Siyasilərdən “status-kvo” məsələsinə ETİRAZ
“Matviyenko əslində status məsələsində Putinin açıq dediklərini təkrarlayır”
Rusiyanın müxtəlif formalarda Qarabağın status məsələsini vaxtaşırı gündəmə gətirməsi Azərabaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Bu günlərdə isə “Armeniya Sputnik”ə açıqlama verdiyi iddia olunan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik"- fikirləri ilə növbəti qığılcımı yaradıb.
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev məsələylə bağlı açıqlamasında bildirib ki, Rusiya Federasiya Şurasının sədri Matviyenkonun Qarabağın status məsələsi barədə dediyi fikirlər ciddi yanaşmaq lazımdır:
“Prinsipcə, bu üç cümlənin arxasındakı mətləbləri real olaraq nə vaxt görəcəyimizi zaman göstərər. Ancaq xanım Matviyenko Qarabağ məsələsində məlumatlı biri kimi artıq özünü göstərib. Hələ Vətən müharibəsindən qabaq Milli Məclisin sədri Sahibə Qafarovanın Moskva səfəri zamanı Matviyenko ilə görüşünün ardınca rəsmi yayılan və sonra müvəqqəti üstündən keçilən məlumatı xatırlayaq. Məlumatda deyilirdi ki, rayonların Azərbaycana qaytarılması Kremlin rəsmi mövqeyidir. Sonrakı hadisələr təsdiqlədi ki, bu həqiqət idi. Matviyenko əslində bu gün status məsələsində prezident Putinin açıq dediklərini eynən təkrarlayır. Demək, Rusiyanın dövlət işteblişmentində Qarabağın statusuna dair ümumi fikrin olduğuna dair vəziyyət görsənir”.
A.Quliyev hesab edir ki, Rusiya Federasiya Şurasının sədri Matviyenkonun çıxışının məqsədsiz şəkildə verlilmədiyi şübhısizdir:
“Mümkündür ki, xanım Matviyenko bu çıxışı ilə Qarabağ tənzimlənməsinin indiki mərhələsindən faktiki kənarda qalmış Fransa ABŞ-a müəyyən ümidlər vermək, onların könlünü almaq və hansısa mərhələdə, konkret olaraq status məsələsinin müzakirəsində prosesə qoşula biləcəkləri barədə mesajlar vermək istəyib. Məlumdur ki, ABŞ və Fransa 10 noyabr razılaşmasından sonra incik düşüblər və status mövzusunu həvəslə aktuallaşdırmağa can atırlar. Ancaq əgər Matviyenkonun çıxışı status məsələsində Fransa və ABŞ-a yer ayırmaq məqsədindən irəli gəlirsə, burada da deyilənlər Azərbaycan prezidentinin az əvvəl həmsədrlərlə Bakıda görüşdə dediyi çox real mövqeyə uyğun gəlmir. Azərbaycan prezidenti aydın dedi ki, ABŞ və Fransa regionumuzun bərpasında, kommunikasiyaların saçılmasında, xalqların sülhə hazırlanmasında və Ermənistanda revanşist səylərin cilovlanmasında iştirak edə bilərlər. Yəni Azərbaycan Prezidenti onların prosesdə iştirakını yalnız bu çərçivədə mümkün saydı və status müzakirəsində iştirak kimi bir perspektivə işarə etmədi. Belə də Matviyenkonun bəyanatı reallığa zidd olmaqla bərabər həm də Ermənistanda şovinist millətçi və serparatçı əhval-ruhiyyəni qızışdırmaq potensialına malikdir.
Hər halda Azərbaycan hazırda keçmiş Dağlıq Qarabağın hüdudları çərçivəsinə tək ermənilərin köçürülməsi prosesindən narahat olmalı və həmin yerlərin məskunlaşdırılmasında proporsionallığın pozulmasının qarşısını almağa çalışmalıdır. Elə olmasın ki, bir vaxt başımızı qaldırıb görək ki, həmin ərazilərə sovet dövründəkindən də artıq erməni məskunlaşdırılıb. Bu ərazilərdə yenidən məskunlaşdırmada milli balans ermənilərin xeyrinə pozulsa gələcəkdə status müzakirələri təhlükəsi daha da kəskinləşə bilər”.
