundu. Hər gün xəstəlik səbəbindən insanlar dünyasını dəyişir. Burda vətəndaş biganəliyinin də şahidi olduq. Bir çox insanlar bu xəstəliyin olmasına da şübhə ilə yanaşırdılar. Bütün bu hallar xəstəliyin sayını artıran səbəblərdir. Eləcə də müharibənin başlanması, şəhidlərin dəfni ilə bağlı kütləvi toplaşma halları da yoluxma sayını artırdı.
Amma cəmiyyətdə həm TƏBİB-in, həm də Səhiyyə Nazirliyinin fəaliyyəti ilə bağlı ciddi narahatçılıq, narazılıq var. Biz bu narazılığı sosial mediadan, ətrafımızda daha aydın şəkildə görürük. Bir çox insanlar xəstəxanalara yerləşdirilməklə bağlı problemlər yaşayırlar. Evdə müalicə olunan insanlara qayğı yoxdur, dərmanlar bahadır. Hətta həmin dərmanları almaq çox problemlidir. Bir çox insanlarımız müalicə oluna bilmirlər. Bir sözlə, bu məsələ ilə bağlı Səhiyyədə çox ciddi problemlər yaşanır. Biz zaman-zaman təkliflər paketimizi də irəli sürmüşük. Çalışırıq ki, bunu hakimiyyət yetkililərinin diqqətinə çatdıraq. Təəssüflər olsun ki, problemlər qalır.
Karantin rejiminin tətbiqi prosesində də probemlər qalır. Pandemiyanın bu çətin vaxtında belə, ictimai nəqliyyatda marşrutlar üzrə ləngimələr var. Bakı Nəqliyyat Agentliyini avtomobillərin cərimələnməsi daha çox narahat edir, nəinki ictimai nəqliyyatın düzgün nizamlanması prosesi. Düşünürən ki, pandemiya ilə bağlı yaranan sistemdə bir natamamlıq var. Biz bu pandemiya dövründə bir dəfə də olsun Səhiyyə Nazirini görmədik. Bunlar illərlə yığışıb qalan problemlərin nüminəsidir. Dərman sahəsində ciddi monopoliya var. Həmin dərman monopoliyasını ələ alan deputatlar var ki, parlamentdə təmsil olunurlar. Onlar bütövlükdə ictimai fikrə müsbət mənada təsir göstərmək əvəzinə, əksinə ictimaiyyətdə narazılığın artmasına səbəb olurlar. Dərmanların tapılmaması, bahalaşması, keyfiyyətin aşağı düşməsi çox ciddi məsələlərdir. Burda həm korrupsiya, həm rüşvət faktları var. Bu, ümumilikdə dövlətin əsaslarını sarsıdan bir məsələdir. Çünki İnsanların sağlamlıq məsələsi dövlətin ilk əsas vəzifələrindən biridir. Bu məsələdə problemlərin qalması cəmiyyətin dövlətə qarşı narazılığını formalaşdırır. Yaxınlarını itirən insanlar, yaxınlarının vaxtında müalicəsinə nail olmayan vətəndaşlarımız təbii olaraq dövlətdən narazı qalırlar. Biz bu məsələlərin həll olunması üçün həyəcan təbili çalırıq. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”