“Qarabağda tam sülhü bərqərar etmək üçün Azərbaycanın üzərinə ciddi işlər düşür”
Fikrət Sadıqov: “Münhendə Azərbaycan Prezidentinə məğlub olan Ermənistanın baş nazıri son zərbəsini Dəmir Yumruqdan aldı”
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan tarixi görüşdən 1 il ötür. Dağlıq Qarabağ məsələsinin müzakirə edildiyi və tarixə Münhen görüşü kimi düşən həmin debat, hər iki ölkənin və liderlərinin əsl mahiyyətini ortaya qoymaqla, dünyaya erməni işğalçılarının iddia etdikləri Dağlıq Qarabağın hansı dövlətin ərazisi olduğunu, hansı dövlətin işğalçılıq siyasəti yürütdüyünü hansı Prezidentin və yaxud baş nazirinin haqlı olduğunu çılpaqlığı ilə ortaya qoydu. Qeyd edək ki, Münhendə ABŞ-Rusiya Fondunun prezidenti Celeste Wallanderin moderator olduğu görüş vaxtı tərəflər münaqişənin tarixi köklərinə nəzər salıb.
Prezident İlham Əliyev məlum debatda dünya ictimaiyyətinə səslənərək mübahisənin beynəlxalq məhkəməyə çıxarılmasını istisna etməmişdi. Prezident bildirmişdi ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir, buna görə də danışıqlar yolu ilə ərazi bütövlüyümüzü bərpa edə biləcəyimizə ümidləri itirməmişik. Prezident eyni zamanda 1 il əvvəl Münhendə qeyd etmişdi ki, belə bir ümidlər hələ mövcud olduğu üçün məhkəməyə müraciət "yəqin ki, ən yaxşı seçim" deyil. Ancaq Ermənistan tərəfinin yeni yanaşması nəticəsində danışıqlar tamamilə pozulacaqsa, əlbəttə ki, bu fürsət nəzərdən keçirilə bilər.
Öz sözünün üstündə duran uzaqgörən siyasətçi, diplomat Prezident İlham Əliyevin Münhen tribunasından səsləndirdiyi fikirlərin bu gün Azərbaycanın zəfər yürüşü ilə təzahür olunan nəticəsi başqalrının torpağında gözü olan hər bir kəs üçün böyük bir dəsrlik kimi istifadə olunmalıdır və olunur.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün aparıcı qlobal forumlarından biridir. Sayca 56-cı olan bu konfrans öz işinə 14 fevralda başlayıb. Konfransa 500-dən çox siyasət, biznes, elm və vətəndaş cəmiyyətinin liderləri qatılmışdı.
“1 il əvvəl Münhendə başladığımız diplomatik uğur, bu gün Qarabağda tam zəfərlə nəticələnməlidir”
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan tarixi görüşünün nəticələrini şərh edən politoloq Fikrət Sadıqov bu məsələnin təhlilinin əslində geniş bir disertasiya mövzusu olduğunu deyib. Politoloq bildirib ki, dövlət başçımız məlum konfransda Ermənistanın baş naziri Nikol Paşinayanı elə alçaltdı ki, bu şəxs o görüşü nəinki idiyə qədər, bütün ömrü boyu yadda saxlayacaq:
“Nə qədər yaddaşı pis olsa da, düşünürəm ki, bu yaddan silinən məqamlar deyil. Həm peşəkarlıq, həm ingilis dilinin səviyyəsi, həm tarixi aspektlərin gündəmə gətirilməsi baxımından əlbəttə ki, bizim dövlət başçımız qat-qat üstün idi. Bu məsələni tək biz demirik, hətta Ermənistanın bir sıra ekspertləri həmin görüşdən sonra Paşinyanı tənqid atəşinə tutdu. Onu Ermənistanın özündə də birabır elədilər ki, “sən debata çıxan zaman faktiki olaraq uduzan bir fiqura çevrildin və özünü yox Ermənistanı biabır elədin”.
F.Sadıqov hesab edir ki, Ermənistanın bu gün cəbhədə baş verən uğursuzluğunun startı məhz Prezident İlham Əliyevlə vaş tutan debatda qoyuldu. Münhendə Azərbaycan Prezidentinə məğlub olan Ermənistan, baş nazırınin timsalında son zərbəsini Dəmir Yumruqdan aldı:
“Bu reallıqdır və təbii ki, dövlət başçısı açıq şəkildə bəyan elədi ki, Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan bununla heç vaxt barışmayacaq, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək hüququ var və heç bir qüvvə bu yolda bizi dayandıra bilməz. Prezident bu çıxışını heç də bir şüar kimi səsləndirmədi. Konkret tarixi faktlar, beynəlxalq hüquq normaları, prinsiplər əsasında və BMT-də qəbul olunan 4 əsas qətnamənin yerinə yetirilməməsini də yada salaraq beynəlxalq aləmə haqq səsimizi çatdırdı. Dünya ictimaiyyəti hər iki liderin mövqeyini müqayisə elədilər. Prezident Azərbaycanın sülh istədiyini bəyan edərək, Ermənistanı da sülhə dəvət etdi. Bəyan elədi ki, Ermənistan Qarabağda yerləşdirdikləri silahlı quldur dəstələrini çıxartmalıdır. Hətta o zaman Paşinyan Qarabağda erməni hərbçiləri deyil, özünü madafiə dəstələrinin olması ilə bağlı cəfəng bir fikir də işlətmişdi. Təbii ki, Prezident bir il əvvəl Münhendə dediyi sözləri həyata keçirtdi. Biz 30 ildir torpaqlarımızın işğala məruz qalması ilə bağlı məsələni deyirdik. Görünən odur ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq təşkilatlar buna ciddi şəkildə yanaşmadılar. Biz özümüz BMT TŞ-nın qəbul etdikləri qətnamələri icra etdik. Təbii ki, Münhen görüşü Paşinyan hakimiyyətinin siyasi karyerasnda sonunun başlanması idi. Bu debat müəyyən dərəcədə Ermənisatana xəbərdarıq idi. Bu xəbərdarlıqdan dərs götürmədiyinə görə də 44 günlük müharibədə payını aldı”.