“Olaylar” qəzetinin baş redaktoru, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib ki, statusla bağlı artıq Azərbaycan Prezident öz fikrini bildirib: Qarabağda status ola bilməz!
Azərbaycanda ermənilərdən başqa digər millətlərin də yaşadığını vurğulayan Y.Oğuz onların da statusunun olmadığını xatırladıb:
“Azərbaycan ərazilərində Azərbaycan qanunları işləməlidir, əhali o qanunlara tabe olmalıdır və belə də olacaq. Bu mənada status məsələsinin vaxtaşırı ortaya atılması cəfəngiyyatdır. Rusiya çalışır ki, əli Güney Qafqazdan çıxmasın. Bunun üçün də burda münaqişə ocağını saxlamağa çalışır. Azərbaycanda dövlət qanunları işləyəndən sonra nə sülhməramlılara, nə də Qarabağda statusa ehtiyac yaranmayacaq. Status ona görə ortaya atılır ki, Azərbaycan, Ermənistan və Türkiyə arasında sərhədlər açılsın, dövlət səviyyəsində müqavilələr bağlansın”.
Y.Oğuz bildirib ki, Azərbaycanda hər hansı bölgəyə statusun verilməsi məsələsi yoxdur:
“1991-ci ilin 26 noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti Milli Məclis tərəfindən ləğv olunub. Status-kvo dəyişdi, bitdi. Yaşamaq istəyənlər Azərbaycan qanunlarına əməl etməlidir. Bütün iqtisadi üstünlüklərimiz digər rayonlara necə tətbiq olunursa, ermənilərin qaldığı ərazilərə də eynilə tətbiq olunacaq. Amma beynəlxalq aləmi daxili işimizə müdaxilə etməyin, yenidən münaqişə ocağı yaratmağın əleyhinəyəm”.
Y.Oğuz qeyd edib ki, Dövlətimiz tutduğu mövqeyini düzgün davam etdirir. Artıq dövlət öz strukturlarını işğaldan azad olunmuş ərazilərdə qurur:
“Rusiyanın hərbi sənaye kompleksinin tərəfdarları bunları görür və aranı daha çox qızışdırmaq istəyirlər. Rusiya elə vəziyyətə düşüb ki, nə Ermənistanı, nə də Qarabağda qalan erməniləri saxlaya bilməyəcək. Ona görə də ermənilər istəyirlərsə Azərbaycanın iqtisadi inkişafına qoşulsunlar, istəmirlərsə çıxıb getsinlər”.
Real Partiyasının sədr müavini Natiq Cəfərli hesab edir ki, Rusiya sülhməramlıların Qarabağda mövcudluğunu bacardıqca uzatmağa çalışıacaq.
Bunun bir yolu da status məsələsinin daim gündəmdə saxlanılmasıdır:
“Ermənistana müxtəlif əməkdaşlıqlar təklif olundu. Hətta Prezident də çıxışlarında dedi ki, Ermənistan normal sülh müqaviləsi imzalayarsa, absurd, revanşist iddialarından əl çəkərsə, gələcəkdə regionda əməkdaşlığın çərçivələri genişlənə bilər və Ermənistan da prosesə daxil ola bilər. Bu anlamda sülh prosesi ilə bağlı danışıqlar olacaq. Lakin Azərbaycan heç vaxt status məsələsinə yol verməyəcək. Statusu israrla gündəmə gətirməklə münaqişənin hər an alovlana biləcəyi siqnallarını verirlər. Həm də bölgədə uzunmüddətli olmasına çalışırlar”.
