Partiyaların dialoq naminə ümumi toplantısı mümkündür?
Azərbaycandakı siyasi partiyalar Vətən müharibəsi dövründə demək olar ki, həmrəylik nümayiş etdirdilər. Müharibə artıq geridə qalıb və ölkədə yeni siyasi mühit yaranıb. Bu şəraitdə bütün partiyaların iştırakı ilə siyasi dialoq naminə ümumi toplantı keçirilə bilərmi?
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, belə bir iclasın keçirilməsi zərurətdir:
“Belə bir iclas niyə də olmasın. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi hazırda da siyasi partiyalarla onlayn konfrans formatında görüşlər keçirir. Təbii ki, pandemiya bitdikdən sonra fiziki olaraq bütün siyasi partiyaların iştirakı ilə bir görüşün keçirilməsi vacibdir, həm də zərurətdir. Çünki belə bir iclaslarda məsələlər qaldırılır, müzakirələr aparılır, siyasi dialoq mühiti yaradılır. Bu tip təmaslara çox isti yanaşırıq. Mən hesab edirəm ki, hazırkı tədbirlər onlayn keçirilibsə, pandemiya qurtarandan sonra siyasi partiyalarla birgə siyasi dialoqlar aparılacaq və görüşlər keçiriləcək”.
Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərlinin sözlərinə görə, ölkədə yeni konstitusiyanın işlənilməsi daha ciddi və pozitiv nəticələr verə bilər:
“Belə bir təşəbbüs olsa və onun gündəliyi ölkədəki siyasi, iqtisadi və ictimai vəziyyətlə əlaqəli açıq müzakirələr tələb edən iclas olsa, təbii ki, ReAl partiyası da bu formada iştirak etməyə hazırdır. Çünki bizim illərdir səsləndirdiyimiz təkliflər, indiki dövrə aid öz fikirlərimiz və bəzi ciddi dəyişikliklərlə bağlı mövqeyimiz də var. Belə bir formada görüşün keçirilməsi əgər doğrudan da gələcəkdə ciddi struktur və institusional islahatlara kömək edəcəksə, təbii ki, görüşmək mümkündür. Amma daha yaxşı olardı ki, ölkədəki ictimai sazişin yenilənməsi üçün bütün siyasi partiyaların iştirakı ilə yeni konstitusiya məsələsi gündəmə gəlsin. Yeni konstitusiyanın işlənilməsi ilə bağlı fikir mübadiləsi və diskusiyalar aparılsın. Bu daha ciddi və pozitiv nəticələr verə bilər”.
Böyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa qeyd edib ki, ümumi iclasın keçirilməsi bir qədər çətin reallaşa bilər:
“Əgər partiyalar eyni blokdadırsa, keçirə bilərlər. Əks halda, birgə iclasın keçirilməsi mümkün deyil”. /modern.az/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”