“İnsanlar bezib, əsəblər tab gətirmir”
Könül İsmayılova: “Tarif Şurasının insanları narazı salan qərarları ləğv edilməlidir”
“Bir az öncə Tarif Şurası gecəykən yanacağın qiymətini artırdı. Bu dəfə də heç gözlənilmədiyi halda suyun qiymətini qaldırdı. Yəqin ki, çox keçməz, bu cür sürprizlərinin sayı artacaq. Bəzi məmurların özbaşına hərəkətlərini ictimailəşdirib həllinə nail olduğumuz kimi, görünür Tarif Şurasının da bu xoş qarşılanmayan addımlarını ictimaiyyətə çıxarmalı, qınanmalıyıq”.
Bunu Versus.Az-a Tarif Şurasının suyun qiymətini ikiqat artırması məsələsinə açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.
Könül xanım vurğulayıb ki, son zamanlar kimlərsə sanki ölkədə narazılıq dalğasının yaranmasına çalışır. Onun sözlərinə görə, bir müddət öncə şəhidlərin yararsız ərazidə dəfn edilməsinə rəvac verənlərin oyunu müxtəlif məcralarda davam etdirilir:
“Məlumdur ki, həmin məsələyə ictimai qınaqdan sonra aidiyyatı strukturlar tərəfindən müdaxilə edildikdən sonra şəhidlərin məzarları layiq olduqları yerini tapdı və şəhid ailələri sakitləşdilər. Bu gün isə Tarif Şurası hətta deputatları da hiddətləndirən bir qərar verib. Pandemiya dönəmində, işsizliyin baş aldığı bir vaxtda bu qiymət artımı lazım idimi? İnsanları narazı salıb 44 günlük müharibədən əldə etdiyimiz qələbəni niyə kölgə altına salmaq istəyirsiz?”
K.İsmayılova qeyd edib ki, ölkə başçısı çıxışlarında dəfələrlə desə də ki, xalqın problemlərini həll etmək, normal yaşayışını təmin etmək lazımdır, hər dəfə bunun tam əksini görürük:
“Düzdür, kadr islahatları aparılır, amma bu, davamlı olmalıdır. İşin başında işini bilən və dövlətinə, prezidentinə sadiq insan dayanmalıdır. Baxın, dünəndən sosial şəbəkəsində suyun qiymətinin artması ilə bağlı narazılıqlar başlayıb. Bəzi özünü ağıllı sayanlar da deyir ki, əvəzində maaşlar, pensiyalar artır. Axı maaşa işləməyən günəmuzdlarımız da var, onları kim düşünəcək.
Biz MMP olaraq, Tarif Şurasının bu qiymət artımına qarşı çıxır və tələb edirik ki, belə bir qurumun fəaliyyəti ya dayandırılsın, ya da insanları narazısalan qərarları ləğv edilsin. İnsanlar bezib, əsəblər tab gətirmir gündə bir qiymət artımını eşitməkdən”.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”