N.Cəfərli qeyd edib ki, Matviyenkonun açıqlamasında Fransa və ABŞ-ın da adının çəkilməsi ATƏT-in Minsk qrupu formatının dirildilməsinə hesablanıb:
“Əslində Minsk Qrupu iflic vəziyyətə düşüb. Çünki 26 ildir danışıqlarda heç bir ciddi irəliləyiş əldə edilmirdi. Minsk qrupu bir neçə format təklif eləmişdi. Bunun adını Madrid, Kazan prinsipləri qoymuşdurlar. Azərbaycan ordusu bu prinsipləri darmadağın etdi. İndi ATƏT-in Minsk qrupunun görə biləcəyi iş yeni təkliflərlə çıxış eləməkdir. Burda erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan daxilində hüquqlarından tam istifadə etməklə yaşaması üçün müxtəlif formulların təklif olunmasından söhbət gedə bilər. Statusla bağlı prinsiplər yoxdur”.
Politoloqun fikrincə, Azərbaycan tərəfi münasibətlərdən istifadə edərək, öz irad və tələblərini dövlətlərarası münasibətlər sistemində açıq şəkildə bildirməlidir:
“Bəzi məqamlarda müxalifət olaraq öz fikrimizi bildirməliyik. Bizə hərbi qələbənin diplomatik qələbəyə keçməsi ərəfəsini düzgün aparmalıyıq. Bunun üçün də yeni oyun qaydaları lazımdır. Elə anlar yarana bilər ki, hökumət nəyisə deyə bilmir, onu müxalifət deyir. Elə anlar var ki, müxalifət hökumətdən qabaq bəzi problemləri qabartmağa çalışır və hökumət də müxalifətə istinadən danışıqlarda əlini daha da gücləndirir. Belə çoxtərəfli, ağıllı strategiya qurmağın zamanıdır. Hakimiyyət hər dəfə Rusiyaya publik cavab versə, bunun fəsadları olur. Rusiyanın sağı-solu bəlli olmaz. Bir söz deyən kimi pamidora, almaya qadağa qoyur. Sərhədləri bağlayır, müxtəlif problemlər yaradır. Çox çətin qonşumuz var, ona görə də bəzi hallarda hakimiyyətin deyə bilmədiyini aparıcı müxalifət ortaya qoyub müzakirəyə çıxarmalıdır.
Hakimiyyət tərəfindən maraqlı addımlar oldu. Tam hakimiyyətin nəzarətində olan Sosial Tədqiqatlar Qurumunun Araşdırma Mərkəzi sorğu keçirdi və Rusiya sülhməramlılarına çox aşağı, 30 faiz güvən olduğu bildirildi. Bax belə işarələrlə Rusiyaya mesaj vermək lazımdır. Əgər AzTV-də Rusiya sülhməramlılarına güvənilmir deyildisə, bu çox böyük nailiyyətdir”.
Politoloq Qabil Hüseynli bildirib ki, Moskva rəsmisinin bu iddiası çox təxribatçı bir çıxışdır.
Politoloqun sözlərinə görə, Matviyenko həmişə ermənipərəst mövqedən çıxış edib və bu gün də “qaşınmayan yerdən, qan çıxarmağa” çalışır:
“Matviyenkoya deyilməlidir ki, sənin ölkən Türkiyə, Rusiya ilə birlikdə regionda təmizləməni yavaş-yavaş həyata keçirir. Status məsələsinin son bəyannamədə adı da çəkilmir. İndi təzədən bu məsələni qaldırmaqla nəyə nail olmaq istəyirsən? Açığı demək lazımdr ki, sülhməramlıların Qarabağda olmasını Türkiyə də, Pakistan da istəmir. Pakistan xüsusilə qəzəblidir və rus qoşunlarının Azərbaycandan çıxarılmasını təkidlə tələb edir. Yəni siz yenə də müharibə istəyirsizsə, müharibə sizin üçün bu qədər də əlverişli olmayacaq. Məsələn, Pakistan artıq 5 mindən artıq nizami ordusunu Azərbaycana yürütməyə hazırlaşır. O qədər qoşunları da qardaş Türkiyə respublikası bölgədə saxlayır. Kiçicik bir qığılcım yaransa, ilk zərbə Rusiyaya dəyəcək, bölgədə böyük qarışılıqlıq olacaq. Ona görə də Matveyenkonun qızışdırıcı mövqeyi heç bir rol oynamayacaq. Azərbaycan Ermənisanla dil tapıb sədrədləri demorkasiya və demlitasiya edəcək və Ermənistanı da iqtisadi layihələrə qoşmaqla xalqlar dinc yanaşı yaşayacaqlar. Dağlıq Qarabağ məhfumu yoxdur.
