Dövlət tərəfindən ofislə təmin edilən partiya rəhbərləri danışdılar - SORĞU
“Bu, partiyaların kimlərdənsə, hansısa sponsorlardan asılılığını azaldır”
Normal siyasi fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra siyasi partiyalar ofislə təmin olunur. Partiyaların qərargahla təmin olunması siyasi hökumətin partiyalarla münasibətlər sisteminin nizamlanması, eləcə də iqtidar-müxalifət dialoqunun təməl prinsiplərinin möhkəmlənməsi baxımından əhəmiyyətli hesab olunur.
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib ki, sədrlik etdiyi təşkilat ciddi və insan resursu olan partiyadır, parlamentdə təmsil olunur:
“Müraciət etdik və müsbət qarşılandı. Ofislə tanış oldum, gözəl təmir edilib və şəhərin də gözəl yerində yerləşir. Təqdimat zamanı Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə həm də Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik şöbəsinin bir neçə əməkdaşı da iştirak edirdi. Bu yanaşma məni razı saldı. Çünki az qala 30 ildir ki, bütün siyasi partiyalar narazılıq edir, "Siyasi partiyalar haqqında" Qanunun icra mexanizminin olmadığını söyləyirdi, dialoq adı altında baş altına yastıqqoyma baş verirdi”.
R.Nurullayev bildirib ki, Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə Prezidentin onların qarşısına qoyduğu vəzifəni doğru-dürüst yerinə yetirir:
“Mənim narazılığım yoxdur. Düz 5 il ofis olmadan fəaliyyət göstərmişik, onlarla məktubla müraciət etmişdik, heç cavab da almamışdıq. Onun üçün də etiraf etmək lazımdır ki, hazırda baş verənlər həm böyük nailiyyət, həm də irəliləyişdir.
Siyasi partiyalar kiçik bir məsələ ilə bağlı belə birbaşa Prezidentə müraciət edirdi. Əslində, bu yalnız siyasi partiya və təşkilatlara bağlı məsələ də deyil. Qonşu qonşusu ilə dalaşanda, kimsə yardımdan kənarda qalanda, sürüşüb büdrəyəndə belə Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır. Səbəb isə bəllidir, çünki vətəndaşlar çarəsizdir. Axı belə olmalı deyil”.
Partiya sədri bildirib ki, yeni şöbə müxalifəti susdurmaq üçün yaranmayıb, əksinə, siyasi müstəvidə yeni konfiqurasiya yaratmaqla məşğuldur və buna nail ola bilib:
“Yeni şöbə ilə əməkdaşlıq və görüşlər bir çoxlarına göstərə bildi ki, cəmiyyətə, ayrı-ayrı adamlara, iqtidara, hər kəsə müxalifətçilik etmək, tənqidi fikirlər səsləndirmək, seçkilərdə mübarizə aparıb iqtidarı udmaq, onun siyasətini tənqid etmək olar, amma dövlətə müxalifətçilik etmək olmaz. Vacib tezis budur: Dövlətə müxalifətçilik olmaz. Dövlət hər kəsindir və toxunulmazdır. Dövlətə müxalifətçilik edənlərin taleyi yaxşı olmur”.
Ağ Partiyanın sədri Tural Abbaslı iqtidar-müxalifət dialoquna ilin əvvəllərindən start verildiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər əsasən Prezident Aparatında Patiyalarla iş üzrə şöbənin yaradılmasından sonra daha effektiv inkişaf etməyə başlayıb.
T.Abbaslı bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin partiyalarla ilk ünsiyyyətində partiya sədrləri onları narahat edən bir çox məsələləri dilə gətiriblər:
“Eyni zamanda partiyaların normal fəaliyyət göstərmələri üçün lazım olan minimum şəraitin yaradılması da müzakirə mövzularından biri idi. Hökumətdən bu məsələlərin tez bir zamanda həll ediləcəyi barədə vəd verilmişdi. Nəhayət ötən həftə bu məsələlərdən biri - Partiyaların Qərargah məsələsi öz həllini tapdı. AĞ Partiya da daxil olmaqla bir neçə partiya ofislə təmin edildi. Doğrudur, hələ çoxpartiyalı sistemin bərpası və normal vəziyyətə düşməsi üçün görülməli olan xeyli işlər var. Ancaq ofislərin verilməsi bu istiqamətdə siyasi iradənin mövcudluğunun sübutudur. Ümid edirəm ki, Azərbaycanda çoxpartiyalı sistemin bərpası üçün lazımi addımlar sona qədər atılacaq və nəhayət normal dövlət quruculğu istiqamətində irəliləyiş əldə etmiş olacağıq”.
Partiya sədri bildirib ki, cəmiyyətdə bu günə qədər yanlış istiqamətdə inkişaf etmiş iqtidar-müxalifət münasibətlərinin yaratdığı ziyanlı bir ictimai rəy formalaşıb ki, guya partiyalara dövlət tərəfindən dəstəyin verilməsi onların müxalifət fəaliyyətində neqativ formada özünü büruzə verəcək:
“Lakin nə ofis məsələsində, nə də partiyaların maddi-texniki bazasının yaradılması istiqamətində dövlət tərəfindən görülən heç bir işə görə partiyalar hər hansı bir gizli öhdəlik götürməyib və götürməyəcək də.