Politoloq bildirib ki, Prezidentin də dediyi kimi, bundan sonrakı məqsədimiz işğaldan azad edilən torpaqlarda quruculuq işləri aparmaq, o yerləri dirçəltmək, yaşatmaqdır. Əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət səviyyəli işlərə başlanıldığını deyən F.Sadıqov bildirib ki, indi keçmişə deyil, gələcəyə baxmalıyıq. Əlimizdən gələni etməliyik ki, bu məsələdən də başucalığı ilə çıxaq.
Politoloq Münhen görüşündən başlanan diplomatik uğurun, hərbi meydanda zəfərlə nəticələnməsi ilə yanaşı, hazırda Qarabağın tam şəkildə Azərbaycanın idarəçiliyinə keçməsi üçün daha gərgin diplomatik mübarizənin aparıldığını önə çəkib. F.Sadıqov bildirib ki, bu gün müharizəmiz bitməyib və sülhməramlı qüvvələrin də daxil olduğu Qarabağda tam sülhü bərqərar etmək üçün Azərbaycan dövlətinin üzərinə ciddi işlər düşür:
“Torpaqlarımızı azad etmişiksə, ərazi bütövlüyümüzü bərpa etmişiksə, digər məsələləri də həll edəcəyik. Təbii ki, Qarabağda qalan erməni silahlı dəstələrinin sülhməramlılar tərəfindən tərksilah edilməməsini normal qəbul etmirik. Bu bizi qıcıqlandıran məqamlardır. Amma düşünürəm ki, əgər bu qədər ərazini bərpa etmişiksə, biz qalan ərazilərimizə də nəzarət edəcəyik. Bu istiqamətdə işlər gedir. Rəsmi Yerevan da bəyan edib ki, öz əsgərlərini Qarabağa göndərməyəcək. Bu bizim qələbəmizdir. Biz getdikcə məqsədimizə nail oluruq. Ermənilər başa düşürlər ki, onların Qarabağda torpağı yoxdur və gəlib burda ölmələrinə də gərək yoxdur. Yaxın zamanlarda Şuşaya, Xankəndinə, Xocalıya qayıtmalıyıq və Azərbaycan bu istiqamətdə ciddi addımlar atmalıdır”.
Politoloq bu gün erməni separatçılarının Qarabağda status-kvonu bərpa etmək istəyi ilə bağlı cəfəng fərziyyələr irəli sürməsini və ATƏT-in Minsk Qrupunun canlanması istiqamətdində addımların atılmasını istisan etməyib. O, bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan dövləti, xalqı, öz dəmir yumruğu ilə bu problemlərin də öhtəsindən gələcək:
“Təbii ki, biz Minsk Qrupuna qarşı müharibə elan edə bilmərik. Bu qrupun arada müəyyən bəyanatlar verdiyini müşahidə edirik. O da məlumdur ki, bir qədər əvvəl “Laçın dəhlizi” ilə Qarabağa getmək istəyən fransalı jurnalistlər sülhməramlılar tərəfindən geri qaytarıldılar. Jurnalistlər Fransa səfirliyinə şikayət elədilər. Paşinyana zəng edildi, o da dedi ki, biz artıq gücsüzük və Qarabağa səfərləri gərək Bakı ilə razılaşdırasız. Təbii ki, bunun özü də bizim diplomatiyanın uğururdur. Amma belə hallar hələ olacaq. Hələ ki, Fransanın bizə olan mövqeyi bəllidir. Fransa, Niderland Parlamenti Dağlıq Qarabağı tanıma haqqında qərar qəbul edib. ABŞ-ın bir neçə senatı Azərbaycana qarşı bir neçə ürəkbulandırıcı bəyanatlar səsləndirib. Hələ də bizə qarşı ürəkbulandırıcı rol oynayan qüvvələr var. Lakin biz belə bir böyük qələbəni qazanmışıqsa, digər məsələlərin nəzarətindən çıxmasına icazə verə bilmərik. Biz güclü diplomatik işlərimizi davam etdirməliyik. Cəmiyyət olaraq biz sülhməramlıların da fəaliyətinə nəzarət etməli və yanlışların aradan qaldırılmasına çalışmalıyıq. Bizim əzas vəzifəmiz xoşagəlməz halların qarşısını almaqdır. Düşmənin, onun havadarlarının hər addımına reaksiya verməliyik. Sülhməramlıların fəaliyyətinə də nəzarət etməliyik. Biz bundan sonra özümüzü hücumçu qüvvə kimi göstərməliyik. 1 il əvvəl Münhendə başladığımız diplomatik uğur, bu gün Qarabağda tam zəfərlə nəticələnməlidir”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”