"5-10 məmur tapmaq olar ki, öz işini vicdanla görür"
Hafiz Hacıyev: "Narazılıqlara son qoymaq üçün harınlamış məmurların hamısı həbs edilməlidir"
Məlum olduğu kimi, Azərbaycanda struktur islahatları və səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli məmurların həbsi davam edir.
Prezident İlham Əliyev son çıxışlarında bildirib ki, təmizləmə prosesi davam edəcək. Dövlət başçısı onu da xüsusi olaraq vurğulayıb ki, kimsə özünü toxunulmaz hesab edə bilməz.
Bəs görəsən, prosesin növbəti mərhələlərində hansı məmurların cəzalandırılması gözlənilir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, rüşvətxor məmurların hər biri həbs edilməlidir.
Partiya sədri vurğulayıb ki, Azərbaycanda 5-10 məmur tapmaq olar ki, öz işini vicdanla görür:
"Qalanları o qədər harınlayıb ki, özlərini Allah kimi aparır. Çünki onların çoxunun xaricdə, orda-burda milyardları var. Cənab prezident bununla bağlı göstərişlərini verib. Özünüz də gördünüz ki, nə qədər icra başçısı, nazir müavinləri və yüksək vəzifəli şəxslər tutuldu. Bu həbslər öz vəzifəsindən sui-istifadə edən bütün məmurlara şamil edilməlidir. Eləcə də xaricdə olan səfirlərimizə. Çünki onlar da bizneslə məşğuldurlar və nə qədər yeyintilər ediblər. Cənab prezident ciddi islahatlara başlayıb. Bu məsələdə daha ciddi və əzmlidir. Azərbaycan xalqı da cənab prezidentin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Düşünürəm ki, insanların narazılığına son qoymaq üçün nə qədər harınlamış məmur varsa, hamısı həbs edilməlidir”.
H.Hacıyev onu da əlavə edib ki, bu məsələdə heç kimə güzəşt olunmamalıdır:
“Cinayət törədən, rüşvətə qurşanan hər kəs öz cəsasını almalıdır. Onların hər birinin biznesinə, əmlakına əl qoyulmalıdır və oğurladıqları pullar büdcəyə geri qaytarılmalıdır. İllərdir hakimiyyətdə kök salan Ramiz Mehdiyev və komandası ölkə başçısına xəyanət etməklə məşğuldur. Onlar əllərindəki milyardlardan ictimai rəyi dövlətin əleyhinə yönəltmək üçün istifadə ediblər. Ümumiyyətlə, vəzifəsindən çıxarılan məmurların hər biri yoxlanılmalı, həbs edilməli, sahib olduqları milyardları haradan əldə etdikləri araşdırılmalıdır.
Baxın, bəzi məmurların savadsız balası 500 minlik maşın sürür. Əli Həsənovun nəvəsi adam öldürdü, amma həbsxanada 1 gün də qalmadı. Məsələn, Abel Məhərrəmov Ramiz Mehdiyevin tapşırığı ilə bu gün Azərbaycan dövlətinin əleyhinə çox ciddi işlər aparır. Həmçinin, dənizin qırağında beşmərtəbəli villalar tikdirir. Bunların hamısını xalq görür. Düşünürəm ki, həbslər davam etməli, həbs olunanların cinayət əməlləri barəsində ictimaiyyətə mütəmadi məlumat verilməlidir”. /konkret.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”