"Bu şaiyələri ermənilər və Rusiyadakı ermənipərəst qüvvələr yayır"
Fuad Əliyev: "Cəmiyyətdə olan narahatlığı başa düşürəm"
"Üç ölkənin bəyanatına görə, dekabrın 1-nə qədər bütün erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır. Bundan da qabaq ermənilər çıxmayacaqlarını və partizan qrupları yaradacaqlarını bəyan edirdilər. Hazırda erməni silahlı qüvvələrinin böyük hissəsi Azərbaycanı tərk edib. Orada qalanlar isə necə ki, 28 il ərzində qeyri-qanuni yaşayırdılar, indi də qeyri-qanuni qalanlardır. Ermənistanın qalan əsgərləri və yaxud bu könüllülər silahları yerə qoymasalar, artıq terrorist hesab edildiklərinə görə, Azərbaycan ordusu tərəfindən tərksilah ediləcəklər. Bu yaxınlarda da 160-a yaxın erməni terrorist ağ bayraq qaldıraraq əsgərlərimiz tərəfindən əsir götürülüblər. Hamı bilməlidir ki, bundan sonra Azərbaycan Ordusu bu erməni terroristlərə qarşı anti-terror əməliyyatı aparacaq".
Versus.Az xəbər verir ki, bu fikirləri “Hurriyyet tv”yə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Cəmiyyətdə olan narahatlığın başadüşülən olduğunu qeyd edən partiya sədri hər kəsi səbrli, təmkinli olmağa çığırıb:
“Çünki indi "Qarabağ münaqişəsi" deyilən heç bir şey yoxdur. Mərhələ-mərhələ bütün qalan məsələlər həll olunacaq. Xankəndində artıq qondarma qurumun “bayrağı” endirilib. İşğaldan azad olunan torpaqlarda Azərbaycan qanunlarını qəbul edən ermənilər yaşayacaqlar. Qəbul etməyənlər isə o müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar”.
36 min erməninin qaçqın adı ilə Xankəndinə köçürülməsi məsələsinə də toxunan Fuad Əliyevin fikrincə, bu, şişirdirilmiş rəqəmlərdir. ALDP sədrinin sözlərinə görə, bu rəqəmləri erməni mətbuatı və Rusiyada ermənipərəst mətbuatı şişirdir:
“Baxın, ermənilər Kəlbəcər rayonunu boşaldanda, əlavə 10 gün vaxt istəmişdilər. Çünki Kəlbəcərdə 20 mindən çox erməni məskunlaşmışdı. İndi necə olur ki, bu qısa müddətdə 36 min insan köçsün? Hesab edirəm ki, bundan narahat olmağa dəyməz. Hətta 100 min erməni köçsün ora. Azərbaycan qanunları işləyəndən, administrativ orqanlar fəaliyyətə başlayandan sonra bütün sənədlərə baxılacaq və 1992-ci ilə qədər yaşayanlar qalacaqlar, qalanları isə Azərbaycandan çıxarılacaqlar”.
F.Əliyev Qarabağa köçürülən ermənilərə Rusiyanın vətəndaşlıq pasportu veriləcəyi ilə bağlı fikirlərin də inandırıcı olmadığını vurğulayıb. Bildirib ki, burada heç bir təhlükə yoxdur:
"Ermənilər rus pasportu alsalar belə, Rusiya vətəndaşı olaraq birbaşa Rusiyaya gedəcəklər. Bu şaiyələri ermənilər və Rusiyada olan ermənipərəst qüvvələr yayır. Bir daha qeydedirəm, bu, mümkün olan şey deyil. Və bir daha Putinin bir neçə dəfə verdiyi bəyanatı yada salmaq istəyirəm: Qarabağ Azərbaycan ərazisidir. Odur ki, belə şaiyələrə uymaq və yaxud reaksiya vermək lazım deyil. Erməni mətbuatında gedən xəbərlərəbaxın, bütün Ermənistan ayağa qalxıb ki, "biz uduzmuşuq, biz kapitulyasiya etmişik, Paşinyan satqındır" və sair şüarlarla etiraz mitinqi gedir. Bizdə isə bəziləri deyir ki, biz qələbə qazanmamışıq. Bu çox ziyanlı fikirlərdir. Biz tam qələbə qazanmışıq və Ordumuz tərəfindən ərazi bütövlüyümüzü bərpa etmişik".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”