"Qarabağın həyatı normal məcrasına düşəcək, bunun alternativi yoxdur"
Sabir Rüstəmxanlı: “Putin ciddi siyasətçidirsə, öz dediyi sözün arxasından qaçmaz”
Vətən Müharibəsinin hərbi mərhələsi arxada qaldı. İndi bölgədə sükhü təmin etmək üçün Rusiya sülhməramlıları yerləşdirilib.
Artıq bir aydan artıqdır ki, bolgədə atəş səsləri mütamadi eşidilməsə də, ara-səra erməni terrorçularının təxribatları baş verir.
Versus.Az xəbər verir ki, millət vəkili Sabir Rüstəmxanlı müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.
- Sabir müəllim, Hadrutda baş verən son olay və rus sülhməramlılarının Qarabağda həyata keçirdiyi “effektiv nəzarət” birmənalı qarşılanmır. Qarabağdakı hazırki vəziyyət nə dərəcədə gözlənilən idi?
- Qarabağdakı indiki durumumuza təəccüblənmirəm. Vəziyyətin başqa cür olacağını da gözləmək olmazdı. Düzdür, biz Ermənistan ordusunu məhv eləmişik. Amma Qarabağın dağlarında uzun illər istehkamlar qurmuş, gizlənmiş erməni tör-töküntüləri məhv edilməyib. O tör-töküntülər rus sülhməramlıları bölgəyə gələndən sonra onların arxasında gizlənirlər. Tarix boyu ermənilər rusların kürəyində gizlənib, onlara güvənərək həm Anadoluda, həm də 1905, 1906, 1918-ci illərdə dinc türk əhalisini qətlə yetirib soyqırımlar törədiblər. İndi də ruslar Qarabağa sülhməramlılar adı ilə gəlib bacardıqları qədər bizlərə ziyan vurmağa çalışıblar. Biz bunu gözləyirik. Ona görə də tezliklə o yerlərə qayıtmalı, köçkün salındığımız o torpaqlarda məskunlaşmalıyıq.
Eyni zamanda, düzdür, biz şəhidlər verdik, Allah onlara rəhmət eləsin. Lakin müharibə bitsə də, sülh müqaviləsi başlamayıb, sadəcə bir atəşkəs müqaviləsi var. Faktiki olaraq Ermənistanın kapitulyasiyaya imza atmaga məcbur edən üçtərəfli razılaşma var. Bu savaşın nəticəsində indi Azərbaycanın sərhədləri bütövləşib. Qarabağda yaşamaq istəyən erməni əhalisi geri qaytarılır. Təbii ki, dinc əhali kimi qayıdan ermənilər arasında pərdələnmiş hərbçilər də olacaq. Azərbaycana güllə atan, razılaşmanı pozmaq istəyən qüvvələr də. Regionda marağı olan güclər Ermənistanı ağır məğlubiyyətini pərdə ilə örtüb, bunu bütün dünyada Ermənistanın uğursuzluğu kimi yox, “partizan müharibəsi hələ davam edir” kimi təqdim etmək istəyəcək. Amma bunlar heç də vəziyyəti dəyişmir. Yəni Azərbaycan öz torpaqlarını tədricən minalardan, terrorçulardan təmizləyir. Qarabağın həyatı normal məcrasına düşəcək, bunun alternativi yoxdur.
- İstər-istəməz belə bir sual yaranır - ermənilər öz cinayətlərindən, terrorçu əməllərindən əl çəkmirlərsə, niyə sülhməramlılar bunun qarşısını almırlar? Məqsəd nədir?
- Bu sualı elə sülhməramlıların özünə vermək lazımdır. Və təbii ki, sülhməramlılarla əlaqədə olan, onlarla görüşən, danışan müəyyən adamlar var ki, bu sualı onlara verirlər. Bu məsələ aydınlaşdırılmamış qala bilməz.
Digər tərəfdən sülhməramlıların sərhədboyu cəbhədə apardığı işlər normaldır. Çünki o biri tərəfdə Ermənistan sərhədini qoruyan ruslardır.
Amma Xankəndi və onun çevrəsində gedən prosesləri normal qəbul eləmirəm. Sülhməramlıların Qarabağda “status”u olmayan bir qurumun cinayətkar rəhbəri ilə necə görüşə bilərlər. Cinayətkar xuntanın rəhbəri Araik Harutunyan kimdir ki, sülhməramlıların rəhbəri onunla görüşür. Sülhməramlılar ermənilər üçün milyonlarla xərc tələb edən şərait yaradırlar. Təbii ki, bu Azərbaycan ərazisində baş verir və ermənilərin orada məskunlaşdırılması üçün əllərindən gələni edirlər. Əslində isə dağılan evlər, kəndlər, şəhərlər Azərbaycanın tarixi əraziləridir. Dağlıq Qarabağda dinc yaşayan ermənilərə Azərbaycan tərəfindən silah atılmayıb. Ona görə də, edilən yardımlar paralel olmalıdır. Ermənilərə yardım edildiyi kimi, 30 ildən bəri evsiz-eşiksiz kənarda qalan Azərbaycan əhalisinə də yardım edilməlidir. Əhalimiz evlərinə qayıtmalı, o viranə yurdlar abadlaşdırılmalıdır. Rus sülhməramlıları paralel şəkildə bizim tərəfə də yardımlar göstərilməlidir. Əks təqdirdə orda erməni tərəfkeşliyi və xristian dünyasının müdafiə olunması ortaya gəlir.
- Rusiya sülhməramlıları Azərbaycan köçkünlərinin, qaçqınların öz yurdlarına qaytarılması üçün niyə şərait yaratmaq istəmir?
- Əslində Laçın koridoru Ağdama, Əsgərana kimi gəlir. O, erməniyə xidmət elədiyi kimi bizə də xidmət etməlidir. Bizimkilər Şuşaya gedəndə bəzən o yoldan istifadə edirlər, amma az istifadə olunur. Güman edirəm ki, vəziyyət qaydasına düşməlidir. Hələ ki, bəzi qüvvələr Azərbaycanın güclü ordusu tərəfindən ermənilərin əzildiyini önə çəkib, onlara havadarlıqlarını artırmağa cəhd edirlər. Təbii ki, Azərbaycan onun ərazilərinə iddia edən cinayətkar erməni ordusunu susdurub. Azərbaycanın dinc əhaliyə qarşı heç bir iddiası yoxdur. Kim bizim qanunlar altında yaşamaq istəsə, yaşayacaq, istəməyənlər ölkəni tərk edə bilər, qapı açıqdır.
Köçürülməyə gəlincə, Azərbaycan əhalisinin yaşadıqları yerlərdə bu gün praktik olaraq yaşamaq mümkün deyil. Erməni vandalları şəhərlərimizi viran qoyub. Yalnız yaşayış evləri bərpa olunandan sonra bu köçürülmə baş verə bilər. Bu məsələyə mexaniki iş kimi baxmaq olmaz. Bu da vaxt istəyir, inanıram ki, zamanla qaydasına düşəcək.
- Sabir müəllim, bir çox ekspertlər Abxaziya, Cənubi Osetiya, Donbasa daxil olan rus sülhməramlılarının oxşar “sülhməramlı əməliyyatı”nı Qarabağda da həyata keçirdiyini iddia edir. Rusiyanın Donbasda tətbiq etdiyi “effektiv nəzarət” Qarabağda peresident ola bilərmi?
- Abxaziya, Donbas, Cənubi Osetiya ilə Dağlıq Qarabağı eyniləşdirmək olmaz. Rusiya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bunu çıxışlarında bəyan edir. İndi Putin ciddi siyasətçidirsə, öz dediyi sözün arxasından qaçmaz. Təbii ki, Rusiyanın gizli siyasəti ola bilər. Bu da ondan ibarətdir ki, guya Qarabağda yaşayan ermənilərə Rusiya pasportu verərlər, sonra Rusiya vətəndaşları kimi bunları müdafiə edəcəklər və sair kimi fikirlər formalaşır. Bu oyunların hamısı məlumdur. Təbii ki, Azərbaycan bütün bunlara qarşı öz effektiv addımlarını atmalıdır. Başqa cür ola da bilməz. Qarabağda zorla 30-40 min erməni yerləşdirə bilərlər, amma güman eləmirəm ki, onlar uzun müddət orda qalsınlar. Çünki erməniləri Qarabağa müəyyən vədlərlə gətirib yerləşdirirlər. Qarabağda müəyyən iddialı olan silahlılar qala bilərlər, amma onlar da günün birində qaçıb gedəcəklər. Rusiyanın regionla bağlı öz siyasəti var, Cənubi Qafqazdan çıxmaq istəmir. Onlar Qarabağa erməni torpağı olmaqdan əlavə, xristian abidələrinin olduğu bir yer kimi baxırlar. Bunun hamısının siyasi cavabları var. Bura Azərbaycan torpağıdır və bu torpaqda Azərbaycan hüququ, qanunu işləməlidir.
- Rusiyanın Cənubi Qafqaz siyasəti və Azərbaycan torpaqlarında apardığı siyasət bəlli olsa da, Türkiyə qoşunlarının Qarabağda olması ərazi bütövlüyümüzün qorunması və milli maraqlarımızın təmin olunması baxımından bizdə bir ümid yaradır. Bu barədə nə düşünürsüz?
