“Rusiyanın "nəzakətli yaşıl adamları" nə qədər ki, Qarabağdadır..."
Elçin Alıoğlu: "Bu dözüm uzunmüddətli olmamalıdır, çünki fəsadlar yaranar”
Azərbaycanın nəzarətindən kənarda qalan Xankəndi və digər bir neçə rayonda yerləşən erməni silahlıları istənilən vaxt Azərbaycan postlarına hücum etməklə terroru davam etdirir. Rusiya sülhməramlıları isə öz missiyasına uyğun olaraq bölgədə sülhü təmin edə bilmirlər. Görünən odur ki, vəziyyət ağır olaraq qalır.
Politoloq Elçin Alıoğlu bildirib ki, Hadrut ərazisindəki meşələrdə erməni diversantlara qarşı antiteror əməliyyatı aparılır. Hazırda əməliyyatlar Xocavənd rayonundakı Tuğ kəndinin yaxınlığında davam edir.
İki şəhidin olduğu, üç erməninin əsir alındığının iddia edildiyini deyən E.Alıoğlu xəbərlər dəqiqləşdirilmədiyi üçün, son məlumatlara tələsməməyi daha uyğun bilib:
“Olayın yaşanmasının birbaşa səbəbi və obyektiv vəsiləsi Qarabağın bir hissəsinin Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olmasıdır. Rusiyanın "nəzakətli yaşıl adamları" nə qədər Qarabağdadır, belə insidentlər davam edəcək. Çünki erməni yaraqlılar rusiyalı sülhməramlıların kontrolundakı ərazilərdə özlərini rahat, komfortlu hiss edirlər.
Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran kimi yaşayış məntəqələrinə Azərbaycan vətəndaşlarının daxil olması hələ də problematikdir. Daha doğrusu, sıravi vətəndaş üçün bu, mümkün deyil.
Səbəb bəlli: həmin əraziləri Rusiya ordusunun "sülhməramlı" adlandırdığı hərbçiləri "effektiv nəzarət"ə almaq istəyirlər.
Rusiya hazırda Cənubi Osetiya və Abxaziyaya, yəni ümumi ərazisi 12500 kvadrat kilometr olan torpaqlara da "effektiv nəzarət"dədir.
Rəsmi Moskva "effektiv nəzarət" ifadəsindən gen-bol istifadə etməyə Avropa İnsan Haqları Məhkəməsində "Loizidu işi" presedentindən yararlanaraq başlayıb.
Rusiya hərbçilərinin Azərbaycan vətəndaşlarını da Qarabağda, yəni Azərbaycan ərazisində harasa buraxmamaları da hələlik "prosesin məcraya salınması labudlüyü" ilə bəhanələnir. Ola bilər, dözərik. Fəqət, bu dözüm uzunmüddətli olmamalıdır, çünki fəsadlar yaranar”.
Politoloq hesab edir ki, Rusiyanın sülhməramlılar vasitəsilə Qarabağda möhkəmlənməsinə yol verməmək üçün atılacağı gərəkən addımlar çox sadədir:
“Birincisi, Qarabağda Azərbaycanın yurisdiksiyası qüvvədə olmalı, Azərbaycanın dövlət strukturları fəaliyyət göstərməlidir və heç bir halda Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə separatçı xuntanın "struktur"ları ilə əvəzlənməsinə imkan verilməməlidir.
İkinci, Qarabağda hələlik nəzarətimizdə olmayan ərazilərdə erməni yaraqlılar tərksilah edilməlidir. Bu prosesin yanvarın 8-də başa çatacağı deyilsə də, əsla inandırıcı təsir bağışlamır. Daha doğrusu, bəhs etdiyim bəyanat mövcud situasiyada tam irrelevant təsir bağışlayır.
Üçüncü, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti qarşısına qoyulmuş vəzifələrin və tapşırıqların effektiv yerinə yetirilməsi üçün yetərlidir. Say artımını "sürünən proses" formasında reallaşdırmaq cəhdlərinin qarşısı alınır və bundan sonra da mövqeyimizi sərt şəkildə nümayiş etdirməliyik.
Beşinci, Rusiya sülhməramlılarının hazırda operativ nəzarət etdikləri ərazilərdə müvəqqəti idarəetmə administrasiyaları və ya strukturları yaratmasına əsla imkan verilməməlidir. Rusiyalılar hələlik bu barədə danışmırlar, amma şübhə etmirəm ki, müəyyən müddətdən sonra mövzunu Rusiya mediasında müzakirə etməyə cəhdlər olacaq.
Altıncı, rusiyalı sülhməramlıların yerli əhali üçün icrası məcburi olan hər hansı normativ aktı açıqlamalarına icazə verilmir və bundan sonra da verilməməlidir”.
E.Alıoğlu hesab edir ki, əgər bəhs etdiklərinin əksi olarsa, bu, Rusiyanın Qarabağda "effektiv nəzarət"ə şirniklənməsi olacaq:
“"Effektiv nəzarət" işğalın sivil adıdır. Rusiyalı sülhməramlıların indi nəzarətdə saxladığı ərazilərə qarabağlı ermənilərin qayıdışlarını təmin etmələri, humanitar yardım aksiyaları keçirmələri, infrastruktur və bərpa işləri ilə məşğul olmaları, ermənilərin evlərini təmir etmələri və s. kimi əmələrinin bir məqsədi var: qarabağlı erməniləri qorumaq, onların sayının azalmasının, Qarabağdan qaçaraq Ermənistana və xüsusilə də Rusiyaya getmələrinin qarşısını almaq.
Öz-özlüyündə, nativ olaraq, humanitar fəaliyyət pis deyil. Məhz bu səbəbdən Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin analoji aksiyaları Xocalıda da aparmalarına və ən başlıcası, Xocalı köçkünlərinin evlərinə - o evlər viran qalsa da - qayıtmalarına nail olmalıyıq.
Rusiya qarabağlı erməni köçkünlərini Qarabağa qayıdışını təmin edirsə, eyni prosedurlar azərbaycanlı köçkünlərə də şamil edilməlidir və rusiyalı hərbçilər onları Rusiya bayrağının müşayiəti ilə Xocalıya qaytarmalıdır.
Sonra Əsgərana, Ağdərəyə, Xankəndinə, Xocavəndə. Çətinlik yaranarsa, Ağdam-Xocalı və Şuşa-Xocalı yolları, yəni nəqliyyat dəhlizləri açılmalıdır. Və ən nəhayət, Qarabağla bağlı üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontinjenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir". Silahlı erməni diversantların terrori əməliyyatları və onların Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki bazalarından işğaldan azad edilmiş ərazilərimizə sızması həmin anlaşmanın pozulmasıdır.
Belədə, bütün beynəxalq anlaşmalara və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycan bütün Qarabağ ərazisində, o cümlədən Xankəndində antiterror əməliyyatına başlaya bilər”. /hafta.az/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”