AĞ Partiya yarandığı gündən müxalifyönümlü partiyadır və belə də davam edəcək. Yəni bizim müxalifət kimi fəaliyyətimiz Azərbaycan Respublikası qanunları ilə tənzimlənir, hər hansı bir separat və gizli razılıqlarla deyil. Bizim əsas məqsədimiz bütöv, güclü, demokratik və firavan Azərbaycanın olmasıdır. Bu istiqamətdə sona qədər və qətiyyətlə mübarizə aparacağıq”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Əli Orucov bildirib ki, son dövrdə iqtidarla müxalifət münasibətlərinin normal məcraya yönləndirilməsi partiyalar tərəfindən xoş qarşılanır.
Partiya yetkilisi bildirib ki, bu münasibətlər cəmiyyətdəki gərginliyin azaldılmasına xidmət edir:
"Bildiyimiz kimi, partiyalar cəmiyyətin siyasi institutları olaraq əsas dayaqlarından biri hesab olunur. Eyni zamanda bu, iqtidar cəmiyyət arasında bir körpü münasibətlərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Ona görə də siyasi institutların inkişafı üçün normal şəraitin yaradılması dövlətin birnömrəli vəzifəsi olmaqla yanaşı inkişafın qarantıdır. Bu baxımdan son bir il ərzində hakimiyyət düşərgəsinin müxalifət düşərgəsinə olan mövqeyi də pozitiv istiqamətdə dəyişir və bu proses davamlı xarakter alıb.
Bunun davamı olaraq da siyasi partiyaların fəaliyyəti üçün mənzil qərargahların verilməsi, ofislərin ayrılması yaxşı haldır. Bu, partiyaların kimlərdənsə, hansısa sponsorlardan asılılığını azaldır, həm də həmin partiyaların iş keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu baxımdan son dövrlər partiyaların qərərgahla təmin edilməsindən əlavə, hakimiyyət onun maddi-texniki bazasının möhkəmləndirilməsinə də diqqət ayıracaqdır. Bu demokratik cəmiyyətin inkişafına çox böyük təkan olardı. Hər halda bu çox müsbət qarşılanır və öz müsbət təsirini də əvvəl-axır göstərəcək".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, hakimiyyətə qarşı müxalif mövqedə olmaq normaldır:
“Hətta sərt müxalif mövqedə də olmaq olar. Amma Vətən, ordu, əsgər üzərindən qərəzli müxalifətçilik, manipulyasiyalar etmək qəbulolunmazdır.
Torpaq yalnız hakimiyyətdəkilərin deyil, həm də bütövlükdə xalqın, hamımızındır. Torpaqlarımız da daha çox sadə insanlarımızın, onların övladlarının canı-qanı bahasına, qəhrəmanlığı və silah gücünə geri qaytarılıb.
İndinin özündə də torpaqlarımızın işğaldan tam azad olunması üçün elliklə səfərbər olmaq hamının borcudur”.
Milli Vəhdət Partiyasının (MVP) sədri Əlisahib Hüseynov bildirib ki, son günlər ölkəmizin siyasi vitrinində olduqca xoş hadisə və həm də yeni tendensiyanın şahidi olmaqdayıq:
“Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, normal siyasi fəaliyyətin təmin edilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət hesabına mənzil-qərargahlarla təmin olunması prosesi çərçivəsində qərargahla təmin edilən partiyaların ilk onluğunda biz də vardıq. Bizdən sonra səhv etmirəmsə, daha 4 partiya qərargahla təmin edilib. Bu proses davam edəcək. Bu çox sevindirici və təqdirəlayiq hadisədir. Bir çox insanlar sosial şəbəkə üzərindən və yaxud telefonla zəng edib bizi təbrik edir, sevincimizə şərik olurlar. Çünki kirayənişin həyatımıza son qoyuldu”.
Partiya sədri bildirib ki, ofis, qərargah məsələsi partiyaların gündəlik olaraq üzləşdiyi ən ciddi problemlərdən biri idi. Bir çox partiyalar daimi qərargahın olmamasından əziyyət çəkirdi:
“Bizim də daimi qərargahımız yox idi. Kirayə ofisdə otururduq. Bu isə istər-istəməz psixoloji diskomfort hissi yaradırdı. Lakin şükürlər olsun ki, bu problem artıq öz həllini tapdı. Yerigəlmişkən, bizim üçün ayrılmış ofis sahəsi də bizi tam qane edir. Kifayət qədər rahat və əlverişli ofisdir. Ünvan da münasibdir. Yeni ofis bütün üzvlərimiz üçün kommunikasiya, gəliş-gediş baxımından əlçatan olacaq. Yəni ki, partiyaların şəhərin ucqar bir nöqtəsində yox, şəhərin mərkəzi hissəsində qərargahla təmin olunması gündəlik partiya həyatının canlanmasına əlavə stimul və təkan verəcək.
Biz bu hadisəni istər öz partiyamız, istərsə də digər partiyalara münasibətdə dönüş nöqtəsi hesab edirik. Siyasi partiyalar üçün yeni dönəm, yeni mərhələ başlayır. Partiyalara münasibətin dəyişməsi bütövlükdə siyasi mühitin keyfiyyətcə dəyişməsinə, yaxşılaşmasına təkan verəcək. İndi dövlət-partiya münasibətləri daha sivil müstəviyə keçir. Partiyaların ofislə təmin edilməsi ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapmasının göstəricisi, indikatoru olmaqla bərabər, həm də partiyalara psixoloji-siyasi natamamlıqdan qurtulmaq imkanı verir. Ofisi olmayan partiya yarımçıq qurum deməkdir. Heç bir siyasi partiya normal ofis şəraiti olmadan effektiv fəaliyyət göstərə bilməz. Ofisi olmayan siyasi partiyanı heç cəmiyyətin özü də ciddi qəbul etmir. Bu baxımdan, mən partiyaların ofislə təmin olunması prosesini inqilabi hadisə kimi qiymətləndirirəm”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”