ABŞ senatorları ədalətin üstündən deyil, altından xətt çəkməlidir

10:04 17-02-2021 | icon 314 | Siyasət
ABŞ senatorları ədalətin üstündən deyil, altından xətt çəkməlidir

Senatorlar Türkiyəni haqsız yerə tənqid ediblər

QƏNİRƏ PAŞAYEVA
/MM-nın Mədəniyyət Komitəsinin sədri/

 

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ABŞ-da Senatın Prezidentinə ünvanladığı məktubla bağlı Bəyanat qəbul edib. Bəlli olduğu kimi, Bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən ABŞ-ın yeni Prezidenti Cosef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib.

 

ABŞ Prezidentinə ünvanlanmış qərəzli məktuba qol çəkən senatorlar Türkiyəni haqsız yerə tənqid edib. Bu tənqid, Türkiyənin beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazisini işğalçı qüvvələrdən təmizləyən Azərbaycana verdiyi mənəvi dəstəklə bağlıdır. Senatorların olduqca qərəzli əsasda yazılan məktubuna Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Bəyanatında tutarlı cavab verilib. Doğrudan da, çox təəccüblüdür ki, sözügedən məktuba imza atan ABŞ senatorlarının böyük qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmayıb.

 

Elə yalnız bu danılmaz faktın özü o məktubun necə hazırlanması, dünya erməniliyinin, ABŞ-dakı erməni diaspor və lobbi güclərinin əsassız iddialarının məhsulu olduğunu sübut edir. Əgər (beynəlxalq səviyyədə qəbul görmüş istilahla ifadə etsək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi o senatorları bu qədər yaxından qayğılandırırdısa, nə əcəb, Ermənistan silahlı qüvvələrinin törətdiyi insanlıqdankənar hərəkətlərə - o hərəkətlərin 30 ilə yaxın davam etməsinə reaksiya verməmişlər?!.

 

Xocalı soyqırımı törədiləndə, ibadətgahlar, muzeylər, mədəniyyət müəssisələri, kitabxanalar, mülki yaşayış məntəqələri dağıdılanda və bu dağıntılarla bağlı Azərbaycan dövləti, vətəndaş cəmiyyəti institutları dünya birliyinə müraciətlər edəndə, məktub yazan senatorlar haradaydı? Özü də ölkələri ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda susub o senatorlar. Ona görə də, onların elə bir məktub yazmağa mənəvi haqları yoxdur. İkincisi, təsəvvür edək ki, hər hansı formada məktub yazma haqları var, o zaman yazdıqları şər-böhtan, yalan, riya olmamalıydı. Yəni hansı tərəfdən baxılırsa baxılsın, ABŞ senatorlarının ölkələrinin Prezidentinə göndərdikləri məktub bədnamdır, qəbuledilməzdir. ABŞ senatorlarının çoxunun, Ermənistanın işğalı nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin salınaraq məcburi köçkünə çevrilməsi barədə mövqeyi, ədalətli yanaşması ortada yoxsa, belə Bəyanatların hansı mənəvi-hüquqi gücü ola bilər? – Bu məktubu imzalayanlar tarix qarşısında, gələcək nəsillər qarşısında məsuliyyət daşıyır və ABŞ demokratiyasını öz əsassız iddialarının kölgəsi altına salmağa cəhd edir. Bu, bir sui-istifadə halıdır. Belə senatorların insan hüquq və azadlıqlarından danışmamalarlı daha yaxşı olardı. Məsuliyyətsiz senatorların ABŞ demokratiyasına, beynəlxalq birliyin inandığı insan hüquq və azadlıqlarına meydan oxumaq, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq niyyətini, planını gizlətmək mümkün deyildir. Özəlliklə, belə bir Bəyanatın Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində verilməsi, o Bəyanatın nə qədər qeyri-inasni, nə qədər qərəzkar və həqiqətləri ört-basdır etməkçün hazırlandığını ifadə etməkdədir.

 

Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Bəyanatında açıq və sərrast ifadə olunduğu kimi, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi, Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq Qətnamələrində (822, 853, 874, 884) öz əksini tapıb və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs verib. Və Azərbaycan Respublikası öz torpaqlarını işğaldan məhz beynəlxalq hüquqa uyğun olaraq azad edib və bununla da ABŞ-ın da səs verdiyi BMT Təhlükəsizlik Şurası Qətnamələrinin icrasını təmin edib. Azərbaycanın BMT və ABŞ-ın özü tərəfindən tanınmış sərhədləri daxilində Ermənistanın silahlı qüvvələri 30 ilə yaxın müddətdə hansı statusla mövcud olub, senatorlar bu suala cavab aramazkən, Azərbaycanın sülhə məcburetmə əməliyyatını istisnasız olaraq öz sərhədləri daxilində apardığını da görməməzliyə vurur. Heç şübhəsiz, ABŞ senatorların Bəyanatı, buna bənzər bəyanat və açıqlamalar Güney Qafqazda sülhə və təhlükəsizliyə deyil, yeni müharibənin alovlanmasına xidmət edir. Üstəlik, Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən qardaş Türkiyənin adının hallandırılması, haqsız tənqid olunması qətiyyən qəbul edilə bilməz və tam bir ədalətsizlikdir. Senatorlar Türkiyənin daxili işlərinə qarışmaq cəhdlərindən çəkinməli, özünün tərəfdar olduğu beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməlidir. Bu ABŞ-ın nüfuzuna xidmət etmiş olardı. Təsəvvür edin: daha bugünlərdə ABŞ Konqresinə girən etirazçılar ən ağır ifadə ilə - “terrorçu” adlandırıldığı halda, 5 il öncə (15.07.2016) qardaş Türkiyədə demokratik yolla seçilmiş qanuni hakimiyyəti zorakı, hərbi çevriliş yolu ilə devirməyə çalışan bir hərəkatı dəstəkləmək heç bir qayda-qanuna, dövlətlərarası münasibətlərin elementar tələblərinə, məntiqə sığmır.

 

ABŞ senatorları öz ölkələrinin NATO müttəfiqi və strateji tərəfdaşı olan qüdrətli Türkiyənin bölgədəki önəmli sülhyaratma, sabitləşdirici və çəkindirici rolunu düzgün qiymətləndirməli, minnətdar olmalıdır. ABŞ senatorları ədalətin üstündən deyil, altından xətt çəkməlidir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr