“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”
Nərminə Abbasova: “Arterial problemlərin əsas səbəbi aterosklerozdur”
Qan və limfa damarlarının quruluşu, funksiyası, xəstəlikləri, eləcə də onların diaqnostika, müalicə və profilaktikasını öyrənən tibb sahəsi angiologiya adlanır. Orqanizmdə olan bütün damarların – həm arteriya, həm də venaların patologiyalarının müalicəsi ilə damar cərrahı məşğul olur.
Bununla bağlı Versus.Az-a açıqlamasında həmsöhbətimiz, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA danışacaq.
Nərminə Abbasova deyir ki, damar patologiyalarını iki qrupa bölmək olar - Arteriya xəstəlikləri, Vena xəstəlikləri. Onun sözlərinə görə, arteriya xəstəlikləri bütün orqanizmin arterial sisteminin problemlərini əhatə edir.
Həkim-terapevt bildirib ki, arterial problemlərin əsas səbəbi aterosklerozdur. Bunu da əmələ gətirən faktorlar ürəyin işemik xəstəliyində olduğu kimi, başda siqaret olmaqla, yaş, diabet, qanda xolesterol səviyyəsinin yüksək olması və sairdir. Nərminə xanım qeyd edib ki, bu xəstəliyin cərrahi müalicəsi xəstələnmiş arteriya hissəsinin süni və ya xəstənin özündən əldə edilən damarla əvəz edilməsidir:
“Arteriya xəstəliklərinin simptomları çox vaxt qeyri-spesifikdir. Yəni yol yeridikdə baldırda ağrılar, gecələr ayaqlarda ağrılar, ətraflarda yaraların açılması və ya açılmış yaraların sağalmaması kimi hallar.
Vena xəstəlikləri də ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimizin təqribən 20%-ində müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmamazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımi müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaq üstü qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması – yəni varikoz genişlənmə, baldır səthində rəng dəyişikliyi, məsələn, göyərmə-qaralma kimi şikayətlərə səbəb əla bilər. Hətta “uleus vari-eəsum” deyilən sağalmayan yaraya da gətirib çıxarda bilər”.
Nərminə xanım söhbət zamanı onu da bildirdi ki, damar xəstəlikləri bir neçə qrupa bölünür - ürək əzələsini qidalandıran damarların aterosklerozu; baş beyin damarlarının xəstəlikləri; əl və ayaqları qanla təmin edən periferik arteriyaların patologiyaları; dərin venaların trombozu və ağciyərlərin emboliyası – ayaq venalarında qan laxtalarının formalaşması, onların damar divarından qoparaq, ürək və ağciyərlərə yerdəyişməsi:
“Arteriyaların əsas xəstəlikləri qrupuna ateroskleroz, tromboz, anevrizma, diabetik makro və mikroangiopatiya daxildir. Qeyd edim ki, ateroskleroz – yağ, xüsusən də xolesterin mübadiləsinin pozulması nəticəsində arteriyaların divarlarında lövhəciklərin yaranması ilə xarakterizə olunur. Onun yaranmasında irsi meyllik, piylənmə, şəkərli diabet, qeyri-sağlam qidalanma və sair rol oynayır.
Tromboz – damar daxilində trombların - qan laxtalarının - əmələ gəlməsi ilə müşahidə olunur. Onun inkişafı qanın laxtalanmasının artması, damar divarının aterosklerotik, iltihabi və sair mənşəli zədələnmələri ilə bağlıdır.
Anevrizma – arteriyanın divarının nazilməsi və ya gərilməsi nəticəsində damarın qabarmasıdır. Buna səbəb damar divarının anadangəlmə və ya qazanılmış qüsurudur. Anevrizmanın partlaması güclü qanaxma ilə müşayiət olunur.
Diabetik angiopatiya isə şəkərli diabetin təhlükəli ağırlaşması olub, qan damarlarının, xüsusən kapilyarların zədələnməsi ilə gedir. Yerləşdiyi nahiyədən asılı olaraq, göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”.
Nərminə xanım damar xəstəlikləri sırasında ən çox rast gəlinən varikozdan danışarkən onu da əlavə etdi ki, venaların genişlənməsindən daha çox qadınlar əziyyət çəkir:
“Qeyd etdiyim kimi, onun başlıca yaranma səbəbləri irsi meyllik; hamiləlik və hormonal dəyişikliklər; ayaqüstü və ya oturaq iş rejimi; artıq çəki və sairdir. Bu xəstəliyi keçirənlər üçün əlamətlər çox tanışdır - daha çox axşam saatlarında baldır əzələlərində ağırlıq, yorğunluq, yanğı hissi; ayaqda şişkinlik, gecə qıcolmaları; damar ulduzcuqları, kapilyar torları, siskin venaların nəzərə çarpması; aşağı ətraflarda dartılan, sızıldayan ağrılar.
Varikoz xəstəliyinin ağırlaşmalarında tromboflebit; trofik yara; dərin venaların trombozu və ağciyər arteriyasının tromboemboliyasını göstərmək olar. Onu da deyim ki, ağciyər arteriyasının tromboemboliyası həyat üçün təhlükəli hal olub, ölümlə nəticələnə bilər”.
Həkim-terapevt bildirdi ki, Varikoz xəstəliyinin müalicəsinə başlamazdan əvvəl damar həkimi Rəngli Doppler müayinəsi aparır. Onun sözlərinə görə, USM nəticələrinə əsasən Skleroterapiya və ya cərrahi müdaxilə – lazer üsulu ilə əməliyyat təyin edilir:
“Damar xəstəlikləri ilə qarşılaşmamaq üçün tələb edilən profilaktik üsullara əməl olunmalıdır. Bədən çəkisi nəzarətdə saxlanılmalı; aktiv həyat tərzi keçirilməli, məsələn, üzgüçülük, piyada gəzintiləri və sair hərəkətliliyə önəm verilməlidir. Eyni zamanda, qanda qlükoza və xolesterinin miqdarı mütəmadi yoxlanılmalıdır. Və uzun müddət ayaqüstə qalmağı planlaşdırdıqda mütləq varikoz corabları geyinilməlidir. 50 yaşdan sonra isə həkim məsləhəti ilə qanı durulaşdıran preparatlar qəbul edilməlidir”.
Nərminə xanım sonda onu da bildirdi ki, əgər damar xəstəlikləri ilə əlaqəli qeyd olunan əlamətlər varsa, sağlamlığa etinasız yanaşmaq olmaz. Vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
DİQQƏT!
Həkim-terapevt Nərminə Abbasova sizi damar xəstəliklərindən müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"