"Laçın dəhlizində sərhədçilərimiz olmalıdır" - MÜSAHİBƏ

09:08 15-02-2021 | icon 322 | Siyasət
"Laçın dəhlizində sərhədçilərimiz olmalıdır" - MÜSAHİBƏ

Elman Məmmədov: "Soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasına nail olmalıyıq"

 

İşğaldan azad olunan ərazilərimizdə yeni quruculuq işlərinin aparılması ilə paralel, vandal ermənilərin uzun illər torpaqlarımızda törətdiyi vəhşiliklərin, soyqırımların dünya ictimaiyyətinə çatdırılması prosesi davam edir.  Belə bir ərəfədə Azərbaycan xalqı bir daha üzünü dünya ictimaiyyətinə tutaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdilən soyqırımın da haqqını soruşacaq.

 

Versus.Az xəbər verir ki, millət vəkili Elman Məmmədov müsahibəsində bir sıra nüanslara diqqət çəkib. 

 

- Elman müəllim, məlumdur ki, 44 günlük Vətən Müharibəsində azad olunan torpaqlarımıza qayıdış planı hazırlanır. Görülən işlər uzun illər öz torpağından qaçqın düşən əhalinin mövcud əhval-ruhiyəsinə nə dərəcədə adekvatdır?

 

- Mövcud vəziyyət, Azərbaycanın, Azərbaycan xalqının müharibədənsonrakı əhval-ruhiyyəsinə adekvatdır.  Hesab edirəm ki, xalqın əhval-ruhiyyəsi çox yüksəkdir.  Bu gün 28-30 illik qələbə həsrətinin dadını çıxarırıq. Hazırda özümüzü qalib xalq, qalib millət, qalib dövlət kimi hiss edirik.  Təbii ki, hər bir məcburi köçkün də öz doğma yurd-yuvasına qayıtmaq arzusu ilə yaşayır, həmin günü, həmin saatı gözləyir ki, gedib o ata-baba yurdunda həmin sönmüş ocaqları yandırsın.  Hamı qayıdışı gözləyir və təbii ki, bu istiqamətdə dövlət başçısının rəhbərliyi altında çox gərgin işlər gedir.

 

"Özbaşınalığa yol verilməməlidir"

 

Azərbaycan daxilində olan rəsmi qurumlar, özəl qurumlar və yaxud iş adamları yox, eyni zamanda, bir neçə xarici dövlətin də iş adamları, şirkətləri qayıdış prosesinin hazırlanmasına cəlb olunublar. Bu proseslər hələ müharibə getdiyi dövrdə başlamışdı.  Yəni müəyyən rayonlararası, kəndlərarası yolların çəklişi, rabitənin təmin olunması, enerji, su təminatının təmin olunması başlanılmışdı ki,  ordumuz irəlilədikcə bu işlər görülürdü. İndi bu proses dediyim kimi daha geniş vüsət alıb.  Burada ən diqqətçəkən məqam ondan ibarətdir ki,  hər şey birbaşa cənab Prezidentin rəhbərliyi və nəzarəti altında, dövlət proqramı qaydasında həyata keçirilir. Bu sahədə heç bir vaxt özfəaliyyətə, özbaşınalığa yol verilməməlidir. Cənab Prezidentimiz tərəfindən birmənalı olaraq qəti şəkildə qarşıya qoyulan məsələlərdən biri budur ki, yaşayış məntəqələrimizi,  infrastrukturu elə qurmalı, elə yaratmalıyıq ki, nümunəvi olsun.  O yerləri işğaldanəvvəlki vəziyyətdən daha üstün şəkildə bərpa edib əhalimizi ora qaytarmalıyıq.

 

"Ümidsizliyə əsas yoxdur"

 

- Qarabağda mövcud vəziyyətlə əlaqədar olaraq, yəni rus sülhməramlılarının regionda olması, ermənilərin hələ də o ərazilərə gediş-gəlişi  Xocalı camaatında bədbinlik ruhu yaradıb. Xocalılılar narahatdır ki, belə bir şəraitdə o torpaqlara necə qayıda biləcəklər. Məsələyə bu aspektdən yanaşsaq, Xocalı rayonundan olan bir deputat kimi nə deyərdiniz?

 

- Azərbaycan ərazisinin 17,6 min kvadrat-kilometri işğal altında idi.  Bu gün biz o ərazinin 15 min kvadrat-kilometrini düşməndən tamamilə təmizləmişik.  Müəyyən səbəblər üzündən çox az bir hissədə düşmən qüvvələr qalıb.  İnşAllah yaxın vaxtlarda ora da düşməndən təmizlənəcəkdir. Mən xocalılıların, xocavəndlilərin, ağdərəlilərin, xankəndlilərin də o nigarançılığını, narahatlığını bölüşürəm. Biz füzulililər də, qubadlılılar da, zəngilanlılar da, cəbrayıllılar da hamımız bir yerdə yaşayırıq. Tutaq ki, Cəbrayıldan olan vətəndaş deyir ki, mənim kəndim azad olunub, sabah-birigün kəndim azad olunan kimi gedəcəyəm ora. Onda görürsən ki, xocavəndli, xocalılı, yaxud xankəndlili vətəndaşımız bir balaca məyus olur ki, bəs mən nə vaxt qayıdacağam? Hesab edirəm ki,  məyusluğa, ümidsizliyə əsas yoxdur. Güclü Azərbaycanımız, güclü Azərbaycanımızın cəsarətli, qətiyyətli, müdrik  rəhbəri Azərbaycan xalqının,  ordusunun dəstəyi ilə bu xırda-para məsələləri də aradan qaldıracaq. İnşAllah hər birimiz doğma yurd-yuvamıza qayıdacağıq. Sadəcə, müəyyən məsələlər var ki, onların həlli bir qədər zaman alacaq.

Sülhməramlıların məsələsinə gəldikdə isə səmimi danışmaq istəyirəm. Bu gün sülhməramlıların özlərinə aid olmayan işlərlə məşğul olması, orada cinayətkarların  rəhbərləri lə əməkdaşlıq etmələri, təbii ki, bizi narahat edir. Dəfələrlə bu barədə çıxış edərək fikirlərimi bildirmişəm. Yəqin ki, bu hal da aradan qaldırılacaq. Qarabağda monitorinq mərkəzinin yaradılması, Türkiyə sülhməramlılarının regiona gəlişi, ən əsası, Azərbaycanın gücü ilə belə neqativ halları aradan qaldıracağıq. Yaxşı bilirlər ki, öhdələrinə düşən işi yerinə yetirməyəndən sonra, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirmək səlahiyyətinə malikdir. Lazım gəlsə, o zir-zibili də oradan təmizləyəcəyik.  Həmin qüvvələrə gün kimi aydındır Azərbaycanın qətiyyətli mövqeyi.

 

"Laçın dəhlizində sərhədçilərimiz olmalıdır"

 

- Elman müəllim, məlumatlardan da görünür ki, Ermənistan rəsmiləri bu gün də həyasızcasına Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə gəlib separatçı rejimlə görüşlər keçirir, hərbi hazırlıqlara başlamaqla bağlı planlar cızırlar. Belə halların qarşısı necə alınmalı və nə kimi tədbirlər görülməlidir?

 

- Azərbaycan dövlət sərhədinin hər bir santımetrinə Azərbaycan sərhədçiləri nəzarət etməlidirlər.  Mən Laçında 5 kilometrlik ərazini əhatə edən Azərbaycan-Ermənistan sərhədini nəzərdə tuturam. Sülhməramlı sərhədçi deyil, sülhməramlılıq missiyası başqadır. Heç kim o ərazilərdən istədiyi vaxt əllərini, qollarını sallayıb Qarabağa gələ bilməz. Belə hadisələrin qarşısı birmənalı olaraq alınmalıdır.  Bunu da Azərbaycan hərbçisi, Azərbaycan sərhədçisi edəcək.

 

- Ermənilər Qarabağda olmayan status-kvonunun bərpasına cəhdlər edirlər. Qarabağa səfərlərin separatçı rejimin  xəyal etdiyi “xarici işlər nazirliyi”ndən icazə alınnası məsələsi irəli sürülür...

 

- Minsk Qrupu ölü bir quruma çevrilmişdi, indi yenidən “xoda” düşürlər.  Onlar mövcud olduqları və fəaliyyət göstərdikləri bütün müddət ərzində, ancaq bizim ziyanımıza, ermənilərin xeyrinə işləyiblər.  Bu gün də onların fəallaşması ermənilərin xeyrinə nəsə etmək istəyindən yaranır. Təmsil olunduqları dövlətlərin mövqeləri bəllidir.  Azərbaycan, artıq onların “dabbaqda gönünə bələddir” və həmin qüvvələrə bu meydanı verməyəcəyik.

 

- Xocalı aeroportunun indiki ərəfədə hazırlanıb istifadəyə verilməsində maraqlı olan rus sülhməramlıları nəyə nail olmağa çalışırlar?

