"Bu günün Azərbaycan gəncləri gələcək nəslə örnək oldular"
Naqif Həmzəyev: "Vətən uğrunda canlarında keçməyə belə hazır olduqlarını təsdiq etdilər"
"Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun zəfər yürüşü, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi".
Versus.Az xəbər verir ki, bunu Gənclər Günü ilə bağlı açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanıb, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər:
"Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar".
Bu gün gənclərin önündə böyük qapılar, yollar açıldığını vurğulayan millət vəkili bildirib ki, ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olan Azərbaycan gəncliyi bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər:
"2020-ci ilin ölkəmizdə Prezidentimiz İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verdi. Gənclərin sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsində “Könüllülər ili”nin də öz payı oldu.
Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Onlar dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.
Fərəhli haldır ki, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərən gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşib, xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər. Bu gün gənclərin seçiminin Yeni Azərbaycan Partiyası olmasının arxasında dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. Çox sevindirici haldır ki, partiya sıralarına axın edən gənclərimiz həm özlərinin ictimai fəaliyyətləri üçün çox geniş meydan əldə edir, həm də Azərbaycan cəmiyyətinin inkişafına töhfələrini vermək imkanı qazanırlar".
Naqif Həmzəyev bildirib ki, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşən vətənpərvər gənclər Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq savaşında milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, el-oba, Vətən uğrunda canlarında keçməyə belə hazır olduqlarını təsdiq etdilər:
"Dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün minlərlə igid və mərd gənclərimiz “Vətən mənə oğul desə nə dərdim” deyərək sinəsini düşmən gülləsinə sipər etdi, Ana Vətəni azğın düşmənlərdən qorudular, illərlə vandalların, barbarların tapdağı altında qalan torpaqlarımızı əsl sahiblərinə qovuşdurdular. İgidlikləri, mərdlikləri, düşmənin bağrını yararaq qəhrəmanlıq dastanı yazan Azərbaycan gəncləri gələcək nəslə örnək oldular".
Millət vəkili qeyd edib ki, ön cəbhədə olduğu kimi gənclərimiz arxa çəbhədə, informasiya savaşında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da eyni fəallıq göstərdilər. Eyni zamanda, gənclərimiz koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəallıq nümayiş etdirdilər:
"“Gözəgörünməz düşmən”ə qarşı aparılan profilaktik və qabaqlayıcı tədbirlərdə, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərdə gənclərin xüsusi rolu olub. Pandemiya dövründə gənclərimiz sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə etdilər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, əhali arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə dövlətçilik ənənələrini daim uca tutan gənclərimizi təbrik edir, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi yolunda gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!"
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”