"Səbəbkarları məmurlardır" - MÜSAHİBƏ
Çingiz Qənizadə: "Qəbul olunmuş qanunların icrasına nəzarət edən bir qurum olmalıdır ki..."
Milli Məclisdə yeni mexanizm formalaşdırılır. Qanunların icra mexanizmi ilə bağlı Prezidentin verdiyi tövsiyələr ictimaiyət tərəfindən maraqla qarşılanıb. Aparılan islahatların ölkənin ictimai-siyasi durumunda hansı nəfəsliyə səbəb ola biləcəyi isə birmənalı qarşılanmır. Vəzifəli məmurların öz postlarını buraxmaq istəməməsi, ölkədə hərc-mərclik yaratmaqda maraqlı olmaları ilə bağlı ehtimallar səslənir.
Versus.Az xəbər verir ki, sabiq deputat, hüquqşünas Çingiz Qənizadə müsahibəsində bir çox məqamlara aydınlıq gətirib.
- Çingiz müəllim, Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaraq, yaxın vaxtlarda Milli Məclisin nəzdində Qanunların icrasına nəzarət qrupu yaradılacaq. Necə hesab edirsiniz, bu qrupun hansı əhəmiyyəti olacaq?
"İndi rüşvət və korrupsiyaya qarşı da mübarizə gedir"
- Hər bir addımında olduğu kimi, cənab Prezident bu məsələ ilə bağlı haqlı qərar verib. Mən Milli Məclisin sabiq deputatı kimi qeyd edim ki, qəbul edilən qanunların bir çoxu kağız üzərində qalırdı. Bu günə qədər də belədir. İcra mexanizmi yox idi və qanunlar icra olunmurdu. Adicə bir misal deyim: biz bir çox rayonların şəhər mərkəzinin inzibati ərazisinin artırılması ilə bağlı Milli Məclisdə sənədlərə baxdıq və rayonun şəhər mərkəzinin artırılması üçün şəhərətrafı bəzi kənd torpaqlarının şəhərin ərazisinə verilməsi ilə bağlı Milli Məclisin qərarı oldu. Üstündən 8-9 il keçsə də, bu qanun hələ də icra olunmayıb. Qanunların icrasına nəzarət qrupunun yaradılması ona görə əhəmiyyətlidir ki, insanlar artıq yeni-yeni evlər tikir və şəhərin ərazisi genişlənir. Qanun icra olunmadığına görə, hər şey köhnə qaydada qalıb. Bu cür icrasız qalan onlarca qanun var.
"Qanun mütləq icra olunmalıdır"
- Qanunların icrasız qalmasına səbəb nədir?
- Qanunların icra olunmamasının səbəbkarı məmurlardır. Onlar tərəfindən bir laqeydlik, saymazlıq, mənəm-mənəmlik var idi. Cənab Prezidentin son dövrlərdə apardığı kadr islahatları bu cür özbaşınalığı aradan qaldırıb. İndi rüşvət və korrupsiyaya qarşı mübarizə gedir, daha gənc və savadlı kadrların təyinatı aparılır. Bu özünü doğruldacaq. Qəbul olunmuş qanunların icrasına nəzarət edən bir qurum olmalıdır ki, lazım gələndə qanunverici orqan özü də ora sorğu verməklə bu qanunların niyə icra olunmaması ilə bağlı arayış əldə edə bilsin. İndiki vəziyyətdə kim buna cavabdehlik daşıyır, heç kim tanımır. Ona görə də bəzi qəbul olunmuş qanunlar ilk baxışda o qədər ciddi görünməsə də, onun təhlilinə baş vuranda görürsən ki, mütləq icra olunmaldır. Qanunlar icra olunmadıqda gündəlik həyatımıza, cəmiyyətə öz mənfi təsirini göstərir. Ona görə nəzarət qrupunun yaradılmasını müsbət dəyərləndirirəm və belə hesab edirəm ki, bu, ölkədə gedən bütün islahatların tərkib hissəsidir. İslahatlar tək kadr sahəsində deyil, həm də idarəçilikdə, idarəçiliyin yeni formalarının tətbiqində gedir. Ümid edirəm ki, bu, yaxşılığa doğrudur.