 

- Bu gün, indiki şəraitdə o aeroportun fəaliyyət göstərməsi ermənilərin  və onlarla həmrəylik göstərən sülhməramlıların istək-arzusudur.  Bir məsələ də var: 2020-ci il sentyabr ayının 27-nə qədər, 28 il ərzində şərtləri erməni tərəfi diqtə edirdi. 44 günlük müharibənin nəticəsinə görə  bu gün şərti və tələbi biz qoyuruq. Məhv və məğlub olmuş tərəf şərtlə çıxış edə bilməz,  onların istək və arzusu birdəfəlik istifadə olunan kağız kimi kənara tullanır.  Xocalı Azərbaycandır! Xocalı aeroportu Azərbaycanın mülküdür. Orada nə olacaq, necə olacaq, bu məsələlərin hamısını Azərbaycan dövləti həll edir və edəcək.  Xocalıda kənar qüvvələrin istəyi ilə heç bir şey olmayacaq.

 

"Diaspora Xocalı soyqırımının ildönümünə hazırlaşır"

 

- Xocalı soyqırımının ildönümü yaxınlaşır. Bu gün Xocalını viran qoyulmuş torpaqlarımızın fonunda tanıtmaq üçün növbəti addımlarımız nə olmalıdır?

 

- Əgər biz desək ki, dünya ölkələri, beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Xocalı soyqırımı haqqında məlumatsızdırlar, böyük səhv etmiş olarıq. Onlar məlumatlıdırlar, hər şeyi də bilirlər. Sadəcə olaraq bu məsələyə münasibətdə, yanaşmada ikili standartlardan əl çəkmirlər.  Hər bir dövlət, qurum, beynəlxalq təşkilat istənilən məsələyə, o cümlədən Xocalı soyqırımına özünün maraqları çərçivəsində, özlərinə sərf edən bucaq altından baxırlar.  Buna baxmayaraq, Ulu Öndərin hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər, indi isə cənab Prezidentimizin rəhbərliyi ilə,  hörmətli Mehriban xanımın, Leyla xanımın rəhbərliyi ilə Xocalı soyqırımı ilə bağlı “Xocalıya Ədalət” və başqa kampaniyalar aparmaqla  tədbirlər keçirilir.   Bir sıra ölkələrin parlamentləri səviyyəsində Xocalı soyqırımını tanıyanlar da var.  ABŞ-ın 10-dan çox ştatı  Xocalı soyqırımını tanıyıb və bu proses davam edir.  Hər il olduğu kimi, bu il də Xocalı soyqırımı ərəfəsində xarici ölkələrdə çoxsaylı tədbirlər keçiriləcəkdir.  İndidən Avropa dövlətində olan diaspora təşkilatlarımız, müxtəlif cəmiyyətlərimiz tərəfindən mənə onlayn tədbirlərdə iştirakla bağlı müraciətlər edilib. Çoxsaylı tədbirlər keçiriləcək. Biz bununla ermənilərin iç üzünü açıb göstərməli, onları ifşa etməli və bununla soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasına nail olmalıyıq.

 

"Bu o demək deyil ki..."

 

-Elman müəllim, qeyd etdiyimiz kimi, geriyə qaydış planı hazırlanır. Hələ ki, evsizlik problemi olan xocalılılar var və  geriyə qayıdışın, ən azı, 5 il çəkəcəyini düşünsək, qaçqınların həyat şəraitinin, ev şəraitinin yaxşılışdırılması üçün hansı addımlar atılır?

 

- Bizim qayıdışımızı Azərbaycan dövləti təmin edəcək, 5 il söhbəti yoxdur. Çox yaxın vaxtlarda ciddi proseslərin şahidi olacağıq.  Sülhməramlılar özlərini yaxşı aparsalar, Azərbaycan qanunlarına qarşı  hörmətsizlik etməsələr, orada 5 il qalacaqlar. Əks-təqdirdə,  Azərbaycan onların vaxtından əvvəl əraziləri tərk etmələrini tələb edəcək. Evindən didərgin olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, onlara evlərin tikilməsi tədricən olacaq.  İndi əvvəlki illərdən  fərqli olaraq, əhalimizin çox hissəsinin mənzil, iş təminatı var. Müəyyən hissə var ki, yataqxanalarda, başqa yerlərdə çox ağır vəziyyətdə yaşayırlar, müəyyən ciddi problemlər var. Hər şey dövlətimizin nəzarətindədir. Torpaqlar azad olunubsa,  bu o demək deyil ki, dövlət qaçqın və köçkünün üzərindən əlini çəkəcək, xeyr. Hər kəs öz doğma torpağına qayıdana qədər burada harada yaşayıbsa, orada dövlətin qayğısı ilə təmin olunacaq. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr