Razi Nurullayev: "Sosial xidmətlər Avropa qiyməti, əməkhaqları isə azərbaycansayağıdır"
"Benzin qalxdı, çünki dünyanın pulunu qazanan SOCAR dövlətdən dotasiya alır, AZAL dotasiya ilə yaşayır, amma milyardlarla dəyəri olan layihələr edir, yüz milyonlarla borc alır, xərcləyir. Milli Bank 450 milyona bir obyekt tikir, sadə işçilər də balaca əməkhaqlarından fondlara pul köçürürlər".
Versus.Az xəbər verir ki, bunu özünün "facebook" hesabındakı paylaşımında MCP sədri, deputat Razi Nurullayev bildirib.
Gündəmə gətirilən problemlərdən hiddətini gizlətməyən R.Nurullayev vurğulayıb ki, ölkənin siyasətini başa düşmək üçün gərək dəli olasan, ağlını itirəsən. Ağılla düşünüb başa düşmək olmur:
"Su da qalxdı. Xalq "bayram" edir. Yəqin gələn ay da qazın qiyməti qalxar. Arxasınca da elektriki qaldırın. Ya da elə ictimai-siyasi quruluşu dəyişib keçək ya quldarlıq, ya da feodalizmə. Məsələ birdəfəlik həll edilsin. Onsuz da sosial xidmətlər Avropa qiymətidir, əməkhaqları, qazanc və güzəran isə azərbaycansayağı. Əlimizdən bir şey gəlmir, bir səsimiz var. Kimlərsə ölkəni xaosa sürükləmək istəyir. Çünki bu templə qiymət bahalaşmasına heç Almaniya getməz".
SEVDA
Versus.Az