"Azərbaycanda ictimai nəzarət kifayət qədər deyil"
- Belə fikirlər var ki, həbslər korrupsiyanın aradan qaldırılmasında çıxış yolu deyil. O zaman vəzifəyə təyin olunan şəxsə vəzifənin varlanmaq üçün vasitə olmadığını düzgün anlatmaq üçün daha hansı qəti tədbirlər görülməlidir?
- 2011-2012-ci illər idi. Cənab Prezident, artıq ictimai nəzarətin vacibliyini bildirdi və eyni zamanda, rüşvət və korrupsiyaya qarşı mübarizəyə başlandığını qeyd elədi. Əslində, ona qədər də belə bir mübarizə aparılırdı və sonradan da sərt addımlar atılmağa başlandı, amma nə baş verdi? Cənab Prezidentin dediyi fikirlər, atdığı addımlar bəzi adamların vəzifədən kənarlaşdırılması, hansısa həbslər başqalarına dərs oldumu? Xeyr! Elə son 2020-ci ildə beş icra başçısı həbs olundu. Bu günlərdə keçmiş nazirlərdən biri, eləcə də “Baku Steel Company”nin sədri həbs olundu. Hansı ki, 10 illərdir Azərbaycan iqtisadiyyatına, dövlətinə zərər vurmaqla, Azərbaycan sahibkarlarını sıxışdırmaqla məşğul idi. Onlar zorakılıq, qoçuluq etsələr də, qarşısı alınmırdı, çünki arxasında ayrı-ayrı məmurlar dururdu. Bu cür yanaşma tək inzibati metodlarla bitməməli, həm də ictimai nəzarət funksiyası yerinə yetirilməlidir. Azərbaycanda ictimai nəzarət kifayət qədər deyil. Ayrı-ayrı qurumların nəzdində yaradılan ictimai şuraların mexanizmi özünü kifayət qədər doğrultmadı. Ayrı-ayrı məmurlar özlərinə yaxın olan adamların vasitəsilə o nazirliklərdə, icra orqanlarında ictimai şuralar yaratdılar. Onlar da təbii ki, həmin qurumlarda baş verən pozuntular haqqında məlumatlar vermir və verməyəcəklər. Düzdür, millət vəkili Azay Quliyevin təklifi ilə ictimai şuraların yaradılması ilə bağlı qanun qəbul olundu, amma bu yetərlidirmi, işləkdirmi? Xeyr. Cənab Prezident də hər dəfə çıxışında deyir ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarət bu gün kifayət qədər söz sahibi deyil. Onun qaldırdığı məsələləri eşidən yoxdur. Cənab Prezidentin özünün yanında 12 nəfərdən ibarət bir ictimai şura yaradıla bilər. Səhv etmirəmsə, bu, Rusiya təcrübəsində var. İndi bizdə ictimaiyyətlə əlaqədar işləyən müəyyən təşkilatlar - strateji araşdırma təşkilatları yaranıb. Zahid Orucun rəhbərlik etdiyi sosial tədqiqatlarla məşğul olan qurum da var. Bu da ictimaiyyət üçün kifayət qədər açıq deyil. Hesab edirəm ki, ictimai nəzarət funksiyasının öz mexanizminin gücünün, təsirinin artırılmasını düşünmək lazımdır. Həbs olunan köhnə, yaxud yeni kadrlar başqalarına bir dərs olmalıdır. Bəzi adamlar cəzasız qalacaqlarına arxayın olaraq bu yoldan çəkinmirlər. Arxalarında dayanan hansısa gözəgörünməz qüvvə onları qoruyur. Görünən budur ki, cənab Prezident, artıq bu qara əlləri yığışdırmaqla məşğuldur və hamının konstitusiya qarşısında bərabərliyini təmin edir. Eyni zamanda, qanunu pozan adamlara qarşı da bu cür sərt inzibati metodların tətbiqinə razılıq verir. Son həbslər onu göstərir ki, proses davam edəcək və eləməlidir. Kimlər ki, dövlətdən oğurluq ediblər, dövlətin vəsaitini mənimsəyiblər, aydınlaşdırılıb dövlətə qaytarılmalıdır. Dövlətimiz elə bir ərəfədədir ki, Qarabağ torpaqlarını azad etdikdən sonra, bu ərazilərin dirçəldilməsi üçün böyük maliyyə ehtiyatlarına ehtiyac yaranıb. Belə olduğu halda ayrı-ayrı məmurlar 100 milyonları mənimsəyərək çəkilib sakitcə kənarda dura bilməz. Bu, cəmiyyət tərəfindən qəbul olunmayacaq. Ona görə də cənab Prezidentin rüşvət və korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirləri, eyni zamanda inzibati tədbirlər hamısı cəmiyyət tərəfindən müsbət dəyərləndirilir.
İctimai nəzarəti həyata keçirən adamlar ədalətli olmalıdır
- İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov mətbuata çıxaraq, ölkədə ictimai nəzarətin güclü olduğunu deyir...
- İctimai nəzarət haqqında qanuna görə hər bir yerli və ali icra hakimiyyəti orqanlarının nəzdində yerli özünüidarəetmə orqanlarında ictimai şuralar yaradılmalıdır və onların hüquq və vəzifələri bu qanunda göstərilib. Eyni zamanda, bu Şuradan kənarda olan qeyri-hökumət təşkilatları, müxtəlif sektorlarla bağlı yaradılan hüquq müdafiə təşkilatlarının hamısı baş verən hüquq, qanun pozuntularını ictimailəşdirib, lazım gələrsə, cənab Prezidentə, eləcə də digər qurumların rəhbərlərinə məktubla müraciət edə bilər, bu barədə mətbuatda ədalətli və obyektiv fikirlərini çatdıra bilər. Rasim Məmmədov deyirsə ki, ictimai nəzarət güclüdür, o zaman birinci növbədə onun özü barədə mətbuatda gedən yazılara diqqət çəkmək lazımdır. Rasim Məmmədovla bağlı məlumatlar yayılmışdı ki, o beş dəfə həbs olunub. Beş dəfə həbs olunub çıxan adam ictimai nəzarətə necə obyektiv yanaşa bilər. İctimai nəzarəti həyata keçirən adamlar ədalətli olmalıdır, dövlətinə, xalqına biganə olmamalıdır. Baş verən qanunsuzluqlara göz yummamalıdır. Bu gün Azərbaycanda bu funksiyanı həyata keçirən elə hüquq-müdafiə təşkilatları var ki, qanunsuz həbslər, saxlamalar, işdən çıxarılmalarla məşğuldurlar.
"Bu əllər kəsilməlidir"
- Çingiz müəllim, siz də qeyd etdiniz ki, Prezident İlham Əliyevin məmurlarla bağlı sonuncu çıxışı, eləcə də nazir və bəzi yüksək vəzifəli şəxslərin həbsi yuxarıdan isahatların aparılması əhali arasında ciddi reaksiya doğurub. Bir çox siyasilər hesab edir ki, məhz rus sülhməramlıları Qarabağa gələndən sonra “5-ci kolon” aktivləşib. Bəzi məmurların dövlət üçün təhlükə yaratdığı vurğulanır.
- Əvvəla, sülhməramlıların Qarabağa gəlişi, fəaliyyəti ilə bağlı bizi qane etməyən məqamlar var. Biz bununla bağlı mətbuatda öz fikirlərimizi bildirir və deyirik ki, onlar öz səlahiyyətlərindən kənar işlər görürlər.
44 günlük müharibədə, təbiidir ki, Azərbaycan Ordusunun uğuru bəzi adamları narahat edib. Mən tam məsuliyyətimlə deyirəm ki, ayrı-ayrı qurumlar, təşkilatlar, partiyalar var idi ki, onlar bizim bu uğurlu qələbəmizi arzulamırdılar. Hesab edirdilər ki, müəyyən insan tələfatı ilə ölkədə ictimai-siyasi proseslər pozula və hakimiyyətə qarşı əllərində daha böyük əsaslar ola bilər. Cənab Prezidentin uzaqgörən, ağıllı, qətiyyətli siyasi addımları bizə bu qələbəni yaxınlaşdırdı və bu cür adamların deməyə sözü olmadı. Yenə də şəhid ailələrini, qazilərimizi qıcıqlandırmaqla ucuz yollarla bəhanələr axtaranlar var. Bunlar o qədər də təhlükəli deyildir. Dövlətdən, hakimiyyətdən incik düşən və külli miqdarda kapitala malik olan insanlar daha təhlükəlidirlər. Onlar ayrı-ayrı qrupları, ayrı-ayrı şəxsləri maliyyələşdirməklə hansısa çirkin planlarını həyata keçirmək istəyində, arzusunda ola bilərlər. Görünür, belələri var. Mətbuatda və cəmiyyətdə gedən müzakirələrin nə qədər doğru olub-olmamasından asılı olmayaraq, əgər bunun 3-5 faizində həqiqət varsa, bax, bu əllər kəsilməlidir. İndiki həssas dönəmdə ictimai-siyasi sabitlik çox vacibdir. Bizim Qarabağda görüləcək işlərimiz çoxdur. Bizə sabitlik həmişəkindən daha çox lazımdır. Bir məsələni də qeyd edim ki, Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bu vəzifəyə təyinatından sonra, Azərbaycanda ictimai-siyasi təşkilatlarla aparılmış iş effektli oldu. Müharibə dövründə bir partiyanı çıxmaq şərti ilə 50-dək partiya Ali Baş Komandanın ətrafında birləşdi. Bu uğurlu işi davam etdirmək lazımdır.
