2020-ci ilin son ayları özəl, tarixi günləri ilə Azərbaycan ictimaiyyətinin yaddaşına əbədi olaraq həkk olunacaq. Bu tarixi Ordumuz və Ali Baş Komandanın, xalqın Dəmir Yumruğu yazdı. Bu gün yumruğu yarada bilən tarixi şəxsiyyətin –Prezident İlham Əliyevin ölkənin həyatındakı yeri və rolu xüsusilə qeyd olunur. Azərbaycan ictimaiyyəti ona zəfər tarixi yazan öz sərkərdəsinin doğum gününü və zəfər səlnaməsini öyrənməkdədir.

 

 

Versus.az Hafta.az-s istinadla politoloq və millət vəkillərinin prizamasında uzaq gələcəyə hesablanan bugünkü qələbə tarixini və ona rəhbərlik edən tarixi şəxsiyyəti araşdıracaq.

 

Millət vəkili Asim Mollazadə Hafta.az-a bildirib ki, Ali Baş Komandan İlham Əliyev müzəffər Azərbaycan Ordusu ilə birlikdə böyük tarixi hadisəyə imza atdı. Onun sözlərinə görə, qələbəyə aparan yol ölkənin strateji enerji layihələrindən,  iqtisadiyyatın gücləndirilməsindən, Azərbaycan silahlı qüvvələrinin müasir avadanlıq və silahlarla təmin olunmasından keçdi:

“Azərbaycan hərbi qələbəni diplomatik sahədə də gücləndirməlidir. Ölkəmizə qarşı informasiya müharibəsi gedir.  Mən Prezidentimizə arzu edirəm ki, bu müharibədə son nöqtə qoyulsun və Azərbaycan bu müharibədə tam qalib olsun. Bu gün Azərbaycan xalqı qalib xalqdır və bu, Prezidentimizin böyük bir uğurudur”.

Millət vəkili bu gün Azərbaycana qarşı çox ciddi təzyiqlər olsa da, Prezidentin status-kvo ilə bağlı dediyi sözləri bir daha xatırlatmaq istədi:

“Status-kvo, cəhənnəmə-gora getdi. Bilin ki, hazırda rus sülhməramlı qüvvələri ilə yanaşı Azərbaycanda türk ordusu da təmsil olunur. Türk ordusunun Qarabağda olması Azərbaycanın müstəqilliyinin, Azərbaycan maraqlarının qarantıdır. Rusiya sülhməramlıları müvəqqəti orda yerləşiblər ki, ermənilər həmin ərazilərdə növbəti təxribatlar törətməsinlər. Ermənilər təxribatlara gedərlərsə, Ermənisatanı növbəti faciələr gözləyə bilər. Azərbaycan ordusu kifayət qədər güclüdür. Biz informasiya və diplomatik sahədə Azərbaycan və türk icmalarının dünyada daha da güclənməsinə çalışmalıyıq. Çünki mənfur düşmən tək səngərdə deyil, digər sahələrdə də Azərbaycana qarşı müharibə aparır”.

 

Deputat Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyub. Onun sözlərinə görə, bu missiyanın fəlsəfəsi “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı:

“Ölkə başçımız həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi.

Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı  üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq  siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.

E.Nəsirov bildirib ki, “Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”- deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək  ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin edib. Onun sözlərinə görə, bu gün Azərbaycan demək olar ki, dünya birliyinin bir çox ölkələri, təşkilatları tərəfindən mənəvi dəstək alır:

“Əlbəttə, bu gün Azərbaycan dövlətinin hərbi potensialının, büdcəsinin kifayət qədər yüksək olması buna ehtiyac yaratmır. Yəni Azərbaycan Ordusu öz gücü ilə düşmənə qarşı mübarizə aparır. Ancaq eyni zamanda, dost ölkələrin belə bəyanatları mənəvi cəhətdən bizi ruhlandırır, əzmimizi artırır. Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı,  Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi  öz  əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır. Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır”.

 

 

Politoloq Elçin Mirzəbəyli bildirib ki, 2020-ci il həm pandemiya ilə mübarizədə, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirilən sülhə məcburetmə əməliyyatında, Vətən müharibəsində Prezidentin əldə etdiyi ən böyük uğur onun Azərbaycan xalqını və dünya azərbaycanlılarını öz ətrafında yumruq kimi birləşdirə bilməsidir:

“Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə öz parlaq zəkası, siyasi liderlik keyfiyyətləri, idarəetmə bacarığı, cəsarətli, qətiyyətli və milli maraqlar müstəvisində güzəştsiz mövqeyi ilə tarixdə çox azsaylı dövlət başçılarına nəsib olan və yaşadığımız zaman çərçivəsində dünyanın daha davamlı dövlətçilik ənənələrinə sahib olan xalqlarının həsəd apara biləcəyi milli birliyə nail olmağı bacardı. Hesab edirəm ki, bu amil Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qədər mühüm və tarixi bir nailiyyətdir. Bizim tarixi Zəfərimiz, 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etməyimiz təkcə 2020-ci ilin deyil, 200 ildən artıq bir zaman kəsiyinin və əlbəttə ki, bütöv Azərbaycan tarixinin ən böyük uğuru, ən böyük qələbəsidir. Bu qələbənin memarı isə uzun illərdən bəri səbrlə, inadla xalqını, dövlətini Vətən müharibəsinə, böyük Zəfərə hazırlayan, strateji hədəflərinə doğru, hazırda dərk edildiyi üçün heyrət doğuracaq bir miqyasda fəaliyyət həyata keçirən, mümkünsüzü gerçəkləşdirən Ali Baş Komandan, Prezident İlham Əliyevdir”.

E.Mirzəbəyli bu mənada bildirib ki, bu gün ölkə vətəndaşlarının öz məktublarında, sosial şəbəkələrdə paylaşdıqları statuslarında dövlətimizin başçısına “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsini arzulamaları tamamilə təbii qəbul olunmalıdır:

“İlham Əliyev müzəffər Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanıdır! Həmçinin unutmaq lazım deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tam qələbəsini təmin etmək üçün həm orduya rəhbərlik edib, həm də ölkəmizin haqq səsini dünyaya çatdırmaq, maraqlarımızı təmin etmək üçün böyük bir axına qarşı həm informasiya məkanında, həm də diplomatiya sahəsində, sözün əsl mənasında, savaşıb və yüz ildən artıq bir zaman kəsiyində dünyanı saran erməni yalanlarını, onların çoxsaylı himayədarlarının total təxribat kampaniyalarını darmadağın edib. Bu baxımdan, İlham Əliyev təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün türk dünyasının qəhrəmanıdır.

Əldə etdiyimiz böyük Zəfər və milli birlik bizi 2021-ci ildə daha qətiyyətli, daha yaradıcı, daha işgüzar olmağa sövq edir. Qələbədən eyforiyaya qapılmalı deyilik, mübarizə davam edir. Əskinə, bu qələbə gücümüzə güc qatmalı, bayrağımız qədər ucalan qürurumuzun verdiyi özünəinam sayəsində bütün maneələri dəf etməyə sövq etməlidir. Düşünürəm ki, 2021-ci il COVID-19 adlı görünməyən düşmən üzərində qələbə, böyük islahatlar və quruculuq ili olacaq. Tanrı Azərbaycanı qorusun!”, - deyə ekspert qeyd edib”.

T.Qafarlı

Versus.az