Cəhd ondan ibarətdir ki, BMT tərəfindən mandat verilən ATƏTin minsk qrupunu məsələyə qatmaq istəyirlər. Problem həll olunub bundan sonra hansısa təşkilatın məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Qarabağın status məsələsini yenidən qabartmasını rəsmi mövqe kimi qiymətləndirmək olar.
Politoloq Rusiyanın bu siyasətini Azərbaycan tərəfindən qəbuledilməz fakt kimi dəyərləndirib. O, eyni zamanda noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədə statusla bağlı maddənin olmadığını vurğulayıb. “Putin dəfələrlə mətbuata verdiyi açıqlamalarda “status məsələsi”nin açıq qaldığını və gələcəkdə həll ediləcəyini qeyd edib.
Q.Hüseyinli vurğulayıb ki, indi Rusiya Federasiya Şurasının sədrinin belə bir açıqlama verərək ABŞ və Fransanı müzakirələrə qoşması regionla bağlı yeni bir problemin ortaya çıxmasını şərtləndirir:
“Hesab edirəm ki, Azərbaycan tərəfi status məsələsini müzakirə etməməlidir. Azərbaycanın ərazi bütövlüyü həll olunub və növbəti mərhələdə Ağdərə, Xankəndi və Xocavənd istiqamətində öz suverenliyini müdafiə edəcək. Sülhməramlı kontingenti bu prosesə maneə olur, texniki işlər həyata keçirir, orada erməniləri müdafiə edir. Sülhməramlılar öz missiyasına daxil olan müddüəlardan kənardır”.
Politoloq bildirib ki, hazırki dönəmdə daxildə müəyyən qüvvələr var ki, sülhməramlıların Azərbaycanın maraqlarını ifadə etdiyini vurğulayıb. Onun fikrincə, o qüvvələr Rusiyanın mövqeyini müdafiə edən 5-ci kolonu təmsil edirlər:
“Bu, Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunmur. Hesab edirəm ki, Azərbaycan bu məsələyə son verilməsi üçün rəsmi Moskvaya etiraz bildirməlidir. Bu mərhələ üçtərəfli formatda həll edilməlidir. Azərbaycan bir daha bəyan etməlidir ki, status məsələsi bitdi, Xankəndi, Xocavənd və Ağdərədə suverenlik bərpa olunacaq”.
Politoloq Zaur İbrahimli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tarix yazdı. Ən vacibi Azərbaycanın son üç əsrlik tarixini yeni səhifədən başladı:
"ZƏFƏRLƏ, QƏLƏBƏ ilə başladı. NİDA qoydu və Qələbə çaldı. Xalqı birləşdirdi, Orduya inam verdi, bizə ümid verdi. 44 günlük Vətən müharibəsi, yalnız Qarabağ bölgəsində deyil, bütün Cənubi Qafqazda status-kvonu dəyişdi. Cənubi-Qafqazla bağlı bütün beynəlxalq yanaşma və qüvvələr nisbəti dəyişdi. Regionumuzun gesosiyasi xəritəsi dəyişdi, Türkiyənin mövqeyini bölgəmizdə möhkəmləndirdik. 20-ci əsrin əvvəlind’ qardaş Türkiyənin yardımı ilə Bakını azad etdik, əbədi paytaxtımız oldu, 21-ci əsrin ikinci onilliyinin başlanğıcında isə Şuşanı, Hadrutu, 7 rayonumuzu azad etdik, Naxçıvana quru yolu açdıq, Ermənistanı darmadağın etdik. Ermənistanın 100 illik “Böyük Ermənistan” xəyalını 44 günə puç etdik. Siyasət mümkün olanı etmək sənətidir, səbri, inadı, inamı sevər. 2016-cı ilin aprelində Lələtəpə və Cocuq Mərcanlı azad oldu, 4 il sonra artıq bütün Qarabağ yüksəkliklrində Azərbaycan bayrağı dalğalanır. Şübhəsiz ki, siyasət imkanlar, fürsətlər, onlardan istifadə etmək sənətidir. Azərbaycan, Prezident İlham Əliyev bu mənada mümkün olanın maksimuna nail oldu".
