İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

13:34 25-02-2021 | icon 2568 | Şəhidlər və şahidlər
İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Şəhid qanı ilə yoğrulan Vətən torpağı bu gün igid Vətən oğullarının oylağına çevrilib

 

 

 

 

 

SULTAN HÜMBƏTOV

 

Adını eşidib üzünü görmədiyi Laçından uzaqlarda dünyaya göz açmış Nəbizadə Rəşad İsgəndər oğlu 17 mart 2001- ci il tarixdə Azərbaycan Respublikasının Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuşdur. Əslən Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı (Qurdqajı) kəndindəndir.

 

Valideynləri 1992-ci il 18 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun ərazisi işğal edildiyi üçün doğma el-obasından məcburi köçkün düşmüşdür. 2007-ci ildə Tərtər şəhər Rafiq Nuriyev adina 6 sayli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Hələ kiçik yaşlarından idmana böyük marağı olmuşdur. Kikboksinqlə məşğul olur, futbolla maraqlanırdı. Futbola olan marağını təmin etmək üçün o, məşqlərə qatılır. Ən böyük arzusu "Qarabağ" Futbol Klubunun heyətinə qoşulmaq idi. Lakin 6 ay sonra aldığı zədə onun bu arzusunu reallaşdırmağa imkan vermir. 2018-ci ildə həmin məktəbin XI sinfini müvəffəq qiymətlərlə bitirir. Elə həmin il Reklam işi ixtisası üzrə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kollecinə I kursuna qəbul olur.

 

Tələbə adını daşıyan Rəşad Nəbizadə 2019-cu ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan N saylı hərbi hissəsində Vətənə olan borcunu yerinə yetirməyə başlayır. Sonra isə Göygöl rayon ərazisində olan N saylı hərbi hissədə xidmətini davam etdirir. Xidmət etdiyi zamanlarda həyata keçirilən bütün tədbir və təlimlərdə öz bilik və bacarığı ilə bir çoxlarından fərqlənirdi.

 

Hər kəs bilir ki, Vətənin müdafiəsinin təminatçısı sağlam əsgərlərdir. Əsgərlərin sağlamlığı keşiyində isə hərbi həkimlər, hərbi feldşerlər, sanitar təlimatçılar və sanitar atıcılar dayanır. Sanitar təlimatçı kimi xidmətə başlayan Rəşad Nəbizadə təlimlərdə şəxsi heyətin sağlamlığını, sağlam həyat səviyyəsini qorumağın yollarını yaxşıca mənimsəmişdi.

 

 

Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci il səhər saatlarında Birinci Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca əks hücuma keçir. Azərbaycan Ordusunun əsgəri olan Nəbizadə Rəşad da Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. İlk döyüş tapşırıqlarını müvəfəqiyyətlə yerinə yetirir və sınaqdan üzü ağ çıxa bilir. Adi hallardan tam fərqli olaraq müharibə şəraitində hərbi sanitar təlimatçının döyüş bölgəsində yaralılara ilk tibbi yardım göstərməklə yanaşı onları döyüş bölgəsindən təxliyə etməklə öz vəzifə borcunu yerinə yetirməlidir.

 

 

Öz vəzifəsini layiqincə yerinə yetirən Rəşad dəfələrlə adi döyüş qaydalarına əməl etməyən erməni terrorçularının hücumlarına məruz qalmış, hətta döyüş yoldaşları ilə saatlarla döyüş meydanında mühasirədə qalmış, düşmən hücumunu dəf etmişlər. Murovdağ ərazisində yerləşən yüksəkliklərin, əsasəndə Camişdağ və Ömər aşırımı uğrunda aparılan döyüşlərin fəal iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edirdi. Qarşıda duran tapşırıqlar daha da önəmli idi. Belə ki, Birinci Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən birinə şahidlik etmiş, dəniz səviyyəsindən 3261 m hündürlükdə, eləcə də Azərbaycannın Kəlbəcər rayonunu Göy göl rayonu ilə birləşdirən mühüm dağ keçidində, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında inləyən Ömər aşırımında 30 ilə yaxın müddətdə çox böyük strateji əhəmiyyətə malik düşmən postunun alınması tapşırığı verilmişdi. Bu hərbi əməliyyatı yerinə yetirəcək hərbi şəxsiyyət fərdi xüsusiyyətlərinə görə komandanlıq tərəfindən seçilirdi. Vətənini öz canından da çox sevən Rəşad da hərbi əməliyyata yollanan hərbiçilər arasında idi. Beləliklə, düşməndən qisas alınacaq məqam yetişdi. Bir neçə saat çəkən əks-hücum əməliyyatı zamanı əllərindən gələni edərək verilən tapşırığın öhdəsindən layiqincə gəldilər. Ömər aşrımı düşmən tapdağından azad edildi. Rəşad döyüş meydanından 3 erməni zabitini boğaraq öldürən şəhid Cəbrayıl Dövlətzadə və onlarla digər şəhid və yaralıların çıxarılmasına yaxından yardım etdi. Beləliklə, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan bir çox döyüş əməliyyatlarında verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirən Rəşad Nəbizadə öz çevikliyi və qorxmamazlığı ilə döyüş yoldaşları arasında hörmət qazanır.

 

 

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Nəbizadə Rəşad İsgəndər oğlu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

 

Tarixin ən yadda qalan səhifələrini qızıl hərflərlə yazan, əməlləri ilə xalqının qəlbinə nur çiləyən igid qəhrəmanlarımızdan biri olan Rəşad Nəbizadə hal-hazırda Kəlbəcər rayonunun İstisu ərazisində N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirir. Bəli, şəhid qanı ilə yoğrulan Vətən torpağı bu gün igid Vətən oğullarının oylağına çevrilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