"Bir papkası, bir özü olan partiyaları aktiv partiyalar sırasına qatmağın tərəfdarı deyiləm”
Hafiz Hacıyev: “Hakimiyyətin partiyalarla əməkdaşlığı böyük uğurlu işdir”
Bir müddətdir ki, Prezident Admnistrasiyasının siyasi partiya və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya liderləri ilə müntəzəm görüşlər keçirir. Görüşlərdən əlavə bir neçə partiyanın ofislə təmin olunması həyata keçirildi və güman edilir ki, bu proses də davamlı olacaq.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev partiyasədrləri ilə keçirilən bu görüşləri yüksək dəyərləndirdiyini bildirib.
2020-ci ildə bu yöndə xeyli uğurlu işlərin görüldüyünü qeyd edən partiya sədri MMP olaraq belə bir görüşdə iştirak etdiklərini vurğulayıb:
“Ədalət müəllimlə partiya sədri olaraq mənim də görüşüm olub. İctimai-siyasi, sosial məsələləri müzakirə etmişik, fikir mübadiləmiz olub. Bu, Prezidentimizin tapşırığı ilə həyata keçirilən çox uğurlu bir addımdır və millətlə dövlətin birləşməsi arasında çox böyük əlaqədir. Ədalət Vəliyev də bu tapşırığı çox profesionallıqla reallaşdırdı”.
H.Hacıyev bildirib ki, bu münasibət azərbaycan xalqı arasında da bir birliyin yaranmasına təkan verib:
“Düzdür, indi bəzi partiyaların rəhbərləri “youtube” üzərindəki kanallar vasitəsilə özünə əl qatıb ki, “ay məni heç kim ələ ala bilməz” falan-bəsməkan. Mən onlara deyirəm ki, birincisi, heç sizə dəyər verib özünüzün təbirinizcə desək, ələ almaq istəyən də yoxdur. Çalışdığınız odur ki, milli birliyimizi pozasınız, amma ona da nail ola bilməyəcəksiniz”.
Hafiz müəllim bir neçə partiyaya ofis verilməsi məsələsinə də toxunub. Partiya sədrləri ilə partiyanın müəyyən məsələlərinin birgə müzakirəsini yüksək dəyərləndirən H.Hacıyevin fikrincə, çalışmaq lazımdır ki, ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrə fürsət verilməsin:
“Hər halda patiyalara da xaricdən böyük müştərilər var. Yəni Azərbaycanda vəziyyəti qarışdırmaq istəyən dövlətlər var ki, bu niyyətlərini ölkəmizdəki siyasi partiyalar vasitəsilə həyata keçirmək istəyirlər. Bu baxımda hakimiyyətin partiyalarla əməkdaşlığı böyük uğurlu işdir. Bu münasibəti bütün siyasi partiyalar alqışlayır. Ali Baş Komandanımızın da dediyi kimi, 44 günlük müharibədə hamımız yumruq kimi birləşdik. Bu da vətən müharibəsində qalibiyyətimizlə özünü göstərdi”.
Bu birliyin, partiyaların inkişafı üçün yeni mühüm qərarların qəbul edilməsinin, birgə müzakirələrin davam etməsinin arzuolunan olduğunu vurğulayan MMP sədri partiyaların ofislə təminatında müəyyən nüznslara diqqət edilməsinin vacibliyini də bildirdi:
“Mən bir papkası, bir özü olan təşkilatları da aktiv fəaliyyət göstərən partiyaların sırasına qatmağın tərəfdarı deyiləm. 30 ildir bu siyasətlə məşğuluq, bilirik ki, özündən və papkasından ibarət partiyalar mövcuddur. İndi onları neçə ildir siyasi fəaliyyət göstərən partiyalarla eyni tutmaq da olmaz. İndi yerindən duran gedib partiya yaradır ki, desinlər bunun da partiyası var. Hər halda oturuşmuş partiyalar var və o partiyalar da Ali Baş Komandanın ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir. Hakimiyyətin daxilində olan rüşvətxorları isə qətiyyən dəstəkləmirik və onlarla mübarizəmizi davam etdirəcəyik. Necə ki, Şəhid ailəsinin haqqını yeyən rayon icra başçılarına qarşı mübarizə aparırıq, eləcə də bu yöndə mübarizəmizi davam etdirəcəyik.
İçimizdə olan xain partiyalara gəlincə, zaman-zaman onların da iç üzlərini açıb ortaya qoymuşuq. İndi bəziləri yenə çabalayır, istəyirlər ki, canlansınlar, amma qarşılarında bizi görəcəklər”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”