Z.İbrahimli qeyd edib ki, Azərbaycan Ordusunun cəsurluğu, məharəti geosiyasi şərtləri Azərbaycan üçün daha məqbul etdi, diplomatiyamızın mövqeyi gücləndi:
"Ermənistan həm döyüşdə, həm də masada məğlub oldu. 10 noyabr Moskva anlaşması Ermənistanın kapitulyasiyasıydı, eyni zamanda əsas vasitəsçi və regionda xüsusi təsir imkanları olan Rusiyanın maraqlarını da ifadə edirdi. Ciddi analitiklərə bəri başdan aydın idi ki, ruslar istənilən sövdləşmənin əsas iştirakçısı və payçısı olacaqlar. Sadəcə, bunun parametrlərini xeyli dərəcədə Azərbaycanın hərbi uğurları müəyyənləşdirdi. Biz yalnız Şuşa ilə kifayətlənməli olduq, indiki zaman kəsiyində mümküm olanı əldə etdik. Rusların Qarabağ bölgəmizdə yerləşməsinin riskləri, təhdidləri də məlumdur. Bunu ciddi təhlilçiərin hər biri bilir və şübhəsiz ki, dövlət siyasətini müəyyənləşdirənlər də fərqindədirlər. Ermənilərin də üç əsrlik fitnə siyasətindən geri çəkilməyəcəyi bir həqiqətdir. Bunlar mövcud situasiyanın bəlli olan parametrləridir. Şübhəsiz ki, pərdəarxasında qalan məqamlar və qlobal güclərin rəqabətinin də nəticələri özünü biruzə verir. Məhz bu qlobal müstəvidə rəqabət və Azərbaycanın son on illikdə düzgün seçimi bizi BMT səviyyəsində qorudu. Bu baxımdan beynəlxalq mövqeyimiz etibarlıdır. Qarabağ bölgəmizlə bağlı bir çox əhəmiyyətli suallar hələ ki, açıq qalır. Hələ ki, rəsmi Bakı bu məsələlərin publik müzakirəsinə maraq göstərmir. Amma şübhəsiz ki, diplomatik səylər tam sürəti ilə davam edir. Hər halda son 27 ilin təcrübəsi göstərir ki, Prezident İlaham Əliyev hər zaman “ikinci erməni dövlətinin Azərbaycan ərazində yaranması mümkün olmayacaqdır” bəyanatının və vədinin arxasında durmağı bacarır. Məhz bu əminlik yaradır ki, milli maraqlarımızın qorunması üçün mümkün olan nə varsa ediləcəkdir. Azərbaycan dövləti və cəmiyyəti üçün hazırda əsas prioritet milli məsələrdə birliyi qorumaq, sayıq olmaq, dövlətimizi gücləndirmək, daha yaxşı idarətmə sistemi, daha ədalətli bir sistem qurmaq, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza maksimum qayğı göstərmək, Ordumuzu gucləndirmək, modernləşdirmək, düşmənlərimizin kimliyini unutmamaqdır. Hər birimiz başa düşməliyik müharibə bitməyib, ermənilərlə müharibə bitməyəcək. İsrail təcrübəsini əsas götürüb bu cür strategiya izləməliyik" /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”