Elçin Mirzəbəyli: "Memorandum Xəzərin bir sahilindən o biri sahilinə çəkilən mənəvi körpülərin sayını artıracaq"
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması hər iki ölkə, region və bütövlükdə Türk Dünyası üçün yaxın 30 ilin ən mühüm tarixi hadisələrindən biridir.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq bildirib ki, yatağın adı hər iki dost, qardaş ölkənin tarixi, çağdaş və gələcək münasibətlərinin mahiyyətini ifadə edir, Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra yalnız dostluq, qardaşlıq, qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf edəcəyi mesajını verir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla, 2014-cü il iyunun 4-də Bodrumda gerçəkləşən görüşü zamanı Xəzər dənizinin dostluq, mehriban qonşuluq üçün vasitə olduğu barədə səsləndirdiyi fikirlərin gerçəkləşdiyini nümayiş etdirir. Onun sözlərinə görə, bu tarixi hadisə Azərbaycan Prezidentinin, sözə, vədə sadəqəti simvolizə edən zərb-məsələ çevrilmiş “Bizim sözümüz imzamız qədər keçərlidir” sözlərinin, özünü növbəti dəfə əməldə büruzə verməsinin göstəricisidir:
"“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzər dənizində Azərbaycanın hər zaman təşviq etdiyi dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşması üçün yeni imkanlar yaradır".
Elçin Mirzəbəyli vurğulayıb ki, Xəzər dənizində enerji sahəsində beynəlxalq əməkdaşlığın təməli 1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sənədlə qoyulub:
"“Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmaqla yanaşı, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıb. Bu baxımdan, Azərbaycanın Xəzərin dostluq, əməkdaşlıq dənizinə çevrilməsi istiqamətində davamlı səylər göstərən və praktik addımlar atan, təşəbbüsləri ilə Xəzəryanı ölkələr arasında münasibətlərin inkişafına töhfə verən bir dövlət kimi yarım əsrdən çox bir zaman kəsiyini əhatə edən birləşdiricilik missiyasını xüsusi qeyd etmək lazımdır.
“Dostluq” yatağı isə şübhəsiz ki, Xəzər dənizi üzərindən salınacaq və şaxələndiriləcək mənəvi dostluq, qardaşlıq körpüsünün önəmli dayaqlarından, sütunlarından biridir. Yatağın karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi, şübhəsiz ki, iki qardaş ölkə arasında imzalanmış çoxsaylı sənədlərdə yer alan əməkdaşlıq istiqamətlərinə də təsir göstərəcək, yeni təşəbbüslərə, layihələrə yol açacaq, Xəzər dənizində ikitərəfli və çoxtərəfli əməkdaşlığın cazibədarlığını daha da artıracaqdır.
Xəzər hövzəsində gələcək əməkdaşlığın perspektivləri haqqında ehtimallar irəli sürərərkən, bu qapalı su hövzəsinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilən uzunmüddətli, böyük diplomatik səylər və zəhmət tələb edən proses və ölkəmizin bu prosesdəki aparıcı, konstruktiv rolu haqqında söz açmamaq mümkün deyil. Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biridir və bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasında və ümumi razılığın əldə edilməsində müstəsna rol oynayıb.
Azərbaycanın fəal diplomatik səyləri və özünü etimadlı tərəfdaş kimi sübuta yetirməsi sayəsində ölkəmizin Xəzərinin dibinin bölünməsi, həmhüdud sahələrin kəsişmə nöqtələrinin müəyyənləşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə imzalanan ikitərəfli və üzçtərəfli sazişlər, sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində beştərəfli formatda aparılan prosesə güclü təkan verib, ziddiyyətlərin, fikir ayrılıqlarının aradan qaldırılmasına, konstruktiv dialoq mühitinin, etimadlı münasibətlər sisteminin formalaşmasına zəmin yaradıb. Həyata keçirilən genişmiqyaslı tədbirlər və diplomatik səylər, eləcə də qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanmasına nail olunub. Bu isə öz növbəsində Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyini, ortaq maraqlara, təhlükəsizliyə, sabitliyə, inkişafa xidmət etdiyini sübuta yetirir, ölkəmiz tərəfindən atılan addımların məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.
Bu baxımdan, heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” neft və qaz ixracatçısı olan Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə daşınmasına, Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə ciddi töhfə verəcək, Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, həmçinin Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradacaq.
Daha öncə qeyd etdiyim kimi, Anlaşma Memorandumunun daşıdığı mənəvi yük önün iqtisadi və siyasi çəkisindən heç də az deyil. Bu Memorandum eyni söy-kökə, mədəniyyətə, dilə və sadaladıqca bitməyəcək ortaq dəyərlərə malik Azərbaycan və Türkmən xalqlarının birliyini, dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək, hər iki xalqın rifahına və inkişafına xidmət edəcək, Xəzərin bir sahilindən o biri sahilinə çəkilən mənəvi körpülərin sayını artıracaq, təməllərini daha da möhkəmləndirəcəkdir.
Xeyirli-uğurlu olsun!"
Versus.Az