- Türkiyə qoşunları Azərbaycandadır. Minaların təmizlənməsində bizə yardım edirlər. Qarabağ savaşında Türkiyə bütün dünyaya bəyan elədi ki, biz bir millətik və onun təhlükəsizliyinə cavabdehdir. Ona görə də Rusiya Qarabağda öz istədiyi kimi at oynada bilməz. Vaxtilə Fransanın özü İstambulu görməklə, türk musiqisinə qulaq asmaqla, türklərə bənzər geyinməklə fəxr edirdilər. Çünki Osmanlı dünyanın hakimi idi. O dövrün ağrı-acısı Avropanın canından çıxmır. Bunun qisasını almaq üçün Türkiyəni bir küncə sıxışdırmaq istəyirlər. Türkiyəni Avropa Birliyinə qəbul etmir və atdığı hər addıma qarışırlar. Amma nəzərə almırlar ki, Türkiyə 83 milyon əhalisi olan, böyük tarixi ənənəsi olan bir dövlətdir. Və NATO üzvü olan dövlət kimi öz həmkarına bu cür ikiüzlü bir münasibət sərgilmək olmaz.
- Fransadan söz düşmüşkən, Makronun erməni sevgisi və son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla toqquşan münasibətləri nəyi ifadə edir?
- Azərbaycana qarşı tək Fransa-Makron deyil, Minsk Qrupunun hər üç dövləti - Rusiya, ABŞ, Fransa çıxır. Bu üç dövlətin üçü də ermənipərəstdir. Amma ermənilər Fransada kök atıblar. Hətta Fransanın Azərbaycana qarşı təzyiqlərinə cavab olaraq, Prezidentimiz dedi ki, Fransa yeni erməni dövləti yaratmaq istəyirsə, getsin Marsel şəhərini ermənilərə versin, yaxud Rusiya bunu istəyirsə, Krasnadarı versin. Harda erməni yaşayırsa, orda ona dövlət qurmaq olmaz. Bu məsələlərin hər birinin cavabı var. Bir də ki bir xristian təəssübkeşliyi var və Ermənistana xristianlığı ilkin qəbul eləmiş dövlətlərdən biri kimi baxırlar. Halbuki onların dövlətləri olmayıb. Burda Qafqaz Albaniyası xristianlığı qəbul edən ilk dövlət olub. Dünyanı xristian, islam, yaxud başqa dünlərə bölsək, fəlakətə uğrayarıq. Makronun bu addımı əslində onun Avropanın ən böyük, demokratik bir ölkənin rəhbəri olmağa hazır olmadığını göstərir. Onun çox səhvləri olub və onun cavabını Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan kəskin şəkildə verib.
Azərbaycanın son savaşında özünü öldürən tək Fransa oldu. Rusiya da, Amerika da sakit dayandılar. Çünki Makron görünür xəritəni belə bilmir. Bilmir ki, Qarabağ hardadır, kim kimin torpağını işğal edib. Bəyanatlarında da deyilirdi ki, Azərbaycan işğal etdiyi torpaqlardan çıxmalıdır. Bu başıxarab başa düşmür ki, 30 ildir işğal olunan Azərbaycan torpağıdır. Ermənistan adında dövlət qurulubsa, o da bizim tarixi torpaqlarımız hesabına olub. Bunu bilmirlər, bilsələr belə bunu dilə gətirmək istəmirlər.
- Əsasən Fransanın Azərbaycana qarşı çıxışlar etməsini erməni lobbisinin təsiri ilə baş verdiyini qeyd edirlər. Makronu erməni lobbisindən asılı vəziyyətə salan nədir?
- Fransa kimi Avropanın böyük dövlətinin hansısa bir lobbinin təsirinə düşməsi fantaziyadır. Pul verirlər, dəstək alırlar. Amma bir qrup lobbinin təsiri altına düşməsi inandırıcı deyil.
Diaspora burdan köçüb gedəndir, lobbi sənin pulunla tutduğun adamlardır. Ola bilər ki, azərbaycanlı deyil, amma sənə xidmət edir, müdafiə edir. Azərbaycan bizi müdafiə edəcək lobbiçilər axtara bilər. Bu, bütün dünyada qəbul olunmuş bir məsələdir. Ermənilər 300 il əvvəl gedib oralarda yerləşiblər, oranın vətəndaşlarıdırlar, dillərini qanunlarını öyrənib oranın şəraitinə öyrəniblər, neçə nəsil orda yetişiblər. Orda sözləri keçir, bütün şəraitləri var, zəngindirlər. Bizim diasporamız ac-yalavac 30 il bundan əvvəl fəaliyyətə başlayıblar. Ya da ikinci dünya müharibəsindən sonra qalanlar var, onlar da qorxularından familiyalarını dəyişiblər, Stalin nəsillərini kəsməsin deyə. Bizim diasporamız cavandır. Amma 2-3 nəsil gələndən sonra ermənilərlə üz-üzə dayanmağa bizim gücümüz olacaq. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”