"Azərbaycanda heç kim dövlət çevrilişi edə bilməz"
- “5-ci kolon”un Azərbaycanda çevriliş etmək niyyətində olduğu barədə səslənən fikirlər, artıq deputatlar səviyyəsində səsləndirilir. Vəziyyət nə dərəcədə ciddidir?
- Bu barədə millət vəkili Vahid Əhmədovun fikirlərini oxumuşam və buna hörmətlə yanaşıram. Mənim fikrim belədir ki, bu gün Azərbaycanda heç kim dövlət çevrilişi edə bilməz. Əvvəla, dövlət, dövlətin güc strukturları, hüquq-mühafizə orqanları və eyni zamanda cənab Prezidentə dəstək verən ölkə əhalisinin böyük əksəriyyəti buna imkan verməz. Bu gün Azərbaycanda hansısa çevriliş etmək xülyasına düşən adamların psixi pozuntusu ola bilər. Bu, real olmayan bir məsələdir. Əhalinin böyük hissəsi cənab Prezidentin ətrafındadır və Azərbaycan dövlətinin ictimai-siyasi sabitliyini qoruyan orqanları dövlətin və Ali Baş Komandanın yanındadır. O baxımdan kimlərsə belə fikirləri ortaya atıb, hətta xəyalından belə keçirirsə, o insanların psixi pozuntusu var. Bu, Azərbaycanda mümkün deyildir.
"Onların dövlətdən narazı düşməsi daha təhlükəlidir"
- Bir az əvvəl müəyyən maliyyə kapitalı olan vəzifədən getmiş narazı məmurları “indiki şəraitdə nəsə hazırlaya bilərlər” deyə, ən təhlükəli məqam kimi qeyd etdiniz. Nəyi nəzərdə tuturdunuz?
Təbii, bu adamların çoxu elə bilirlər ki, ataları onları ona görə dünyaya gətirib ki, həmişə vəzifədə olsunlar, çalıb-çapsınlar. Unudurlar ki, vəzifə də müvəqqətidir, səlahiyyətlər də... Bir misal çəkim: son parlament seçkilərindən sonra Milli Məclisdə 30-40 yer boşaldıldı. O cümlədən dairədə nəticələr ləğv olunduğuna görə, mən də parlamentə düşə bilmədim. Bu parlamentə düşməyən 38 nəfərin içində Çingiz Qənizadədən başqa hansı birini Azərbaycan dövlətinin, xalqının, Prezidentinin yanında olduğunu gördünüz?! Statistik araşdırma aparsalar görəcəklər ki, daim müxtəlif məsələlərlə bağlı telekanallarda çıxışlar etmişəm, amma o 40 nəfərin 38-i ortada yoxdur. Deməli, onlar hesab edirlər ki, vəzifədə varamsa, dövlətin yanında olub çıxışlar edə bilərəm, vəzifədən çıxdımsa, nə işimə qalıb. O cümlədən, nazirlər də, icra başçıları, komitə sədrləri də o cür düşünürlər. Elə vəzifələr var ki, burada rüşvət və korrupsiya ilə məşğul olan 1-ci, 3-cü, 5-ci şəxslər milyonlar yığıblar. Əsassız yerə olsa belə, bunların dövlətdən narazı düşməsi daha təhlükəlidir. Ona görə də hər bir fəaliyyətə hüquqi qiymət verilməsinin tərəfdarıyam. Ölkə ictimaiyyəti də bunu istəyir, cənab Prezident də. Bu cür həbslər ardıcıl olaraq gedəcək və müəyyən adamlar həbs olunacaqlar. /"Həftə İçi"/
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”